General Levon Stepanyan Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yeritməsi haqda - “MƏN ONLARIN MƏQSƏDİNİ ANLAMIRAM...”

17/12/2018 - 11:25 403 0   0  

“Azərbaycan Ermənistanla sərhədin bu strateji əhəmiyyətli istiqamətində müdafiəni zəiflədən deyil”.

Suveren.az Virtualaz.org-a istinaden xəbər verir ki, bu sözləri Ermənistanın sərhəd qoşunlarının keçmiş komandanı, general-mayor Levon Stepanyan Azərbaycanın Qazax və Ağstafa istiqamətində qoşunların təmas xəttinə sərhəd qoşunlarını yerləşdirməsi barədə xəbərləri şərh edərkən deyib.
Xatırladaq ki, bu barədə ötən həftə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. E.Quliyevin bildirdiyinə görə Ali baş komandanın əmri ilə sərhəd qoşunlarının bölmələri Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətindən keçən hissəsində döyüş postlarına yerləşdirilib. Müdafiə Nazirliyinin həmin postlara nəzarət edən bölmələri isə daha intensiv təlim-məşq çalışmaları və “əlavə ehtiyatın formalaşdırılması” məqsədi ilə geri çəkilib. E.Quliyev bu addımı sərhəd qoşunlarının yüksək döyüş hazırlığı və təchizatı ilə əsaslandırıb.
“Azərbaycan və Ermənistan sərhədinin sovet vaxtından bəri dəyişməz qalan hissəsində hər iki tərəfdən sərhəd qoşunlarının yerləşdirilməsi mənim tərəfimdən hələ 1996-cı ildə MDB sərhəd qoşunları komandanları Şurasının o vaxtkı sədri, Rusiyanın ordu generalı Andrey Nikolayevlə müzakirə olunub. Məqsəd hər iki tərəfin dövlət başçılarına 90-cı illərin əvvəllərindən sərhədin dəyişməz qaldığı sahələrdə gərginliyin azaldılması üçün variant kimi bu təklifi təqdim etmək idi”-Levon Stepanyan deyib.
Onun sözlərinə görə, həmin variant pis deyildi. Xüsusən nəzərə alanda ki, sərhəd qoşunlarının əsas təyinatı sərhədlərin mühafizəsi və müdafiəsidir, hücum əməliyyatları aparmaq deyil. Ona görə də əgər qərar hər iki tərəfdə müddət barədə ilkin razılaşma əldə olunmaqla qəbul edilsəydi bunu sülhün dəstəklənməsinə yönəlmiş addım hesab etmək olardı.
“Bu imkan verərdi ki, bütün bu illərdə sərhəddə baş vermiş insidentlər istisna edilsin. Əminəm ki, faydası çox olacaqdı. İndiki halda mən Azərbaycanın niyyətini başa düşə bilmirəm. Hər şeydən əvvəl ona görə ki, sərhədlərin mühafizəsini birtərəfli qaydada sərhəd qoşunlarına təhvil vermək mümkün olmur, şəxsən mən bunu istisna edirəm”-general Stepanyan bildirib.
Erməni generalın sözlərinə görə, sərhədin bir tərəfində ordunu, o biri tərəfində sərhəd qoşunlarını təsəvvür etmək çətindir. Deməli o biri tərəfdə sərhəd qoşunlarının ancaq adı olacaq, reallıqda isə Azərbaycan ordusu həmin mövqelərində qalacaq.
General Stepanyan əmindir ki, Azərbaycan sərhəd qoşunlarını həmin mövqelərə qoymaqla sərhədin bu cür strateji istiqamətində müdafiəni zəiflədən deyil. Xüsusən də Azərbaycan tərəfinin bəyanatında deyilir ki, burada məqsəd yeni ehtiyat qüvvələrin formalaşdırılmasıdır.
“İstisna etmirəm ki, bu böyük siyasədə “oyun” ola bilər və arxasında nəsə yaxşı məqsəd dayanmır”-o deyib.
Qeyd edək ki, erməni tərəfində yaranmış çaşqınlığı başa düşmək çətin deyil. Amma orada nəzərə almırlar ki, Azərbaycanın sərhəd qoşunları təkcə sərhədlərin mühafizəsi funksiyasını yerinə yetirməyə deyil, eyni zamanda tammiqyaslı döyüş əməliyyatları, o cümlədən hücum əməliyyatları aparmağa imkan verən döyüş qabiliyyətinə və təchizata malikdir.
Çünki sərhəd qoşunlarının silahlanmasında tanklardan tutmuş yüngül zirehli döyüş-nəqliyyat maşınlarına, Mi-35 hücum vertolyotlarına, o cümlədən tank əleyhinə raketlərə qədər müasir silah və hərbi texnika var. Bu baxımdan sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlara yerləşdirilməsi əlbətdə ki, müdafiəni zəiflədə bilməz.