Generalın həbsdəki oğlu kassasiya şikayətini geri götürüb

31/10/2018 - 09:36 793 0   0  

Ali Məhkəmədə xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
“Report”un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin kassasiya şikayətini geri götürdükləri elan olunub.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra hər üç şəxs Ali Məhkəməyə müraciət ediblər.