Gürcüstanda “məxməri inqilab” təhlükəsi - TƏHLİL

30/11/2018 - 10:43 2 707 0   0  

Gürcüstanın birləşmiş müxalifəti bazar günü Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək. Bunu prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi kimi seçkilərdə iştirak etmiş Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Qriqol Vaşadze bəyan edib. Q. Vaşadze mitinqin hakimiyyətin cəmiyyətin səsini eşitməsi üçün əsas yollardan biri olduğunu qeyd edib. Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənən Salome Zurabişvilinin seçkilərdə qələbəsini qəbul etməyən Q. Vaşadze deyib ki, Gürcüstanın prezidenti yoxdur, noyabrın 28-də "seçkilər keçirilməyib”. O, seçkilərin legitimliyini tanımır və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. 

Bəs müxalifətin bu qərarı proseslərin gələcək inkişafına necə təsir edə bilər? 
Politoloq Qabil Hüseynli BakuPost-a açıqlamasında deyib ki, Gürcüstanda prezident seçkiləri beynəlxalq standartlardan çox uzaq bir şəraitdə keçirilib, seçki normaları tamamilə pozulub. 
Hətta iş o yerə çatıb ki, Gürcüstanın səlahiyyəti müddəti başa çatacaq hazırkı prezidenti Giorgi Marqeraşvili də bir daha ölkədə belə seçkilərin olmamasının zəruriliyi barədə bəyanatla çıxış edib. Politoloqun sözlərinə, seçki kampaniyası dövründə 600 min nəfərin banklara borcunun silinəcəyi barədə Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanaşvilinin üzərinə öhdəlik götürməsi, hətta insanlarla müqavilə imzalaması bunu təsdiq edən faktlardan biridir:
"Seçki məntəqələrindən birləşmiş müxalifətin müşahidəçilərinin, seçki komissiyasının üzvlərinin müxtəlif təxribatlara çəkilib oradan qovulması da qeyd edilməlidir. Deputat Azər Süleymanovun Qardabani rayonunun Təklə kəndindən səslərlə bağlı ifadəsi var. Deputatın da ifadəsi sanballı sübut ola bilər. Seçkilərdə çox ciddi pozuntular nəticəsində Salome Zurabişvili prezident kürsüsünə əyləşdirilə biləcək. Amma müxalifət səslərini qoruyacağını əvvəlcədən vəd etmişdi”.
Q. Hüseynli bazar günü keçiriləcək mitinqin hakimiyyətə xəbərdarlıq xarakteri daşıyacağını söyləyib: "İnanmıram ki, bu mitinq cığırından çıxsın və ölkədə qarışıqlığa aparıb çıxarsın. Hələ ki, hakimiyyətə ultimatumlar irəli sürülməsi, seçkilərdə hansı pozuntulara yol verilməsi ilə bağlı əhalinin maarifləndirilməsi, dünyaya mesaj verilməsi istiqamətində çıxışlar və təkliflər olacaq. Amma bir məqamı da xüsusi qeyd etmək lazımdır.
Birinci mitinq aksiyaların kütləviliyini yoxlamaq məqsədi daşıyacaq, proses mitinqlərin inkişaf tendensiyasından asılı olacaq. Əgər mitinqlər yüksələn xətt üzrə gedəcəksə, həqiqətən kütləviliyi artacaqsa və əhali səslərini qorumağa hazır olduğunu nümayiş etdirəcəksə, o halda mitinqlər qarşıdurmaya və məxməri xarakterli inqilablar kimi inkişaf etməyə başlaya biər. Düzdür, bunu proqnozlaşdırmaq çox çətindir. İndi artıq Gürcüstanda da asayiş keşikçiləri kifayət qədər möhkəmlənib. Eyni zamanda onların maaşları yüksəkdir. Bidzina İvanaşvili bundan sonra asayiş keşikçilərin maaşlarının artırılacağı barədə daha ciddi vədlər verəcək. Bu da onların aksiyaçılarla rəftarında özünü göstərəcək. Yəni müxalifət üçün kifayət qədər çətin, eyni zamanda tarixi bir dövr başlayır. Bu, qoyulan problemlərin mitinqlərdə hansı şəkildə çatdırılmasından və bütövlükdə əhalinin ölkədə hansısa dəyişikliklər istəyib-istəməməsi ilə bağlı olacaq. Ancaq mən gələcək üçün proqnozlar verməkdə hələ ki, pessimistəm. Çünki Mixail Saakaşvili ölkəyə qayıtsaydı, mitinqlərə başçılıq edə bilərdi. Burada cəsarətli bir adamın missiyanı öz üzərinə göttiürməsi tələb olunur ki, əhali də hərəkətə gələ bilsin”.
Politoloq bütün gələcək proqnozların bazar günü mitinqin necə keçiriləcəyindən, aksiyada hansı sayda insanın iştirak edəcəyindən asılı olacağını vurğulayıb: "Əgər birinci mitinq uğurlu alınsa, o halda hadisələrin inkişaf meylləri ilə bağlı fikirlər söyləmək mümkün olacaq”.