İLHAM ƏLİYEVİN “F-16” TƏHDİDİ! - Nigar Ogeday: “Azərbaycan prezidenti İrana da “həddini bil, özünü yığışdır” mesajını verdi”

26/10/2020 - 19:50 3 250 0   0  

Son günlər İran öz ordusunu sərhədimizə yığmaqla bizə mesaj vermiş oldu. Bu gün isə prezident İlham Əliyev xalqa müraciətində sanki rəsmi Tehrana və ölkəmizə qarşı olan digər güclərə cavab olaraq, xalqa müraciətində Türkiyənin Azərbaycandakı “F-16” qırıcılarından bəhs etdi:

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır? “Gedin baxın da, F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”.

Prezidentin bu mesajı ilə bağlı hazırda Türkiyədə yaşayan, azərbaycanlı jurnalist Nigar Ögedayın fikrini öyrəndik: “2001-ci ildə də eyni hal yaşanmışdı. Sərhədimizi pozurdular. O zaman Türkiyə hökumətinin baş qərargah rəisi Kıvrıkoğlu qırıcı təyyarələri – Türk Şahinlərini Azərbaycana gətirdi. Azadlıq meydanında 10 milyon insanın gözü qarşısında türk şahinlərinin nümayişkaranə uçuşu baş tutdu. İran həddini bildi.

Əslində prezident bu günki çıxışında da F-16 ilə bağlı mesaj verərkən, yalnız ermənilərə deyil, eyni zamanda bizim sərhədimizdə “öz aləmində əzələ nümayişi” göstərmək istəyən İrana da “həddini bil, özünü yığışdır” mesajını verdi və “kənardan müdaxilə olarsa, həmin an vuracağıq”, - dedi.

Onu da unutmayaq ki, İranın Azərbaycana hər hansı bir müdaxiləsi və o qırıcılardan birini vurması NATO təyyarəsini vurmaq sayılacaq. İran rəhbərliyi unutmamalıdır ki, Türkiyə NATO-nun ən güclü ordusudur. Nə olursa-olsun bu həqiqət dəyişməzdir. NATO da İrana qarşı Türkiyənin yanında duracaq. İran bunu bilir, bu səbəbdən də “hürər, amma dişləməyə cürət etməz”.

Rusiya da, İran da nə qədər “tərəfsiz” görünsələr də, əmin olun ki, ABŞ, Fransadan daha təhlükəlidirlər. Fransa mövqeyini açıqca ortaya qoyduğu vaxtda, bu ölkələr gizli, xain siyasət yürüdürlər. Zəif tərəfimizi və hər hansı səhvimizi tutduqları ilk anda hücum edəcəklərinə şübhə etmirəm. Amma nə qədər ki, güclüyük sadəcə dişlərini göstərəcəklər”.

Ülviyyə ŞÜKÜROVA