“Əgər hüquqlarım təmin olunmursa, bu məhkəmə nə qədər ədalətli ola bilər?” - YUNİS SƏFƏROV

16/01/2020 - 19:28 12 191 0   0  

Yanvarın 16-da Bakı Sabunçu Rayon Məhkəməsinin binasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam edib. Müttəhimlər kürsüsündə 2018-ci il iyulun 3-də E.Vəliyevi vurmağa cəhd edən Yunis Səfərov da daxil olmaqla 12 nəfər var.

İşə Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır.

İclasın əvvəlində təqsirləndirilən şəxs Mahir Əzizovun anası oğlunun tərcüməçi ilə təmin edilməməsinə etiraz edib. Buna cavab olaraq hakim Natiq Əliyev qadını zaldan çıxarıb. Bu, təqsirləndirilən şəxslərin yaxınlarının narazılığına səbəb olub. Bu zaman Y.Səfərov zaldakıların çıxıb getməsini istəyib. Etirazlardan sonra tıqsirləndirilən şəxsin anası zala qayıdıb.
M.Əziziov hakimdən bir tərcüməçinin niyə bu qədər böyük problemə səbəb olduğunu soruşub.
“Mən öz dilimizdə bilirəm. Təhsilimi rus dilində aldığım üçün hüquqi terminləri anlamıram. Bir tərcüməçinin təyin olunmasının bu qədər problem yaratdığını anlaya bilmirəm”, - o deyib.
Sonra elan edilib ki, Y.Səfərovun hüquqarının müdafiəsinə vəkil Bəxtiyar Hacıyev də qoşulub.

Öz növbəsində müttəhim Firudin Zeynalov dövlət tərəfindən təyin olunan vəkildən imtina edib. O məhkəmədən xahiş edib ki, media nümayəndələrinin zalda çəkiliş aparmasına şərait yaradılsın. Lakin vəsatət təmin olunmayıb.

Müttəhim Cəfər Zalov da dövlət tərəfindən təyin olunan vəkil Yeganə Məmmədovadan imtina edib. 

Sonra Y.Səfərov audio və videoçəkiliş  ilə bağlı vəsatətin təmin olunmamasına etiraz edib.
“Son 30 ildə Azərbaycanda heç kim məmuru öldürməyə cəhd etməyib. Bu məsələ bizim xalqı maraqlandırır”, - o deyib.

Lakin hakim onun sözünü bitirməsinə imkan verməyib, mikrofonu söndürüşb.

Sonra  Yunis Səfərovun dövlət tərəfindən təyin olunan vəkili Elmar Ağayev  prosesdə iştirakdan imtina edib.

Y.Səfərov bildirib ki, 1 il 5 aydır ki, telefonla danışmasına və ailə üzvləri ilə görüşünə  icazə verilmir. “Əgər hüquqlarım təmin olunmursa, bu məhkəmə nə qədər ədalətli ola bilər?”, - o qeyd edib.

Müttəhim C. Zalovun vəkili İlqar Rüstəmov bildirib ki, müdafiə etdiyi  şəxs və digərləri dövlət tərəfindən təyin olunan vəkillərdən imtina edirlər, amma məhkəmə bunu qəbul etmir. O, məhkəməyə etiraz edib.

Sonra vəkil Cavad Cavadov digər vəkillərin adından da hakim heyətinə etiraz edib.

Proses yanvarın 17-də davam edəcək.

* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncə administrasiyasının qarşısında etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar törədilib. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarların və digər şəxslərin kütləvi həbsi baş verib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib. İki qrupun işi baxılmaq üçün Apellyasiya Məhkəməsindədir. Yanvarda Y.Səfərov və digər 11 nəfərin məhkəməsi başlayıb./Turan.az