Fərman Ceyranlının həbsi siyasi sifariş idimi?

29/11/2018 - 22:13 8 095 0   0  

Vəkil: “Doktor Mircəlal Kazımi dedi ki, ona Fərman Ceyranlı haqqında danışmağı qadağan ediblər”.

“Son 4 ay ərzində məhkəmə müxtəlif səbəblərə görə təxirə salınıb. 4 dəfə məhkəmənin tarixi müxtəlif bəhanələrlə dəyişdirilib. Belə başa düşürk ki, qəsdən uzadılır. Səbəblər kimi göstərirlər ki, atamı Rustavidən Tbilisiyə köçürmək etmək mümkün olmayıb, yaxud da hakimin işi həddən artıq çox olub və çatdıra bilməyib. Ən sonuncu səbəb kimi isə hakimin işgüzar səfərə getməsi göstərilib. Noyabrın 16-da keçirilən məhkəmədə isə hakimlər qərarı elan etmədi”. – deyə hazırda Gürcüstanda həbsdə olan cərrah Fərman Ceyranlının qızı Lalə Hüseynli deyir.

Hüseynli məhkəmənin, daha sonra isə qərarın uzadılmasını Gürcüstanda keçirilən seçkilərlə əlaqələndirir.

Cərrah və Gürcüstanda yerləşən “Lanset” klinikasının təsisçisi Fərman Ceyranlı ötən il, may ayının 22-də həbs olunub. Ceyranlı 3 il əvvəl Gürcüstanda “Lanset” klinikasının yaradıcısı olana qədər isə Azərbaycanda çalışıb və yaşayıb. Hazırda isə o, qanunsuz keçirilən tibbi əməliyyatda və dələduzluqda ittiham olunur.

Lakin bir çoxu Gürcüstan Prokurorluğunun bu ittihamını siyasi qərar sayır. Çünki Ceyranlının saxlanılması zamanı Gürcüstanda olan azərbaycanlı siyasi dissidentlərə qarşı təzyiqlər başlamışdı. Hətta eyni vaxtda jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanıb Bakıya aparılması və saxta ittihamlarla həbs olunması

böyük səs-küyə səbəb olmuşdu. Əslində hakimiyyətin təbliğat saytı sayılan “haqqın.az”-da Əfqan Muxtarlı, Fərman Ceyranlı və digər şəxlər haqqında ittihamlarla dolu məqalə yazdıqdan sonra adı keçən şəxslərə qarşı həbs və təzyiqlər başlamışdı.

Ceyranlının qızı da məsələnin siyasi sifariş olduğu fikrindədir: “Düşünürəm ki, atamın həbsi siyasi sifarişdi. Onun vəkilləri də bu fikirdədir. Onlar əmin idilər ki, elə ilk məhkəmədən sonra atam azadlığa buraxılacaq. Lakin bu, baş vermədi. “Haqqın.az” saytında gedən və bir çox siyasi dissidentləri hədəfə alan məqalədən sonra atamın həbsi məsələnin siyasi sifariş olmasına məntiqli işarədir. Bütün ittihamları əsassız hesab edirik. Həm o məqalədə yer alan ittihamları, həm də məhkəmədəki. Atam sadəcə olaraq klinikanı qurub və təsisçisidir. Klinikanın heç bir işində iştirak etmir. Klinikanın baş həkimi, klinik direktoru olub. Atam əməliyyatda iştirak etməyib, əməliyyata razılığı da o yox, əməliyyat keçirən həkimin özü verib. Amma onların heç biri bu işə cəlb edilməyib. Ancaq atam tutulub. Özü də çox kobud şəkildə saxlayıblar. Onu normal şəkildə ifadə verməyə çağırmaq olardı. Amma onu elə yolda maşını ilə getdiyi yerdə qabağını kəsib, əllərini qandallayıb aparıblar. Halbuki, bunu etmək üçün nə məhkəmə qərarı olub, nə də atam kobud hərəkət, tabesizlik göstərib”.

