İcra başçısının adamının məhkəməsi: "Torpağı satdığım şəxs ölüb"

26/12/2018 - 11:41 1 672 0   1  

Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkmiş Rean Balatova ifadə verib.

Zərərçəkmiş deyib ki, Ağaqədir Osmanovdan şikayətçi deyil.

R.Balatova söyləyib ki, özünə məxsus torpaq sahəsini rayonda torpaq alveri ilə məşğul olan şəxsə satıb. O, uzun illər keçdiyi üçün hadisəni tam olaraq xatırlamadığını söyləyib.

"Torpağın bir hissəsini satıb pulunu da almışdım. Bir müddət sonra qalan hissəsini 1300 dollara satmaq istədim. Mənim pulum tam ödənilib. Şikayət və tələbim yoxdur. Elə torpağı da həmin şəxsə satmışdım"- deyən R.Balatova qeyd edib ki, həmin torpaq alverçisi dünyasını dəyişib.

Məhkəmə iclası yanvarın 7-də davam etdiriləcək.

Ağaqədir Osmanov həbs edilən zaman Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əvvəl isə rayonun daha bir neçə qəsəbəsində icra nümayəndəsi işləyib.

Bildirək ki, Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

İş üzrə 4 nəfər zərərçəkmiş var. A.Osmanov vətəndaşlara torpaq satacağı adı ilə onlara qarşı dələduzluq edib.