Hacıyevanın özü və pulları Bakıya gətirilə bilər?

07/11/2018 - 10:27 1 873 0   0  

Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyasının qarşısı alınıb. Onun Londondakı vəkilləri bununla bağlı məhkəmə qərarına nail olublar.

Bu sözləri Axar.az-a hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev korrupsiya ittihamı ilə həbs edilən Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin ölkədən çıxardığı çirkli pullarla Londonda lüks həyat sürən həyat yoldaşı Zamirə Hacıyeva haqda danışarkən bildirib.
F.Mehdiyev bildirib ki, beynəlxalq hüquqa görə, həmin pullar Azərbaycana qaytarıla bilər:
“Çirkli pulların yuyulması haqqında Avropa Konvensiyası var. Avropa Konvensiyası da beynəlxalq hüququn bir hissəsidir. Bu konvensiyaya görə, çirkli pul varsa, dövlət öz sərhədləri daxilində onun leqallaşmasının qarşısını almalıdır. Zamirə Hacıyevanın da ölkədən çıxardığı pullar Azərbaycana qaytarıla bilər. Ancaq bunun qaytarılması üçün gərək Azərbaycan hökuməti müraciət etməlidir. Bu, diplomatik kanallar, prokurorluğun əlində olan sübutlar, Cahangir Hacıyev haqqında məhkəmənin qərarı, ittiham hökmündəki məqamlar və s. kimi sənədlər xarici dilə tərcümə edilərək rəsmiləşdirilməli və İngiltərədə istintaqı aparan orqana verilməlidir.
Azərbaycan Beynəlxalq Bankı mülkiyyəti millətə aid olan bir səhmdar bank olduğu üçün Azərbaycan dövləti zərərçəkmiş qismində tanınmalıdır. Belə olarsa, mənbəyi müəyyən edilməyən pul vəsaitləri, Hacıyevanın orada olan mülkləri müsadirə olunaraq açıq hərracda satılmalı və əldə olunan vəsait Azərbaycan dövlətinə qaytarılmalıdır. Bu mexanizim var və işləyəcək də. Ancaq Azərbaycan hüquq-mühafizə orqanları ciddi fəaliyyət göstərməsə, bu prosesi peşəkar vəkillər qarşı tərəfin sübut təqdim etməməsi səbəbi ilə uda bilər və o pulları, əmlakı müsadirədən qoruma fürsəti qazanarlar”.
F.Mehdiyev bildirib ki, Z.Hacıyevanın bura gətirilməsi bir qədər çətindir, ancaq mümkündür:
“Zamirə Hacıyevanın Bakıya ekstradisiyasına gəlincə, hesab edirəm ki, məhkəmə qərarı olduğu üçün Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası hələlik mümkün deyil. Ancaq Hacıyevanın əmlakı müsadirə olunsa (bu haqda yeni xəbərlər də dolaşır), bu, yeni fakt kimi qiymətləndirilə və onun Azərbaycana ekstradisiya məsələsinə yenidən baxılması üçün müraciət imkanı yarana bilər. Yəni bu proseslə hüquq-mühafizə orqanları beynəlxalq hüquq üzrə peşəkar kadrlarla birgə, sistemli iş qurmalıdır”.
Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dünən Londonda həbs edildiyi haqda BBC məlumat yayıb.