L.Hüseynli məsələnin tək Azərbaycanda yox, həm də Gürcüstandakı hökumətyönümlü mediada düzgün işıqlandırılmadığını deyir: “Gürcüstanda “Rustavi2” kanalı məsələyə obyektiv yanaşır. Amma “İmedi” kanalı tamamilə absurd informasiyalar verir və insanları çaşdırır. Onların məsələ barədə məlumatsız və qərəzli olması, əməliyyat keçirən həkimin azərbaycanlı olduğu halda türkiyəli kimi qələmə verməklərindən görünür. İkinci yalan informasiya budur ki, klinikanın heç vaxt lisenziyası olmayıb. Amma klinika açılandan lisenziyası olub. Problem əməliyyat aparan həkimin icazə lisenziyasının bitməsi ilə əlaqədardır. Bu da klinikanın vəkilinin səhvi olub ki, bu haqda diqqətsizlik edib, bildirməyib. Lisenziya məsələsi də adətən bitdikdən sonra uzadılır. Uzadılmadığına görə də min lari cərimə olunub. Əməliyyat da çox yaxşı keçib. Əməliyyatdan sonra xəstələr bir neçə gün yaşayıb. Sadəcə bu riskli əməliyyatdır və hər zaman ölüm riski var. Buna görə hər dəfə həkim tutulsaydı, dünyada heç kim bu işi görməzdi. “İmedi” kanalı isə məsələni çox qərəzli və yanlış informasiyalar üzərindən işıqlandırıb. Hətta klinikanı orqan alverində günahlandırmışdılar ki, belə bir mövzunun heç müzakirəsi də yoxdur. Heç məhkəmədə belə ittiham olmayıb. Bizim, atamın vəkilinin fikrini, ümumiyyətlə, almayıblar. Ən azından obyektivlik naminə bizim fikrimizi soruşmaq olardı. Vəkillərin, bizim ittihamlara cavablarımızı dinləməliydilər. Amma bunların heç biri olmadı”.

Ceyranlının vəkili Qelo Nikolaşvili onun iştirak etmədiyi əməliyyatda günahlandırıldığını deyir: “2017-ci ilin mayından mən Fərman Ceyranlıya vəkillik edirəm. Onu 2016-cı ildə 3 mart və 10 mart tarixlərində “Lanset” klinikasında edilən 2 böyrək köçürülməsi əməliyyatı ilə bağlı həbs ediblər. Hər iki pasiyent əməliyyatdan sağ çıxsalar da, bir həftə sonra ölüb. Əməliyyatı Azərbaycandan olan cərrah Mircəlal Kazımi edib. Onun peşəkar olduğuna da şübhəmiz yoxdur. Qəribə olan budur ki, mərhumların ailələri əməliyyatdan sonra yox, 8 ay sonra şikayət etmək qərarına gəliblər. Bir pasiyentin ailəsi 40 min dollar ödəmişdi və onu geri istədi, ikinci pasiyentin ailəsi isə razılaşmışdı ki, əməliyyatdan sonra pulu ödəyəcək. Pasiyent öldükdən sonra isə ödənişin dayandırılması istənildi. Amma müqavilədə aydın yazılmışdı ki, əməliyyatdan bir ay sonra ailə 40 min dollar ödəyəcək. Həmçinin bu müddət ərzində onlar həmin məbləği verməsəydi, faizlər məbləğin üzərinə gələcəkdi. Əməliyyatdan bir neçə ay sonra klinika onlardan borcu tələb etdi və onlar ilk olaraq şikayətlənməyə başladılar ki, əməliyyat kefiyyətli olmayıb, daha sonra insan hüquqları təşkilatlarından birinə şikayətləndilər, sonra isə prokurorluğa şikayət olundu və araşdırma başlanıldı”.

Vəkil klinikanın bir məsələdə yanlışlığa yol verdiyini etiraf edir. Onun dediyinə görə, əməliyyatı keçirən cərrah Mircəlal Kazıminin Gürcüstanda əməliyyat keçirmə lisenziyası bitibmiş: “Daha sonra onun lisenziyası uzadıldı. Bu, sübut edir ki, əgər Gürcüstan dövləti ona bu əməliyyatdan sonra da lisenziya veribsə, deməli, peşəkarlığına şübhəsi yoxdur. Kazımi bu məsələdə günahkar olsa belə, buna görə Ceyranlı heç bir məsuliyyət daşımır”.

