General Şəkinskinin keçmiş qaynı məhkəmə önündə - “BACIM ZƏNG VURUB MƏNİ GÜRCÜSTANA ÇAĞIRDI, AMMA...”

11/01/2019 - 16:35 3 292 0   0  

Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin sabiq qaynı, özgə əmlakını talamaqda, dövlət sərhəddini qanunsuz keçməkdə, saxta sənədlərdən istifadə etməkdə ittiham olunan Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı Seyhun Azadəliyev ittiham aktını elan edib. F.Yusub ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. Prosesə sədrlik edən hakim Cavid Hüseynov təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib. F.Yusub ifadə verməkdən də imtina edib və istintaq zamanı da ifadə vermədiyini, heç bir sənədə qol çəkmədiyini deyib.

 

Fərid Yusubun istintaqa ifadəsi elan olundu

Amma məhkəmədə F.Yusubun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində, 18 avqust 2018-ci ildə istintaqa verdiyi ilkin ifadəsi elan olunub. Həmin ifadəsində F.Yusub göstərir ki, Bakı şəhərində anadan olub. Uzun illər Rusiyanın Yaroslavl şəhərində yaşayıb. 2008-ci ildən ölkəni tərk edib, həmin vaxtdan etibarən Azərbaycana gəlməyib. İfadəsində ailədə üç bacı, üç qardaş olduqlarını, ata-anasının rəhmətə getdiyini, Bakı Slavyan Universitetində təhsil aldığını, amma təhsilini yarımçıq qoyub Rusiyaya getdiyini və ticarətlə məşğul olduğunu göstərib.

F.Yusub istintaqa verdiyi ifadəsində bildirib ki, bacısı Gülnarə Şəkinskaya 1998-ci ildə Emin Şəkinski ilə ailə həyatı qurub. 2008-ci ildə isə rəsmi qaydada ayrılıblar. Heç vaxt bacısının ailə işlərinə qarışmayıb. O, həmçinin ittihamda adı çəkilən şəxslərdən yalnız bacısını tanıdığını, digərləri ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

“Bacım bu haqda mənə heç nə deməyib...”

 “İttiham əsassızdır. Bacım uşaqlarını da götürüb ölkəni tərk etmək haqqında mənə heç nə deməyib. Onların saxta sənədlər hazırlayıb sərhəddi keçmələrindən xəbərim yoxdur. Bacımın evindən oğurlanması iddia edilən 60 min manat isə bacımı və qeyrilərini tutmaq üçün yalandan verilən ittihamdır. Həmin evdə bacım yaşayıb. Bunun Emin Şəkinsiyə heç bir əlaqəsi yoxdur”-təqsirləndirilən şəxs ifadəsində bildirib.

F.Yusub tərəflərin suallarını cavablandırarkən 2014-cü ilin aprel ayında bacısının onunla telefon əlaqəsi saxlayaraq Gürcüstana çağırdığını, görüşmək istədiyini deyib. O, aprelin 18-də Gürcüstana gələrək orada bacısı ilə görüşdüyünü, yenidən Belarusa qayıtdığını təsdiqləyib: “Bacım mənə ölkəni necə tərk etməsi haqda heç nə demədi. Sonradan mən Rusiyada həbs olundum. Həmin vaxt axtarışa verildiyimi öyrəndim. Həbs olunduqdan bir il sonra Azərbaycana ekstradisiya olundum”.

Daha sonra F.Yusub çox şeyi xatırlamadığını, ittihamlarla razılaşmadığını bir daha bəyan edərək, dövlət ittihamçısının suallarını cavablandırmaqdan imtina edib.

57 dəfə məhkəmə qarşısına çıxan Camalov da danışdı

Sözügedən cinayət işi üzrə həbs edilən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il həbs cəzası alan, sonradan azadlığa buraxılan keçmiş polis əməkdaşı Namiq Camalov da məhkəmədə şahid qismində dindirilib. O, ifadəsində Fərid Yusubu tanımadığını, onunla heç bir əlaqəsi olmadığını bildirib: “Fəridi tanımıram. 57 dəfə məhkəmə qarşısına çıxmışam. İlk gündən etibarən də demişəm ki, mən Fərid adlı şəxsi tanımamışam. Bütün sənədləri Gülnarə özü düzəldib. Nəyə görə həbs olunmağım isə hələ də mənə qaranlıqdır. Gülnarəni öz maşınımla aparıb-gətirmişəm. Onu Şəfiqəylə mən tanış etmişəm. Onun vasitəsilə də sənədləri düzəldib”.

Tərəflərin suallarını cavablandıran N.Camalov deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 8 il cəza aldıqdan sonra apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali Məhkəməyə kassasiya şikayəti verilib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb: “Məhkəmənin qərarı ilə oğurluq ittihamı ittihamdan çıxarıldı və mən həmin maddə üzrə bəraət aldım. Saxta sənədlərin hazırlanması ittihamı ilə isə 3 il 6 ay cəza çəkdim, 2017-ci ildə azadlığa buraxıldım”.

“Əlövsət Əliyev bu işə görə mənə 5 min manat verib...”-keçmiş polis

Hakimin “siz Əlövsət Əliyevi haradan tanıyırdınız, bu işdə onun rolu nədən ibarət olub?” sualına N.Camalov Gülnarə Şəkinskayanı onunla Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, hazırda Almaniyada mühacirətdə olan Əlövsət Əliyevin  tanış etdiyini deyib: “Əlövsət Əliyevi Binəqədi rayon Polis İdarəsində işlədiyim dövrdən tanımışam. Bu işin müqabilində Əlövsət mənə 5 min manat pul verib. Pulu ondan almışam”.

Məhkəmə prosesi yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.