Gömrüklə bağlı prezidentə şikayət olundu – İş adamı həbs edilir

01/04/2019 - 23:37 5 821 0   0  

İş adamı Hidayətov Təyyar Hidayət oğlu ölkə prezidentinə Dövlət Gömrük Komitəsi haqda şikayət məktubu ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, sahibkar şikayətində bildirir ki, o kənd təsərrüfatının ixracı ilə məşğuldur. Ölkədə istehsal edilən kənd təsərrüfat məhsulun Rusiya , Ukrayna, İran, Türkiyyə və .s ölkələrə ixracını həyata keçirir. Bildirib ki, son bir ildə qarşılaşdığı ən böyük maneələrdən biri ixrac olunan məhsulun pul vəsaitinin bank hesabı ilə qayıtmasıdır. “Bu zaman ixracatçı olaraq bizdən asılı olmayan səbəbləri dəfələrlə gömrük komitəsinə bildirsək də, rəhbərlik səviyyəsində həll edilməsini bildirsələr də heç bir köməklik göstərilməyib”.

Şikayətçi deyib ki, ölkə ərazisindən məhsul ixrac edilərkən şişirdilmiş qiymət qoyulur. Məsələn nar məhsulu ölkədə 60 qəpik olduğu halda ixrac edilərkən 3 manat qiymət qoyulmasıdır ki, bu zaman bir nəqliyyat vasitəsində məhsulun dəyəri 10 min manat olduğu halda gömrükdə ki, şişirdilmiş qimətlə 50 min manat pul hesablanır.

“Kənd təsərrüfatı məhsulu mövsümi olduğundan istehsalçılara əvvəlcədən behlər paylanır, qablaşdırma üçün yeşiklər düzəldilir ki bunu da bankda göstərmək mümkün deyil.

İxrac zamanı ixracatçıynan idxalçı arasında müqavilə imzalanır ki, bu da formal xarakter daşıyır. Yəni əslində məhsulu yenə Rusiya ərazisində öz vətəndaşlarımız bazarlarda satışını təşkil edirlər.Bu zaman bu pul vəsaitini bankla geri qaytarılması mümkün deyil. Hətta bəzən məhsul xarab olur ki, bəyənamədə göstərilən pul vəsaitinin geri qayıtması mümkün deyil.

Mən dəfələrlə pul vəsaitinin bank hesabı ilə qayıtmasını təşkil etməyə çalışsam da, banklar da ixrac ixrac edilmiş kənd təsərrüfatının pul vəsaitini geri qayıdarkən hər 10 min dollara 300 dollara yaxın xərc olduğundan pul vəsaitinin bu tərzdə gətirmək mümkünlüyü alınmır”.

Təyyar Hidayətov deyib ki, Gömrük Komitəsinin bəyəmnamədə yazdığı şişirdilmiş qiymətlərə görə 4 qat artıq ƏDV ödəmək məcburiyyətində qalır. “Bütün bu çətinlikləri rəhbər səviyyədə gömrük komitəsinə bildirsək də komitə sədri Səfər Mehdiyev bu məsələnin həllini Sizinlə həll edəcəyini bildirmişdi”.

“15 mart 2019 cu ildə məni Mirqasım Vahhabov  Gömrük Komitəsinə çağıraraq 2017-ci ildən ixrac olunan məhsulun pul vəsaitinin bank vasitəsilə geri qaytarmağınızı soruşdu. Mən bu məsələ barəsində qabaqcadan 1 il ərzində komitə sədrinə və digər nazirliklərə xəbərdar etdiyimizi bildirdim. Amma M. Vahhabov məni dinləməyərək, həbs edilməyim üçün sənədləri toplayıb Respublika Prokurorluğuna göndərilməsini tapşırdı. Yaşıl dəhlizdən istifadə etmək üçün müraciət etdim, yüzlərlə bəhanə gətirilərək verilməsinə mane oldular.

Sizdən xahiş edirəm mən dövlətə vergimi, rüsumumu ödəyən bir sahibkar olduğum halda məndən asılı olmayan vəziyyəti Mirqasım Vahhabova bildirsəm də həbs edilməyim üçün işimin hazırlanıb Respublika Prokurorluğuna verilməsinin nəyə xidmət etdiyini anlamıram.

Mənə köməklik edin, əgər mənim həbs edilməyimlə kənd təsərrüfatının ixracındakı çətinliklər aradan qalxacaqdırsa həbsə razıyam”.