Nikolaşvili prokurorluğun iki yöndə ittiham irəli sürdüyünü və ittihamların hüquqi cəhətdən əsassız olduğunu da qeyd edir: “Fərman Ceyranlı klinikada sahibkar və cərrah kimi fəaliyyət göstərib. Biz məhkəməni iki yöndə mübahisələndirdik. İlk yön bundan ibarətdir ki, prokurorluq əməliyyatların təcili olmadığını göstərir. Lakin bu, belə deyil. Əməliyyat təcili olub. Əməliyyatın təcili olmasını da əməliyyatı keçirən şəxs, yəni Mircəlal Kazımi təyin edib. Bunun Fərman Ceyranlı ilə əlaqəsi yoxdur. Bu məsələ ətrafında Fərman Ceyranlının heç bir rolu olmayıb. İttihamçı məsələyə hüquqi yanaşmır və bildirir ki, əgər Ceyranlı orda təsisçi olubsa, deməli, bütün qərarları o verib. Bizim mövqeyimiz belə oldu ki, əməliyyat təcili olub. Təcili olmayıbsa belə, buna görə Fərman Ceyranlı günahkar deyil. Çünki, o, heç bir qərarda iştirak etməyib. Onun, ümumiyyətlə, belə bir hüququ olmayıbsa, necə məsuliyyət daşıya bilər? Daha sonrakı ittiham bundan ibarət idi ki, pasiyentlər və ailələri müqavilə ilə tanış edilməyiblər. Bu, əgər belə olsa belə, yenə də Fərman Ceyranlının burada rolu yoxdur. Xəstaxanada hər bölmənin öz qərarvericisi və məsuliyyət daşıyanı var. Ceyranlı orada yalnız təsisçi və həkim olub. Həkim kimi də yalnız öz əməliyyatlarına cavabdehdir”.

Əməliyyatı həyata keçirən cərrah Mircəlal Kazımi Azərbaycanda qaraciyər və böyrək köçürmə əməliyyatları ilə məşhurdur. İlin əvvəlində, yanvarda APA-ya verdiyi açıqlamada Fərman Ceyranlının məsuliyyətdən yayınmaq üçün məsələni onun üstünə yönəltdiyini deyib.

Ceyranlının vəkili isə bu işlə əlaqədar Bakıya getdiyini və Kazımi ilə görüşdüyünü bildirir: “Onun kabinetində danışığımız oldu. O, çox açıq şəkildə bildirdi ki, ona bu haqda danışmağı qadağan ediblər. Daha sonra bildirdi ki, əməliyyatda heç bir problem ola bilməz. Hər bir şey düzgün edilib. Onun sözlərinə görə, problem ondadır ki, bu, siyasi məsələdir. Dediyinə görə, Azərbaycan Prokurorluğu ona hədə-qorxu gəlib ki, bu haqda heç nə danışmasın. Hətta mənimlə görüşdüyünə görə də ona problem yarana biləcəyini dedi. Mən isə sadəcə ondan şahid kimi ifadə götürmək istəyirdim. Əməliyyatı necə etdiyini danışmalı idi. Daha sonra mən onlardan xahiş etdim ki, prokurorluğa zəng etsinlər və desinlər ki, mən bura gəlmişəm və bəzi suallarım var. Çünki burda heç bir pis iş yox idi ki, gizli hərəkət edək. Nəyə görə ona belə bir təzyiqin edildiyini aydınlaşdırmaq istəyirdim. Yanımda zəng etdilər, azərbaycanca danışdılar. Kazıminin qadın vəkili mənə bildirdi ki, onunla danışan prokurora bizim gördüşdüyümüzü bildirəndə onlara hətta söyüş söyüb ki, nəyə görə siz Ceyranlının vəkili ilə görüşmüsüz. Siz onunla heç bir şey danışmamalısız”.

Doktor Mircəlal Kazımi ittihamlara cavab verməkdən yayınıb. “Məni bu məsələyə görə bir daha narahat etməyin”, – deyə danışmaqdan imtina edib.

