İlham Əliyev Paşinyana mesaj göndərdi:“Format dəyişdirilə bilməz!”

07/03/2019 - 21:59 4 345 0   0  

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz".

Belə bəyanatla prezident İlham Əliyev bu gün martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə çıxış edib.

Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb.

Dövlət başçısı Ermənistan tərəfindən verilən ziddiyyətli rəsmi açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd edib.

Xəbər verildiyinə görə  Azərbaycan prezidentinin bu bəyanatından az əvvəl erməni KİV-ləri baş nazir Nikol Paşinyanın açıqlamasını yayıb. Paşinyan deyib ki, onun İlham Əliyevlə qarşıdakı görüşünün gündəmində o cümlədən danışıqların formatının dəyişdirilməsi, yəni Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi dayanacaq.

O deyib ki, indiyə qədər Azərbaycan prezidenti ilə ünsiyyəti qeyri-formal xarakter daşıyırdı. "Biz mahiyyətcə Qarabağ məsələsinin nizamlanmasının yolları və incəlikləri barədə ümumiyyətlə danışmamışıq, bu məsələni müzakirə etməyə təzə başlamaq istəyirik”-Paşinyan deyib.

Beləliklə, Azərbaycan prezidentinin bəyanatı Paşinyanın danışıqların formatının dəyişdirilməsinə yönəlmiş cəhdlərinin mənasız olduğunu bəribaşdan, onların görüşü baş tutmadan təsdiq edir. Belə olan halda görüşün özünün mənası qalmırdı...