​İCRA BAŞÇISININ QARDAŞI HAQDA ŞOK KORRUPSİYA İTTİHAMLARI – “Əhalidən yığılan su pulları su kimi Müşfiq Məmmədovun cibinə axır…” / VİDEO

30/11/2022 - 12:28 445 0   0  

Ucar rayonu, Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu tərəfindən Suveren.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdirindən şikayət edən B.Əhmədovun məktubunu olduğu kimi dərc edirik:

“Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun korrupsiya əməllərinə görə, biz kəndlilər əziyyət çəkirik, əkinlərimiz yararsız hala düşür.

Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm. Hər il orada taxıl əkirəm.

Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub, əkindən sonra su ilə təmin olunub-olmayacağımı soruşdum. Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur, get arxayın əkin işlərini apar.

Mən ona inanıb, 3000 manatdan çox pul xərcləyib, 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim. Suvarma vaxtı gələndə Müşfiq Məmmədovun istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalıdır. Buna görə sənədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdim. Lakin o, müqavilə bağlamaqdan qanunsuz olaraq imtina etdi. Səbəb kimi onu göstərdi ki, həmin əraziyə su getmir, ona görə müqavilə bağlaya bilmərik.

Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir. Çünki qonşu torpaq sahələrinə su bol-bol verilir. Hətta mən buna dair video-çəkliş də etmişəm.

Ucar rayon Suvarma Sistemləri İdarəsinin Yuxarı Şilyan kəndində olan Xeybər adlı əməkdaşı suvarma arxının qarşısını bəndləyib, əlbəəl pul verənlərin torpaq sahələrinə su verir. Mən 1 ay 18 gündür torpağımı əkmişəm, hələ mənə su verilməyib, ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.

Qeyd edim ki, müqavilə əsasında suya görə verilən pul dövlət büdcəsinə keçirilir, ancaq əlbəəl verilən pul Müşfiq Məmmədovun cibinə “su kimi” axır.

Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsam da, heç bir tədbir görə bilməyiblər.

Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir. Həftənin 6 gününü Bakıdakı evində olur, bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir.

09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirməsi xəbərinə Ucar sakinləri çox sevindilər. Mən də həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanuni tədbirlər görəcək.

Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğlu da həmin avtobusda olub, ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb.

Adı işdə, özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, hər ay müdir Müfiq Məmmədova haqq verirlər. Hətta staj xatirinə adı işdə, maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilər də çoxdur”.

Suveren.az