İlham Əliyevin xalqına bayram hədiyyəsi - FOTO

17/03/2019 - 16:32 1 972 0   0  

“Əslində, bu sərəncam həbsdə olan insanlardan çox onların ailə üzvlərinə bir hədiyyədir”.

Bu sözləri “Azvision.az” saytının baş redaktoru, siyasi şərhçi Vüsal Məmmədov deyib.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində 431 nəfərin azadlığa buraxılmasından və cəzasının yüngülləşdirilməsindən danışan baş redaktor bildirib ki, İlham Əliyevin əfv sərəncamı imzalaması artıq bir ənənəyə çevrilib:

“Hər il hansısa bayram münasibətilə prezidentin bu addımı atması xoş adət olub. Bununla prezident əhalinin bayram sevincinə qatılır. Yəni göstərir ki, yüzlərlə ailənin bayram sevincinə şərik olur, yüzlərlə insanın öz ailəsi ilə bir yerdə bayramı qeyd etməsinə vəsilə olur. Prezident göstərir ki, insan bir cinayət törətsə belə, onu cəmiyyətdən silib atmamalıyıq. İnsanlardan təcrid etməməliyik. Qanunla o insanların hüquqları məhdudlaşdırılmalıdır, lakin ona da bir şans verilməlidir ki, öz səhvini düzəldə bilsin. Bu sərəncama təkcə əfv kimi baxmaq lazım deyil. Bu, bir siyasətdir. Azərbaycanda azadlığı məhdudlaşdırmaq cəzası bir çox əməllərdən götürülüb. Bunun əvəzində ev dustaqlığı kimi başqa cəza metodları tətbiq olundu. Niyə? Məqsəd odur ki, insanlar həbsxanalarda yaşamasın. Doğrudur, həbsxanalar əsrlərdir ki, islah vasitəsi hesab edilir. Amma təcrübə onu da göstərir ki, həbs insanı islah etməkdən çox və ya yaxud islah etməklə yanaşı, həm də bir qədər cəmiyyətdən dəd daha qopmasına, insani hisslərinin kobudlaşmasına gətirib çıxarır. Sonra həmin insanların cəmiyyətə inteqrasiyası çətinləşir. Mən prezidentin bu sərəncamına həm də bu istiqamətdən diqqət çəkmək istərdim. Məqsəd də odur ki, insanları həbs etməməklə islah etmək lazımdır. Onların səhvlərini başa düşməkdə kömək olaq və həmin insanlar yenidən cəmiyyətə qaynayıb-qarışsınlar”.

Tanınmış jurnalist həbsdə olan bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi qeyd etdiyi məhbusların sərəncamdan yararlanmasına da toxunub:

“Sərəncam çərçivəsində bir neçə hüquq müdafiəçilərinin təqdim etdiyi siyahılarda olan şəxslər də yer aldı. Həmin siyahılarda olan şəxslərin sayı sərəncamla yarıbayarı azaldı. Mənə elə gəlir ki, bu da Azərbaycanda son aylarda baş verən prosesin tərkib hissəsidir. Prezident göstərir ki, biz onları siyasi məhbus hesab etmirik. Lakin bir halda ki, o adamların adı hüquq müdafiəçilərinin siyahısında var, qoy olsun. Dövlət onlara doğru da addım atır. Onların da istrəklərini nəzərə alır. Bir halda ki, cəmiyyətin müxtəlif qisimlərinin hamısının istəkləri nəzərə alınır, onların da arzularına diqqət yetirilir”.