Fuad Abbasov Rusiyada partiya yaratmaq istəyir? - Diasporamızın ağır vəziyyəti barədə .

06/03/2019 - 20:32 8 398 0   0  

Hər bir dövlət və xalq üçün ölkədən kənada yaşayan və ölkə üçün mütəşəkkil fəaliyyət göstərən diaspora təşkilatlarının və lobbi qruplarının olması olduca vacibdir və əhəmiyyətlidir. Hətta Ermənistan, İsrail və bu kimi müxtəlif dövlətlərin formalaşması ölkə xaricində yaşayan və aktiv fəaliyyət göstərən lobbi qruplarının dəstəyi nəticəsində baş tutub. Ötən məqalələrimin birində açıq şəkildə qeyd etmişdim ki, Fransa və Avropadakı erməni diaspora təşkilatlarından gələn yardımlar və pullar I Qarabağ müharibəsinin taleyini dəyişdi və nəticədə biz ata-baba torpaqlarımızdan məhrum olduq. 

Bu gün də erməni diasporası dünyada və xüsusilə də, Rusiyada olduqca aktiv və güclüdür. 

Rusiyadakı Azərbaycan diasporasının halı, əhvalı necədir?

Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov son aylarda Rusiyadakı Azərbaycan diasporasının vəziyyətini açıq şəkildə ortaya qoyub. Onun öz facebook səhifəsində ardıcıl paylaşımlar və canlı yayınlarda diaspora sədrlərinin passivliyini ifşa etməsi ölkə mətbuatında Rusiyadakı diaspora təşkilatlarımızın durumunu bir daha gündəmə gətirib.

fuad abbasov ile ilgili görsel sonucu

 

Əvvəla qeyd edək ki, Fuad Abbasovun sərt tənqid etdiyi “AzerRos” adlı diaspora qurumunun fəaliyyətini biz də araşdırdıq. Bu təşkilat Rusiyada imkanlarına görə ən güclü diaspora qurumumuz hesab edilir. “AzerRos” Rusiya Dövlət Dumasının Məsləhət Şurasının üzvüdür və Rusiya dövləti tərəfindən rəsmi şəkildə tanınan QHT-dir.

Məqsədi Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyətini genişləndirmək olan “AzerRos” heç bir xeyirli əməllərlə yadda qalmayıb.

Belə ki, bu təşkilatın keçmiş rəhbəri Söyün Sadıqov ötən ay dələduzluq ittihamıyla həbs edilib. Ümumiyyətlə, bu şəxsin bioqrafiyasında çox maraqlı faktlara rast gəlmək mümkündür. Ən maraqlısı isə qısa müddətdə KQB əməkdaşı olaraq fəaliyyət göstərməsidir. Əslən Gürcüstan azərbaycanlısı olan Söyün Sadıqov Axalkalakidə erməni terrorçu Avakyana heykəl qoyulmasından bir gün sonra Gürcüstandakı azərbaycanlıları “avtonomiya”ya səsləyib. Qeyd edək ki, bu əməl siyasi dairələrdə açıq şəkildə həyata keçirilən provokasiya kimi təhlil edilib

Təşkilatın indiki rəhbəri Mehriban Sadıqova da heç də xoş işlərlə yadda qalmayıb. Ötən aylarda bu xanımın ermənilərlə bağlı humanist və dostpərvər açıqlamaları yerli mətbuatda böyük tənqidlə qarşılanmışdı. Belə ki, bu xanım gənc nəsilə ermənilərlə dost olmağı məsləhət görüb və iki xalq arasında heç bir problemin olmadığını vurğulayıb.

Ümumilikdə götürdükdə, Rusiyada yaşayan azərbaycanlılarımızın dərdi-səriylə məşğul olmaqdan başqa bu təşkilat hər işlə məşğuldur. Məsələn, 9 mayı təntənə ilə qeyd edərlər, ermənilərlə dostluqdan dəm vurarlar, Aprel döyüşləri zamanı mitinq təşkil edib amma Azərbaycanın bayrağını o mitinqə aparmazlar, Dilqəm Əsgərov kimi Rusiya vətəndaşı olan həmyerlimizin əsirlikdən xilası üçün tükləri tərpənməz və s.

