Fransa: Yanacağın bahalaşmasına etiraz: 400-dən çox adam yaralanıb

19/11/2018 - 09:13 9 961 0   0  

Fransada yanacağın bahalaşması əleyhinə kütləvi etirazlar ikinci gündür ki, davam edir.Rəsmilərin bildirdiyinə görə, etiraz aksiyalarının gedişində 400-dən çox insan yaralanıb. Fransa Daxili İşlər nazirinin sözlərinə görə, 300-ə yaxın etirazçı dindirilib, onlardan 157 nəfər saxlanılıb. Şənbə günü keçirilmiş küçə etirazlarında təxminən 288,000 insan iştirak edib, nazirlik bildirib.

“Sarı gödəcəklər” kimi ad çıxarmış etirazçılar bütün Fransa boyu avtomobil yollarında nəqliyyatın hərəkətini bloklayan maniələr qurublar.

Fransada Elabe institutu tərəfindən keçirilmiş rəy sorğusu göstərib ki, respondentlərin dörddə üçü “Sarı gödəcəklərin ” etirazını dəstəkləyir və 70 faizi isə yanacağa vergi artımı qərarının ləğvini istəyir. Daxili İşlər nazirliyinin məlumatına görə, şənbə günü küçə etirazları Fransanın 2000-dən çox məntəqəsində keçirilib.
İnsidentlərdən birində, etirazçılar tərəfindən əhatəyə alınan sürücü, özünü itirərək maşınını camaatın üstünə sürüb, nəticədə, bir qadın etirazçı ölüb.

Caen, Fransa

Caen şəhərində etirazçılar yolun üzərinə cızdıqları yazıda prezident Macron-un istefasını tələb ediblər. Fransanın Daxili İşlər naziri Christophe Castaner bildirib ki, 3500-dək etirazçı ötən gecəni küçələrdə keçirib.
Onun sözlərinə görə, 400-dən çox adam yaralanıb, onlardan 14 nəfər ciddi dərəcədə.
Fransa mediasının məlumatına əsasən, bazar günü etirazlar ölkənin 150 məntəqəsində davam etdirilib.
Fransada geniş istifadə edilən dizel yanacağının qiyməti son 12 ay ərzində 23% artaraq, orta hesabla 1 litr üçün €1,51 ($1,71; 2,94 manat) təşkil edib, AFP bildirib.
Macron höküməti bu il dizel yanacağının hər 1 litrinə 7,6 sent və benzinin hər 1 litrinə 3,9 sent vergi tətbiq edib.
2019-cu ilin yanvarın 1-dən isə bu vergilərin, müvafiq olaraq, 6,5 sent və 2,9 sent artırılması nəzərdə tutulur ki, bu da etiraz edən camaatın səbr kasasını daşdıran qərar hesab olunur./BBC Azərbaycanca/