Gözü çıxmamış qardaşın nağılı - AYGÜN MURADXANLI YAZIR

21/06/2020 - 21:59 4 579 1   0  

Yenə sms-li günlərimiz başladı. Sağlamlığımız üçün özünütəcrid vacibdir. Ancaq beləsimi? Operativ Qərargah əmin olsun – qarşıdakı 14 günü sərt karantin elan etməsi haqqında qərarı son 2 gündə yoluxma dərəcəsini ən azı 15 qata qaldırıb. Rəqəmlərlər dediklərimizi göstərəcək. Çünki…

Karantinə saatlar qalmış həm Bakının mərkəzində, həm də bir neçə qəsəbədə apardığımız müşahidələr yüz minlərlə insanın “sabahdan 14 gün zülmdəyik” təlaşı ilə küçələrə, bazarlara, restoranlara, qohum-qonşu evlərinə axışdığını göstərdi. İldırım sürəti ilə yayılan xəstəliyin qarşısını hökumət beləmi almaq istəyir? Dünən, srağagün baş verənlərin səsi 14 gün sonra çıxacaq…

Hələ ərazisində 14 günlük karantin elan edilən şəhərlərin çıxışlarında yaşananlar… Bakının hər qapısından 10 kilometrlik tıcaxlar vardı. Magistrallardakı sıxlıqdan can qurtarıb torpaq yola keçənlərin qarşısını almaqdan ötrü qazılan xəndəklər də işə yaramadı. Minlərlə insan olan yerdə 50 xəndəyi doldurmaq nədir ki?

Hökumət özü də etiraf edir – indiyə qədər görülən işlər effekt verməyib. Operativ Qərargah həftəsonu sərtləşdirilmiş karantinin gözləntiləri doğrultmadığını açıq deyir. Bu 14 günlük karantin də doğrultmayacaq. Özəlliklə Bakının mərkəzində. Hökumətin günəşə, oksigenə ehtiyacın artdığı günlərdə insanları 14 gün “qutulara” məhkum etməsi, sağlamlığı üçün məsuliyyət daşıdığı vətəndaşları xəstələndirməsidir. Elementar tibbi savadı olan hər kəs bilir ki, yetərincə oksigen və günəş almamaq orqanizmdə saysız fəsadlar törədir, bugünlər çox vacib olan immuniteti aşağı salır.

Bəs, çıxış yolu nədədir? Sərt cərimələrdə. Gürcüstandakı kimi, Türkiyədəki kimi… İnsanların ən çox təmas etdikləri yerlərdən başlamaq gərəkdir. Metro, avtobus seyrəldilməlidir. Avtobuslara 10, metro qatarlarına 20-dən artıq sərnişin götürülməməlidir. Biz birinci sms dönəmindən sonra bu sahədə sözün əsl mənasında fəlakət yaşadıq. “Pik saat” anlayışını həyatımızdan çıxarmaq üçün iş saatları dəyişdirilməli və işin effektivliyinə ziyan verməmək şərtilə qısaldılmalıdır. Bir çox sahələrdə evdən internet üzərindən işləmək olar və bu, geniş tətbiq edilməlidir.
Vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə hər kəsə ara məsafəsinin saxlanılması və maska taxılması şərtilə heç olmasa günaşırı açıq havada 2 saat gəzmək icazəsi verilməlidir. Bu, uşaqların və yaşlıların sağlamlığı üçün son dərəcə önəmlidir.

Bakıdan kənarda evi olan və ya ev kirayələyib karantin günlərini təbiətdə keçirmək istəyənlərin qarşısına qoyulan süni maneələr dərhal aradan qaldırılmalıdır. Söhbət istirahət məkanlarından getmir – onlar kütləvi yoluxma yerləri kimi COVİD-19 xəfifləyənə qədər bağlı saxlanmalıdır. Amma anlaşılmır ki, niyə Pirşağıda bağı olan vətəndaş ora gedə bilər, Vəndamda evi olan gedə bilməz. Məntiq bunu izah etməyə acizdir. Kənddə yaşamaq indi ən gözəl təcriddir – çoxmilyonlu Bakıda, yoxsa, əhali sıxlığı paytaxtdan dəfələrlə az olan kəndlərdə yoluxma və yoluxdurma riski daha yüksəkdir? Əgər karantinin məqsədi yoluxmanın qarşısını almaqdırsa, Bakının qapıları niyə bağlı tutulur ki?
Üstəlik kənddə yaşamaq inkidi çətin iqtisadi dönəmdə sosial durumun stabil saxlanması baxımından da əlverişlidir. Bölgələrdə ərzaqlar daha ucuzdur, bundan başqa, həyətyanı sahələrində kiçik təsərrüfat yaradaraq ailənin dolanışığını təmin etmək imkanı var. İşsiz, yəni pulsuz, çoxu Bakıda kirayədə yaşayan insanları paytaxtda saxlamağın adı nədir?

Bir daha vurğulamaq yerinə düşür ki, vətəndaşları COVİD-19 bəlasına inandırmağın və ondan qorumağın şərti cərimələrin yüksəldilməsidir. Bütün dünyadakı kimi… Maska taxmayan, ara məsafəsi gözləməyən – yüksək məbləğdə cərimələnsin, dükanlara, supermarketlərə eyni vaxtda qəbul edilən müştəri sayı ilə bağlı məhdudiyyətlər qoyulsun, əməl etməyən qurumlar cərimələnsin, sərnişin avtobuslarındakı sıxlığa görə BNA, metrolardakı sıxlığa görə Metropoliten maddi məsuluiyyət daşısın. Bütün dünyadakı kimi… Qısa zamanda ödənməyən cərimələr həbslə əvəz edilsin. Dünyanın bu bəladan qurtulmuş hissəsinin praktikası göstərir ki, vətəndaşı çəkindirməyin yolu – CƏRİMƏDİR.

Uzağa getməyək… qonşu, iqtisadi göstəricilərinə görə Azərbaycandan xeyli zəif olan Gürcüstan COVİD-lə mübarizəni demək olar, bitirib. Günə 1-2 yoluxma var. Nəyin sayəsində – ağır cərimələrin. Tiflisdəki dostlar danışır ki, əgər cəzalar bu qədər sərt olmasaydı, qanuna xüsusi sayğısı ilə seçilməyən, üstəlik hər fürsətdə azadlığını göstəriyə çevirməyə həvəsli Gürcüstan cəmiyyətini təcridə alışdırmaq mümkün olmayacaqdı. Hökumət ilk günlərdən sərt davranışı ilə bu məsələni ciddiyyətini vətəndaşa anlatdı. Sonuc hökumətin də üzünü güldürür, vətəndaşın da. Yoluxma az, xəstəxanalar bizdəki kimi dolub-daşmır, sərhədlər açılır, daxili turizm sərbəstdir, ölkə xaricdən turist qəbuluna hazırlaşır.

Demək istədiyim odur ki, keçən dəfəki sms-li günlərdən sonrakı qərarlar təkrarlanacaqsa, bizi boş yerə 14 gün həbs etməyin. Bir dəfə də gözü çıxmış yox, çıxmamış qardaşdan ibrət alaq.

Aygün Muradxanlı
21.06.2020