İş adamının prezidentə müraciəti ilə bağlı qarşı tərəf olaraq Gömrük Komitəsi də açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamada Hidayətov Təyyar Hidayət oğlunun həmin məlumatlarda da etiraf etdiyi kimi, ixrac etdiyi kənd təsərrüfatı məhsulunun dəyəri müqabilində vəsaiti ölkəyə müvəkkil banklar vasitəsilə qaytarmadığı və gömrük orqanlarının vəsaitin qanunla müəyyən edilən formada geri qaytarılmasına dair tələbinin yerinə yetirilməsinin mümkün olmadığını iddia edib.

“Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisində idxal-ixrac əməliyyatları qüvvədə olan normativ-hüquqi aktlara əsasən həyata keçirilir və həm sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslər, həm də qanunun keşiyində duran dövlət məmuru qanunvericilik aktlarının aidiyyəti üzrə düzgün tətbiqinə məsuliyyət daşıyır.

"Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

Əks halda, həmin şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun cəza tətbiqi nəzərdə tutulur.

İXM-nin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan 20 000 (iyirmi min) manatadək xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.

Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən, təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən, eyni əməllər, külli miqdarda (otuz min manatdan artıq) törədildikdə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hidayətov Təyyar Hidayət oğlu 2017-ci ilin fevral ayının 2-dən 2018-ci ilin sentyabr ayının 30-dək ölkədən çıxardığı ixrac mallarının dəyəri müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablaşma hesabına qanunla müəyyən olunmuş müddət ərzində köçürülməsini təmin etməyib. Yəni, ixrac etdiyi mallara görə əldə etdiyi vəsaiti qanuna əsasən faktiki olaraq geri qaytarmayıb.

Həmin şəxsin ixrac etdiyi malların invoys dəyərinin guya gömrük orqanları tərəfindən artırıldığına dair iddialarına gəlincə isə, 2017-2019-cu illər ərzində Hidayətov Təyyar Hidayət oğlu tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlər əsasında 5 ölkəyə (Belarus, Rusiya, Gürcüstan, Türkmənistan və Ukrayna) ümumilikdə 1706379.30 (bir milyon yeddi yüz altı min üç yüz yetmiş doqquz ABŞ dolları otuz sent) ABŞ dolları dəyərində Azərbaycan mənşəli təzə narın ixracı həyata keçirilib.

Qeyd olunan ölkələrdən yalnız Rusiya Federasiyasına göndərilən təzə narın 1 kq-nın invoys dəyəri 1.80 ABŞ dolları olaraq Hidayətov Təyyar Hidayət oğlu tərəfindən bəyan edilməklə rəsmiləşdirilib.

Digər ölkələrə ixrac olunan təzə narın 1 kq-nın invoys dəyəri isə 0.22-1.01 ABŞ dollarıdır və gömrük orqanlarının malların invoys dəyərinin artırılması tələbinə dair iddialar həqiqətə uyğun deyil.

Onu da qeyd edək ki, Hidayətov Təyyar Hidayət oğlu Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturunun məsul əməkdaşlarının iştirakı ilə gömrük xidməti general-mayoru Mirqasım Vahabov tərəfindən qəbul olunaraq, bütün etik normalara riayət edilməklə dinlənilib və ixrac malları müqabilində 15,664,596.94 (on beş milyon altı yüz altmış dörd min beş yüz doxsan altı ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bankdakı hesablaşma hesabına bərpası barədə mövcud qanunvericiliyin tələbləri ona izah edilib. Lakin sahibkar dövlət orqanının haqlı tələbini hələlik yerinə yetirməkdən imtina edərək əsassız iddialar irəli sürür.

Üstəlik, özünün ifadə etdiyi kimi, "formal xarakterli" müqavilə əsasında deyil, qanunauyğun şəkildə fəaliyyət göstərəcəyi təqdirdə ixrac etdiyi malların gömrük dəyərinin 3 faizi həcmində vəsait dövlət tərəfindən qanunvericilikdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər çərçivəsində, təsdiqedici sənədlərə əsasən, ixrac təşviqi kimi onun Azərbaycan Respublikasındakı bank hesabına köçürülə bilərdi.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, qanuni fəaliyyət göstərən xarici iqtisadi fəaliyyət iştirakçıları daim gömrük orqanları tərəfindən dəstəklənir, bilərəkdən qanunlardan yayınmağa çalışanlara qarşı isə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək”.