Güney mövzusu gündəmdən niyə çıxıb? - TƏHLİL

22/01/2019 - 09:31 11 269 0   0  

Azərbaycanda Güney hərəkatı mövzusu gündəmdən çıxıb. Cənubi Azərbaycanın müstəqilliyi və milli azadlıq hərəkatı ilə bağlı əvvəlki hərəkətlilik, dinamika müşahidə olunmur.

İranın Bakıdakı səfirliyi qarşısında piketlər keçirilirdi, güneylilərin hüquqlarının pozulmasına etiraz olunurdu, müxtəlif tədbirlər, konfranslar təşkil olunur, bəyanatlar verilirdi, siyasi partiyalar tərəfindən toplantılar keçirilirdi. Son vaxtlarda belə aktivlik nəzərə çarpmır.
Belə görünür ki, Güney hərəkatı mövzusu gündəmdən çıxıb. Bu passivliyə bir tərəfdən regiondakı siyasi proseslər, digər yandan, ABŞ-İran münasibətlərinin də təsiri az deyil.
“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, bunun müxtəlif səbəbləri var:
“Mən elə düşünmürəm ki, bu istiqamətdə işlər görülmür. Konfranslar olur, Ankarada böyük tədbir keçirilmişdi. Ola bilər ki, ictimai rəydə nəzərə çarpmır. Lakin razıyam ki, xeyli zamandır Güney mövzusu nə Azərbaycanın, nə Türkiyənin gündəmindədir. Çox təəssüf doğuran haldır. Əslində onların taleyini zamanın axarına buraxmaq olmaz. 
Güney məsələsində dəstək üçün əsas türk dövlətlərimizin ən böyüyü Türkiyədir. Onun da başı sərhədlərində baş verən hadisələrə qarışıb, Türkiyə sərhədlərin güvəni üçün savaş verir. Azərbaycan isə Qarabağ problemi və İranla qonşuluq əlaqəsinə görə lazımi səviyyədə iş görə bilmir. QHT-lər, toplum quruluşlarının fəaliyyəti param-parçadır. Bu da güneyli soydaşlarımıza təsir edir".
T.Rüstəmxanlı hesab edir ki, bu məsələdə səyləri artırmaq, həssas olmaq lazımdır: “Türklərin ruhu yerindədir, milli kimliklərinə sahib çıxırlar. Sadəcə, İranda türklərə digər millətlərdən fərqli yanaşma var. Qarabağ məsələsi də Güney hərəkatına təsir elədi. Beynəlxalq qurumlar, ATƏT vasitəçi kimi münaqişənin həllinə fayda vermədilər. Bu gün ermənilər Qarabağ markası ilə saatlar istehsal edib Avropada satışa çıxarırlar.
Ona görə ən yaxın tariximizdə işğal edilmiş torpaqlarımızı azad edə bilmiriksə, istər-istəməz Güney məsələsində ruh düşkünlüyünün yaranmasına təsirini yox saya bilmərəm".