Hər il 2 milyon insan bu xəstəlikdən ölür

14/11/2018 - 19:29 2 935 0   0  

Bu gün Heydər Əliyev Fondunun dəstəyi və Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib.

Suveren.az xəbər verir ki, tədbirin əsas məqsəd ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etməkdir.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov fond tərəfindən Azərbaycan diabet xəstələrinə dəstək istiqamətində görülən tədbirlərdən danışıb:

“Ulu öndər Heydər Əliyev adını daşıyan Fond hər zaman səhiyyə müəssisələrinin tikintisi, xəstəliklərin müalicəsi istiqamətində tədbirlər həyata keçirir. Bu məsələlər Fondun Prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.Fond hər zaman əhali arasında sağlam həyat tərzini təbliğ edir. Heydər Əliyev Fonunun birbaşa dəstəyi ilə 40 zabit və əsgərə protez qoyulub, yüzlərlə müxtəlif xəstəlikdən əziyyət çəkən uşağa yardım göstərilib. Şəkərli diabetdən əziyyət çəkənlərə pulsuz müalicə imkanı yaradılıb”.

Danimarkanın region üzrə səfiri Svend Olling ölkəsinin bu sahədə həyata keçirdiyi layihələrdən danışıb. Səfir bildirib ki, bu gün dünyanın 160 ölkəsində şəkərli diabetlə mübarizəyə qarşı tədbir keçirilir:

“Bu gün dünyada hər 11 nəfərdən biri diabet xəstəsidir. Bunlardan yarısının xəstəliyindən xəbəri yoxdur. Təəssüf ki, onların az bir qismi müalicə alır. Hər il dünyada 2 milyon insan şəkərli diabetdən ölür. Onların 1/3-ü şəhərlərdə yaşayır. Buna görə də dünyada son illər xəstəliklə mübarizəyə daha çox diqqət ayrılır. Azərbaycan höküməti və Heydər Əliyev Fondunun bu məsələdə çağırışlara səs verməsi müsbət haldır”.

Səfir vurğulayıb ki, bu gün dünyada diabetlə mübarizəyə qarşı ciddi addımlar atılır. Qlobal səhiyyə xərclərini 12 faizi diabetlə müalicəyə sərf edilir.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, dünyada xəstəliklərdən ölüm səbəblərinə görə diabet üçüncü yerdədir:

“İlk yerdə ürək-damar xəstəlikləri və xərçəng durur. Rəsmi rəqəmlərə görə 20-25 il ərzində 30 milyon şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Rəsmi rəqəmlərə görə hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 200 milyon, qeyri-rəsmi rəqəmlərə görə 400 milyondur. 2045-ci ildə bu rəqəmin 620 630 milyona çatacağı gözlənilir. Heç bir xəstəlikdə bu cür sürətli artım yoxdur. Azərbaycanda 2017-ci ildə 243200 şəkərli diabet xəstəsi qeydə alınıb, onların 53 mini insulindən asılıdır, 37 mini həm insulin, həm də həb qəbul edir, 153 mini yalnız həb qəbul edir. Bu ilin 8 ayında 20 min şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Hər il bu xəstəliyə görə ilkin qeydiyyata alınanların sayı 20-25 min artır. 1600-dən uşaq insulindən asılıdır. Onların müalicəsinə Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğı göstərilir”.

Nazir müavini şəkərli diabetdən müalicə üsullarına da dəyişiklik edilməsini təklif edib:

“Bu gün ölkədə şəkərli diabet xəstələrinə vurulan insulin 40 təsir vahidlidir, dünyada bunu 80 vahidə qaldırıblar. Ölkəmizdə bəzən həkimlər ehtiyac olanda daha yüksək vahid vururlar, biz də buna mane olmuruq”.

Nazir müavini bildirib ki, gələn il şəkərli diabet xəstələrinin müalicəsi üçün 8 milyon manat vəsait ayrılıb.

Millət vəkili Musa Quliyev şəkərli diabet xəstələrinə dövlət qayğısından danışıb:

“Bu günlərdə Milli Məclisdə gələn ilin dövlət büdcəsi layihəsi müzakirə edilir. Bu il səhiyyə xərcləri ilk dəfə bu qədər yüksək müəyyən edilib. Dövlət proqramlarına ayrılan vəsaitin böyük bir hissəsi məhz şəkərli diabet xəstələrinin müalicəsi üçün nəzərdə tutulub”.

Tədbirdə İtaliya, Danimarka, İran və digər ölkələrdən qonaqlar iştirak ediblər.

Xatırladaq ki, Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq Dünya şəkərli diabetlə mübarizə kampaniyasına qoşulub. Fond ictimaiyyətin diqqətini şəkərli diabetə yönəltmək və onun qarşısını almaq səylərinin artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Xüsusilə də şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına dəstək göstərilir.

"Novo Nordisk" şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən, dünya üzrə tanınan və bir əsrə yaxın tarixi olan şirkətdir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara dəstək göstərir. Dərman istehsalında qabaqcıl şirkətlərdən olan "Novo Nordisk" eyni zamanda şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da töhfə verir.