"FƏLƏSTİNLİLƏRİ ÖLDÜRMƏYİ DAYANDIRIN, ƏKS HALDA..." - Husilər İsrail və ABŞ qarşısında şərt qoydular

21/11/2023 - 13:25 3 073 1   1  

“Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) İsrail və ABŞ Qəzza zolağında “fələstinliləri öldürməyi” dayandırana qədər ələ keçirdiyi “Qalaktika Lideri” (“Galaxy Leader” – red.) gəmisinin taleyini müzakirə etməyəcək”.
Bunu çərşənbə axşamı gecə üsyançıların yaratdığı Respublika Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.
“Əgər Amerika və İsrail Qəzzada fələstinliləri öldürməyi dayandırsalar, su, dərman və ərzaq çatdırsalar, o zaman İsrail gəmisi haqqında danışa bilərlər”, - o, X sosial şəbəkəsində yazıb.
Noyabrın 19-da “Al Hadath” telekanalı mənbələrə istinadən xəbər verib ki, husilər Ədən körfəzi sularında göyərtəsində 22 ekipaj üzvü olan “Galaxy Leader” yük gəmisini ələ keçiriblər. “Ənsar Allah” sözçüsü Yəhya Sariya gəminin ələ keçirildiyini təsdiqləyib və əlavə edib ki, gəmi Yəmən sahillərinə aparılıb və ekipaj saxlanılıb. İsrail hakimiyyəti “Qalaktika Lideri”nin ələ keçirilməsini pisləyib və İranı günahlandırıb. Yəhudi dövlətinin ordusunun mətbuat xidməti gəminin İsrailə məxsus olması barədə məlumatı təkzib edib.
Dəniz Hərəkəti Xidmətinin məlumatına görə, gəmi Baham adaları Birliyinin bayrağı altında üzürmüş. Daha sonra “Kyodo” agentliyi xəbər verdi ki, “Qalaktika Lideri”nin operatoru Yaponiyanın Nippon Yusen şirkətidir. Onun sözlərinə görə, gəmidə Bolqarıstan, Meksika, Rumıniya, Ukrayna və Filippindən olan 25 ekipaj üzvü olub, ekipajda İsrail və ya Yaponiya vətəndaşları olmayıb. Gəmi Böyük Britaniyadan olan bir şirkətə məxsusdur.