“Gəncəliyev artıq XİN-dən çıxmalıdır” - AÇIQLAMA

21/12/2018 - 11:30 2 422 0   0  

"Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri postundan getməli idi”.
Bunu BakuPost-a açıqlamasında Bayram Səfərovun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının son qurultayında yenidən sədr seçilməməsinə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib. 
Deyib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri postunda artıq çevik, gənc, perspektivli, enerjili şəxsə ehtiyac vardı: "Çünki Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri 3 istiqamətdə - həm Dağlıq Qarabağın erməni icması, separatçılar, həm Ermənistan hakimiyyəti, həm də xaricdəki erməni lobbisi ilə mübarizə aparmalıdır. İcmanın rəhbəri xarici ölkələrdə görüşlərdə iştirak etməli, ən azı rus və ingilis dillərini bilməlidir. Mən hesab edirəm ki, Şuşada anadan olmuş bir şəxsin Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçməklə doğru qərar verilib. Mümkündür ki, gələcəkdə Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmaları arasında da dialoq başlasın. Böyük ehtimalla, gələn il üçüncü ölkələrdə belə dialoqun keçirilməsi mümkündür. Ona görə də bu qərarı yerində hesab edirəm”.
Adətən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Şuşa rayon İcra Hakimiyyətinin başçısı olub. Ancaq politoloq əslində bu ənənənin doğru olmadığını vurğulayıb: "Şuşa rayon İcra Hakimiyyətinin başçısının avtomatik Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri təyin etmək yanlış bir qərar idi. Qarabağda doğulan, beynəlxalq siyasətdən baş çıxaran və bir neçə xarici dil bilən şəxsin bu vəzifədə olması vacibdir. Çünki ermənilər hiyləgərdirlər, müxtəlif ölkələrdə Azərbaycana qarşı müxtəlif təsir imkanlarından istifadə edirlər. Digər bir vacib məqama da toxunmaq istəyirəm. Son aylarda Dağlıq Qarabağ separatsçılarının lideri müxtəlif ölkələrə – Fransaya, Rusiyaya, ABŞ-a səfərlər edib. Bu, bizim narazılığımıza səbəb oldu və Xarici İşlər Nazirliyi bir neçə nota verdi. Ona görə düşünürəm ki, məhz Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri də çevik bir şəxs olmalıdır ki, o da bu səfərlərə çıxsın və Azərbaycan tərəfinin mövqeyini dünya ölkələrinə çatdırsın”.
Bununla belə, E. Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri seçilmiş Tural Gəncəliyev artıq Xarici İşlər Nazirliyinin əməkdaşı statusunda olmamalıdır: "Tural Gəncəliyev artıq Xarici İşlər Nazirliyindəki vəzifəsindən çıxmalı, ancaq Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri kimi fəaliyyətini davam etdirməlidir ”.
Qeyd edək ki, T. Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Ali təhsillidir. Bakı Dövlət Universitetini Hüquqşünaslıq ixtisası üzrə bitirib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatında və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda XİN-in Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin birinci katibi vəzifəsində çalışır.