Gömrükdə şəffaflıq iqtisadi inkişafın əsas şərtlərindən biri kimi - doqquz ayın yekunu nələrdən xəbər verir?

05/02/2019 - 15:00 3 592 0   0  

Gömrük sistemi hər bir ölkənin iqtisadiyyatında, biznes mühitində mühüm əhəmiyyətə malik olan strukturlardan biridir. Bu sistemdə qayda-qanunların işləməməsi, qeyri-şəffaf mühit və korrupsiyalaşma yalnız idxal-ixrac əməliyyatlarını deyil, bütövlükdə ölkənin iqtisadiyyatını zədələyir, inkişafın qarşısında əsas maneələrdən birinə çevrilir. Buna görə də iqtisadiyyatın, sahibkarlığın inkişafını prioritet seçən hər bir ölkə gömrük sistemində şəffaflığa, dürüstlüyə xüsusi önəm verir.

Azərbaycan da son illərdə iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atır, genişmiqyaslı islahatlar həyata keçirir. Gömrük orqanlarının bu islahatların tələb etdiyi vəziyyətə gətirilməsi, iqtisadiyyatda planlaşdırılan dəyişiklikləri dəstəkləməsi zərurətə çevrilmişdi. Bu zərurəti nəzərə alan ölkə prezidenti 2018-ci ilin prezident seçkilərindən sonra Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik edərək, qurum qarşısına çox ciddi vəzifələr qoydu. Bu vəzifələrin əsasında gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksək səviyyədə təmin olunması, idxal-ixrac prosedurlarının sadələşdirilməsi, elektronlaşdırılması, qanunvericiliyin tələblərinə əməl olunma səviyyəsinin artırılması, ən əsası isə gömrük orqanlarının sahibkarların dostuna çevrilməsi dayanırdı. Ötən 9 ay müddətində Dövlət Gömrük Komitəsində baş verən dəyişiklikləri izləyərkən qurumun yeni rəhbərliyinin bu vəzifələrin öhdəsindən artıqlaması ilə gəldiyinin şahidi oluruq.

Komitənin başına gətirilən Səfər Mehdiyevin ilk addımları təbii olaraq kadr islahatlarından başladı. Qısa müddət ərzində uzun illər boyu gömrük orqanlarında neqativ proseslərdə iştirakı ilə tanınan xeyli şəxs vəzifəsindən azad olundu, komitənin işinə yeni kadrlar cəlb edildi. Eyni zamanda Dövlət Gömrük Komitəsi mətbuata və ictimaiyyətə demək olar ki, tam qapalı qurumdan fəaliyyətini geniş ictimaiyyətə təqdim etməkdən çəkinməyən açıq və şəffaf bir struktura çevrildi. Bu gün DGK-ya sorğu ilə müraciət edərək, bir gün ərzində ona cavab almaq mümkündür. Eyni zamanda nəinki ölkə mətbuatında, hətta sosial şəbəkələrdə belə yer alan hər hansı narazılıq Komitə tərəfindən dərhal qeydə alınır, araşdırılır və ictimaiyyətə ətraflı məlumat çatdırılır.

Gömrük sistemində diqqəti cəlb edən əsas dəyişikliklərdən biri də korrupsiya və qanunazidd fəaliyyətlərə qarşı mübarizədir. Belə ki, gömrük sistemində aparılan struktur dəyişiklikləri ilə əlaqədar kadr potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına başlanıb. Ötən il ərzində 382 nəfər işə qəbul edilib, 445 nəfər əməkdaş işdən azad olunub, 417 nəfər tutduğu vəzifədən yüksək vəzifəyə təyin edilib, 58 nəfər isə tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib. Komitə sistemində kadrların düzgün seçilməsi, yerləşdirilməsi, vəzifəli şəxslərin tutduğu vəzifəyə uyğun  gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlardan istifadə etmək mümkünlüyünün aşkara çıxardılması və peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq 1446 əməkdaşın komitə sədrinin sərəncamı ilə attestasiyası keçirilib.

Araşdırmalar zamanı aşkar edilmiş xidməti pozuntulara yol verdiklərinə görə 316 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bunlardan 15 nəfər gömrük orqanlarından xaric, 5 nəfər tutduğu vəzifədən azad edilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 68 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 171 nəfərə töhmət elan edilib, 46 nəfərə irad tutulub.

Gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9 672 hüquqpozma faktı aşkar edilib. Bunlardan 747-si cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 9 milyon 450 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfərin barəsində müvafiq tədbirlər görülüb. Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən, o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub. Bu faktlar üzrə, ümumilikdə, 1 ton 193 kq narkotik qanunsuz dövriyyədən çıxarılıb. İl ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

2018-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə inzibati məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı 881 min 959 manat cərimə tətbiq olunmaqla, ümumilikdə, dəyəri 242 055 manat olan mallar müsadirə edilib. Gömrük qaydaları əleyhinə inzibati xətalar, əsasən, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, onların gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə əlaqədar olub. Valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi, qanunsuz yolla gətirilən keyfiyyətsiz və saxta malların daxili bazara daxil olması, habelə yüksək vergi tutumlu malların qanunsuz idxal edilməsi, aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması sahəsində tədbirlər görülüb.

2018-ci ildə dövlət  büdcəsinin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə büdcəyə 3 milyard 434 milyon manat gömrük ödənişlərinin köçürülməsini təmin edib. Nəticədə ilin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. 2018-ci ilin iyun ayında illik büdcə proqnozunun dürüstləşməsi zamanı Dövlət Gömrük Komitəsi üçün əlavə olaraq 760 milyon manat büdcə öhdəliyinin müəyyənləşdirilməsini nəzərə alsaq, bütövlükdə 3 milyard 190 milyon manat proqnoza qarşı müqayisədə faktiki olaraq 244 milyon manat və ya 107,6  faiz artıq gömrük ödənişləri dövlət büdcəsinə köçürülüb.

Ötən müddət ərzində gömrük sistemində həyata keçirilən ən mühüm islahatlardan biri kimi malların və nəqliyyat vasitələrinin qeydiyyatının “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə “Bir inspektor - bir nəqliyyat vasitəsi”,  təyinat gömrük orqanlarında isə “Bir inspektor-bir bəyannamə” pilot layihələrinin tətbiqinə başlanılıb. Eyni zamanda 2016-cı ildən pilot qaydada tətbiqinə başlanan “Yaşıl dəhliz” sisteminin bu ilin fevralından etibarən bütün gömrük sisteminə tətbiqinə start veriləcək. Qanunvericiliyə əsasən, “Yaşıl Dəhliz” sistemindən istifadəyə icazəsi olanların malları və nəqliyyat vasitələri gömrük buraxılış məntəqəsində fiziki baxışdan keçirilməyəcək. Bu statusa malik olmaq üçün xarici ticarətçilər qanunvericiliyə riayət edəcəklərini öncədən bəyan etməklə Dövlət Gömrük Komitəsinə müraciət etməlidirlər. Bunun üçün elektron müraciət sistemi də hazırlanıb. Eyni zamanda sistemin tam olaraq işləməsi üçün qanunverici baza da formalaşdırılıb. “Yaşıl dəhliz” xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, ölkənin ixrac potensialını gücləndirmək, könüllü riayət mədəniyyətini formalaşdırmaq, gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək, idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaq baxımından çox əhəmiyyətli bir sistemdir.

Komitə sədrinin dediyinə görə, ötən il gömrük sisteminin strukturu yenilənib, polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçilib: “ Ötür-ötür xidməti və bu fonda baş verən təkrarlanmalar artıq ortadan qaldırıldı. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirildi.  Xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırıldı. Biz gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik”.

Mehdiyev gömrük sistemində korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də qətiyyət nümayiş etdirir: “Biz bu sahədə qəti addımlarımızı bu il də atacağıq. Tamahını idarə edə bilməyənlər bizim aramızdan gedəcək, özü də çox pis şəkildə gedəcək. Sahibkarlara da müraciət olunub ki, əməkdaşlarımızı korrupsiyaya və rüşvətə cəlb etməsinlər. Sahibkarların rüşvət təklifləri ilə bağlı xüsusi əməliyyatlar keçiriləcək. Sahibkarlar bu cür hallardan əl çəkmək istəmir. Cari ildə də belə faktlar mövcuddur. Bu sahədə ciddi tədbirlər keçiriləcək və icraçılar aidiyyəti qurumların rəisləri olacaq".

Ölkə rəhbərliyi də gömrük sistemində baş verən dəyişiklikləri yüksək qiymətləndirir. Prezident İlham Əliyev 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında gömrük orqanlarının yeni rəhbərliyinin qarşıya qoyulan tapşırıqlara dəqiq əməl etdiyini xüsusi vurğulayıb: “Gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Hətta keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik”.

Musavat.com