Həmyerlisini doğrayan erməni azadlığa buraxılır – İrəvanda etiraz aksiyası

14/01/2019 - 16:23 1 966 0   0  

Bıçaqlandıqdan sonra hissələrə parçalanaraq zibilxanaya atılan erməninin qohumları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. “AzPolitika.info”xəbər verir ki, hələ 23 il bundan əvvəl baş verən və böyük rezonansa səbəb olan qətl hadisəsini törədən Mqer Enokyanın azadlığa buraxılması gözlənilir.

Aksiyaya mərhum İosif Ağacanovun ailəsilə yanaşı sıravi vətəndaşlar da qoşulub. Məsələ ondadır ki, azad ediləcəyi gözlənilən qatil öz arvadının indiki hökumətdə vəzifə almasından istifadə edir. Belə ki, onun həbsxanada olmasına baxmayaraq, evləndiyi Zauri Meclumyan Dövlət Nəzarət Xidməti rəisinin mətbuat katibidir. Aksiya iştirakçıları iddia edirlər ki, Z.Meclumyan vəzifəsindən istifadə edərək, ərini həbsxanadan azad etdirir.

Erməni mətbuatı yazır ki, gənc İ.Ağacanovu vəhşicəsinə qətlə yetirərək doğrayan Enokyanın o vaxt 20 yaşı olub. Məhkəmə əvvəlcə ona ölüm hökmü çıxarsa da, sonradan qərar ömürlük həbslə əvəz edilib. Aksiya iştirakçılarına qoşulan hüquq müdafiəçiləri də qatilin azadlığa buraxılmasına etiraz edərək, belə “canavarın” azadlıqda gəzməsinin yolverilməz olduğunu bildiriblər.

Maraqlıdır ki, Ermənistanın Ədliyyə Nazirliyi məsələyə şərh verməkdən boyun qaçırır. Bu da narazı aksiya iştirakçılarında doğrudan da qatilin arvadının hesabına azadlığa buraxılacağına dair əminlik yaradır.