Bundan savayı, Gürcüstanda Avakyan adlı terrorçuya abidə ucaldılmasına reaksiya verilməməsi, Xocalı soyqırımıyla bağlı “ehsan” təşkil etməkdən başqa bir samballı işin təşkil edilməməsi, anım tədbirlərinin və yürüşlərin keçirilməməsi, iki il öncə 3 yaşlı Zərhanın və nənəsinin şəhid edilməsinə reaksiya verilməməsi, ümumiyyətlə, Ermənistanın əleyhinə hər hansı bir kampaniyanın təşkil edilməməsi Azərbaycanın Rusiyadakı əsas diaspora təşkilatı olan “AzerRos”un passivliyini bir daha ortaya qoyur.

Təəssüflər olsun ki, “ən güclü” diaspora təşkilatımız bu səviyyədə fəaliyyət göstərir. Əksinə olaraq, erməni və yəhudi lobbisi Rusiyada olduqca güclüdür. Rusiyada yaşayan bir çox həmyerlimizlə ünsiyyət zamanı aydın olur ki, bu ölkədə heç bir yəhudi və ya erməni iş adamı və ya sıravi vətəndaşa qarşı hökumət tərəfindən təzyiq göstərilmir. Ancaq azərbaycanlı iş adamları sorğusuz, məhkəməsiz həbs edilir, müxtəlif səbəblər bəhanə gətirilərək bir çox azərbaycanlı Rusiyadan deportasiya edilir. Rusiyadakı azərbaycanlıların bu qədər problemləri var ikən onların haqlarını qoruyan və onları müdafiə edən güclü bir diaspora qurumumuzun hələ də mövcud olmaması əsl rəzalətdir.

Üstəgəl, Rusiya Qarabağ problemində “açar” dövlətdir və burada 3 milyondan çox Azərbaycanlı yaşayır. Lakin təəssüflər olsun ki, illərdir bizim rus hökumətinə və parlamentinə təsir edə biləcək nüfuzlu bir lobbi qrupumuz mövcud deyil. Və ümumiyyətlə, Rusiyada yaşayan həmvətənlərimiz nə kompakt yaşayır, nə də ki, bir-birlərilə sıx əlaqələrə malikdirlər...

Bu problemi Rusiyada yaşayan həmyerlimiz, bu ölkədəki yeni diaspora təşkilatımızı qurmağa hazırlaşan hüquqşunas Yaşar Hüseynovla müzakirə etdik.

Y. Hüseynovun sözlərinə görə, Rusiyada həmvətənlərimizi birləşdirəcək ortaq bir qurum və ya təşkilat mövcud deyil. Müxtəlif zamanlarda azərbaycanlıların buradakı fəaliyyətini intensivləşdirməyə cəhdlər olub, lakin heç bir uğurlu işə imza atılmayıb. Burada yaşayan azərbaycanlıların problemlərimizə ortaq münasibət bildirə bilməməsini isə həmsöhbətim daxili və xarici düşmənlərimizlə əlaqələndirir.

Yaşar Hüseynov: "Fuad Abbasov partiya yaratmaq niyyətindədir".

 

Y. Hüseynov belə hesab edir ki, Fuad Abbasov ona görə son zamanlar fəallaşıb ki, o Rusiyada partiya yaratmaq istəyir. Onun ötən günkü çıxışında qeyd etdiyi qurultayın keçirilməsindəki əsas məqsəd də çox guman, bununla bağlı olacaq. Y. Hüseynov isə belə bir partiyanın yaradılmasının Rusiyadakı həmvətənlərimizin vəziyyətinə heç də yaxşı təsir etməyəcəyi fikrindədir. Belə ki, partiyanın formalaşması həmyerlilərimizə qarşı mərkəzi dairələrdən aqressiya və qıcığa səbəb ola bilər.

Y. Hüseynov həmçinin qeyd edir ki, Rusiyada azərbaycanlıların maraqlarını müdafiə edə biləcək bir təşkilata ehtiyac var və bu təşkilatı Yaşar Hüseynov bir müddət sonra tamamilə formalaşdıracaq. Təşkilatın adı isə artıq hazırdır: “Rusiyada Azərbaycanlıların Birləşmiş İttifaqı”.

 

Nicat İsmayılov