Eyni ərəfədə Tbilisidə oğurlanaraq Bakıya aparılmış jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva da, Ceyranlı işinin Muxtarlı işi ilə əlaqəli, siyasi sifariş olduğunu düşünür: “Fərman Ceyranlı ilə Əfqan Muxtarlı işi arasında ən böyük bağ

Azərbaycanın Prezident Administrasiyasından gələn siyasi motivli həbs sifarişi olub. “Haqqın.az”-dakı yazı onların həbsinə zəmin yaratmaq üçün dərc olunmuşdu. Hər iki işlə bağlı sifarişi verən Azərbaycan hökuməti, icraçısı isə Gürcüstan hökuməti idi. Fərman Ceyranlını həbs etdilər, Əfqan Muxtarlını isə Gürcüstanın xüsusi xidmət orqanları oğurlayıb Azərbaycan hökumətinə təhvil verdi”.

L.Mustafayevə son illərdəki təzyiqlərə və sifarişli həbslərə səbəb kimi Gürcüstandakı hakimiyyət dəyişikliyini görür: “2016-cı ilin noyabrında parlament seçkilərindən sonra Gürcüstan parlamentində siyasi çoxluğu Bdzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyası əldə etdi. Artıq Gürcüstanda Koalisiya hökuməti mövcud deyildi və Azərbaycan hökumətinin tələblərini icra etmək daha rahat idi. Fərman Ceyranlının Gürcüstanda həbsi, Əfqanın isə Gürcüstandan oğurlanması Gürcüstanda hökumət dəyişikliyi sayəsində mümkün oldu. Gürcüstan hökuməti Azərbaycandan bu ölkənin ərazisinə sığınan tənqidi səsləri boğdu. Bu, Azərbaycan hökumətinə böyük dəstək idi. Amma görünən bu oldu ki, Əfqanın Tbilisidən oğurlanmasından sonra böyük beynəlxalq narazılıq olsa da, orda yaşayan jurnalist və aktivistlərə təzyiqlər dayanmadı. Gürcüstanda hökumət dəyişikliyi olmasa, Gürcüstanda yaşayan azərbaycanlı jurnalist və aktivistlərə olan siyasi münasibət də dəyişməyəcək”.

Ceyranlının qızı həbsə səbəb kimi onun Gürcüstanda 2016-cı ildə keçirilən parlament seçkilərində öz namizədliyini vermək istəməsini də göstərir. Həmçinin həbsdə olunduğu müddətdə də ona qarşı təzyiqlərin olduğunu vurğulayır: “Atam bir neçə ay Rustavidə həbsxanada saxlanılırdı. İyul ayında heç bir səbəb olmadan, izah verilmədən Qldaniyə köçürdülər. Orda da 3-4 gün karserdə saxlanılıb. Özünə də çox qəribə sözlər deyiblər. Deyiblər ki, sənin psixoloji vəziyyətin elədir ki, tək qalmalısan. Bu da çox məntiqsiz görünür. Tək saxlanılma hansı psixoloji problemin həlli ola bilər ki? Biz bunu son zamanlar atamın və bizim bir çox dövlət və beynəlxalq qurumlara, mətbuat orqanlarına, insan haqları təşkilatlarına müraciətlərimizlə bağlayırıq. Onun “Facebook” səhifəsində də bəzi yeni paylaşımlar var idi. Hansı ki, həbsdə olsa da, başqalarının köməyi ilə fikirlərini həbsdən ictimaiyyətə çatdırmışdı”.

Artıq dekabrn 6-da Ceyranlıyla bağlı Apelyasiya Məhkəməsinin yekun qərarı elan ediləcək. Ceyranlının qızı Lalə Hüseynli məhkəmənin ədalətli davranacağına ümidlidir: “Atam 30 milyon sərmayə ilə Gürcüstanda belə bir klinika yaradıb. 600-dən çox insana iş yeri yaradıb. Bütün bunların qarşılığında bizə edilən bu cür davranışa təəssüf edirik. Atamın bu zəhməti dəyərləndirilmədi və ona qarşı haqsız hərəkətlər edildi. Ümid edirik ki, növbəti məhkəmə qərarında onun məsələsi həllini tapacaq”.

 

MeydanTV