Gəncədə notariat kontorundan oğurluq etmək istəyən şəxs saxlanılıb

26/12/2018 - 14:58 928 0   0  

Dekabrın 25-də gecə saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı ofisin arxa pəncərəsinin dəmir barmaqlıqlarının və şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi subutla birlikdə ərazi üzrə Nizami Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalarla həmin şəxsin Lerik rayon sakini Etibar Hüseynov olduğu müəyyən edilib.