İki uşaq atası olan kürəkən qayınatasını mişarla doğradı – Oğuzda dəhşətli hadisə

28/11/2018 - 17:24 628 0   0  

Oğuz rayonunda qayınatasını öldürməyə cəhd etməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Səfa Fətəliyevin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səfa Fətəliyev 1 aprel 2018-ci ildə saat 13.30-da Oğuz rayonunun Xaçmaz kəndində qayınatası Tərlan İmanovla mübahisə edib.
Tərlan İmanov kürəkəninə hücum edərək ağac parçası ilə vurmaq istəyib.
Səfa Fətəliyev isə qayınatasını qorxutmaq məqsədilə motorlu mişarı ona tərəf uzadıb.
Tərlan İmanov döş qəfəsindən xəsarət alıb.
Vaxtında xəstəxanaya yerləşdirildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, hər iki şəxs içki aludəçisi olub. Hadisə baş verən günü qayınata və kürəkən həyətdə iş görüblər. İş zamanı mübahisə ediblər.
Günorta naharı zamanı içki içən qayınata və kürəkən yenidən mübahisə mövzusuna qayıdıblar. Mübahisə qanlı olayın baş verməsi ilə nəticələnib.
Səfa Fətəliyev Xaçmaz kəndinin sakini deyil. O, Oğuz rayonunun Padar kəndində anadan olub. Atası və anası boşanandan sonra evi tərk edən Səfa Fətəliyev Xaçmaz kəndinə gəlib.
Burada məskunlaşaraq Tərlan İmanovun qızı ilə ailə qurub, onun evində yaşamağa başlayıb.
İstintaq orqanı tərəfindən Səfa Fətəliyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfa Fətəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan iki uşaq atası Səfa Fətəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.
Səfa Fətəliyevin şikayət araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiya Səfa Fətəliyevin şikayətini təmin etməyib.