Həbsdə olan rəisin cinayət işi - oğurladığı pulları gecə ilə kreditlərinə ödəyib, şirkətə də məktub yazıb

25/01/2019 - 13:26 7 138 0   0  

İşlədiyi şirkətdən 450 min manat oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Onun oğurluğu kredit borclarını qaytarmaq üçün etdiyi məlum olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Rauf Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Rauf Nəbiyev "Sumqayıt Texnologiyalar Parkı” ASC-nin ofisindən 450000 manat oğurlayıb. Rauf Nəbiyev həmin ASC-nin təhlükəsizlik departamentinin mütəxəssisi işləyib. Rauf Nəbiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Oğurluq etdiyini təsdiqləyən R.Nəbiyev sadəcə məbləğlə razılaşmadığını deyib.
O, oğulurğu ehtiyacı olduğu üçün etdiyini, əldə keçirdiyi pulu ilə də borclarını ödədiyini söyləyib: "Mənə 20 min lazım idi. Həmin gün də pulun çox olduğunu gördüm. Bazar günü olduğundan işdə heç kim yox idi. Sadəcə iki nəfər işçi, yəni mühafizə əməkdaşı var idi. Hər yerdə də kameralar işləyirdi. Bizim işimiz təhlükəsizliyə, kameralara nəzarət etmək idi. Otaqların qapısı açıq idi. Girib seyfdən pulu götürdüm. Gördüm ki, məbləğ 20 mindən çoxdur. Məcbur qalıb hamısını götürdüm. Çünki saxlasaydım qalan məbləğ mənim üstümdə qala bilərdi. Amma qalanını qaytarmaq niyyəti ilə götürdüm".
R.Nəbiyev söyləyib ki, pulu götürən zaman ofisə məktub da qoyub: "Məktubda yazdım ki, ehtiyacım olduğu üçün götürmüşəm, hissə-hissə də qaytaracam. Pulu götürəndən 30 dəqiqə sonra oradan çıxdım. Mən bilirdim ki, məni tapacaqlar. Çünki kameralar hər şeyi çəkirdi. Amma mənim həmin görüntüləri silmək, kameraları bağlamaq imkanım var idi".
İfadəsinin davamında R.Nəbiyev söyləyib ki, elə həmin gecə borclarını qaytarıb: "Bir nəfərə 12 min manat borcum var idi. Bir neçə bankda kreditlərim və ayrı-ayrı şəxslərə də əl borcum var idi. Hamısını ödədim. Qalan pul da evdə idi. Öz rəisimə zəng edib pulu qaytarmaq istədiyimi dedim. Məndən harada olduğumu soruşdu. Mən də yerimi dedim. Rəisim və iş yoldaşlarım gəldi. Pulu verəndə gördüm ki, polislər də onlarla gəlib. Orada saxlanılıb polis idarəsinə aparıldım".
Sualları cavablandıran R.Nəbiyev qeyd edib ki, ehtiyacı olsa da işlədiyi müəssisədən borc istəməyib. Məhkəmədə ASC-nin nümayəndəsi də iştirak edib. Nümayəndə bildirib ki, pulun 427 min 250 manatı qaytarılıb. Nümayəndə 22 min 750 manatlıq mülki iddianı müdafiə etdiyini söyləyib.
R.Nəbiyevin vəkili söyləyib ki, qeyd edilən mülki iddia ilə razıdırlar və həmin məbləğin ödənilməsi üçün çalışırlar. Vəkil qeyd edib ki, Rauf Nəbiyev əldə etdiyi puldan 400 manat da həyat yoldaşını verib: "Həmin vaxt onun yoldaşı hamilə idi. Ancaq Rauf Nəbiyev həbs edildikdən sonra xanımı həmin pulu da geri qaytardı".
Təqsirləndirilən Rauf Nəbiyevin vəkili şirkət nümayəndəsindən pulu ödəmək üçün güzəşt etmələrini xahiş edib: "Bu günə qədər şirkət rəhbərliyi çox yumşaq davrandı, güzəşt etdi. İndi də xahiş edirik ki, imkan varsa, bu məbləği hissə-hissə ödəməyə şərait yaratsınlar".
ASC nümayəndəsi indiki mərhələdə bu haqda heç nə deyə bilməyəcəyini söyləyib.
R.Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.