Kanadada ilin müəllimi seçilən həmyerlimiz - Azərbaycan məktəbi açacağıq

24/03/2019 - 22:29 14 188 0   0  

Azərbaycanı dünya ölkələrində tanıdan yüzlərlə həmyerlimizdən biri də Kanadanın Toronto şəhərinin Ontario vilayətində yaşayır. Torontoda minlərlə soydaşımız yaşayır. O soydaşlarımız ki, müxtəlif sahələrdə uğur əldə edir, Azərbaycanın adını ucaldaraq, ölkəmizi tanıdır.

Onlardan biri də bu gün haqqında danışacağımız Yeganə Cəfərovadır. Yeganə xanım Kanadada yüzlərlə müəllim içərisində “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülüb.

Oxu.az-a istinadla Kanadada Azərbaycan dillini tədris edən Yeganə Cəfərova ilə müsahibəni təqdim edirik:

- Yeganə xanım, əvvəlcə oxucular üçün özünüz barədə qısa arayış verin.

- Əslən Qarabağlıyıq. Sonralar ailəm İmişli rayonunun Cəfərli kəndinə köçüb.

1983-cü ildə orta təhsilimi başa vuraraq, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuşam. 1988-ci ildə həmin universitetin riyaziyyat-informatika müəllimi ixtisasını bitirmişəm. 1990-2000-ci illərdə 165 saylı uşaq bağçasında tərbiyəçi, üç il Beynəlxalq İxtira və Biznes İnstitutunda psixoloq kimi çalışmışam.

- Kanadaya gedən yol necə açıldı?

- Kanadaya köçməyimiz yoldaşımın işi ilə əlaqəli oldu. 2003-cü ildə yoldaşım yeyinti sənayəsi ilə əlaqədar Kanadada iş üçün müraciət etmişdi. Beləliklə biz Kanadaya gəldik.

Burada yavaş-yavaş işlərimizi yoluna qoymağa çalışdıq. Artıq 15 ildir ki, Kanadadayıq. Əvvəllər Toronto şəhərinin Ontario vilayətində bağçalarda çalışırdım.

2004-2005-ci illərdə isə bu şəhərin uşaq bağçalarının birində müəllim köməkçisi kimi işə başladım. İşi bəyəndiyim üçün buradan getmək istəmirdim, amma öz uşaqlarım çox kiçik idi. Əziyyət çəkirdim.

Evimdə fərdi uşaq bağçası açmaq üçün müraciət etdim. 2006-cı ildə nazirlikdən lisenziya alaraq bağçamızı açdıq və 10 ilə qədər bu bağçada fəaliyyət göstərdim.

- Kanadada azərbaycanlılar çoxdurmu?

- Bəli. Soydaşlarımızla burada keçirilən tədbirlərdə daha çox rastlaşırıq. İşlərimiz o qədər çox olur ki, hər biri ilə tanış ola bilmirik. Hər il 28 May günü Azərbaycan bayrağını hökümət evinin qarşısında ucaldırıq. Mənim şagirdlərim burada tariximiz haqqında çıxış edir.

Düşünürəm ki, harada yaşamağımızdan asılı olmayaraq vətənimizi, kimliyimizi unutmamalıyıq.

- Kanadada pedaqoji fəaliyyətə başlamaq, təhsil prosesinə adaptasiya olmaq çətin olmadı?

- Çətinlik hər zaman olur.

10 il öz fərdi bağçamda çalışdıqdan sonra kollecdə müəllim kimi fəaliyyət göstərmək üçün müraciət etdim. 2014-cü ildən Kanadanın “Pharma-Medical Science”, 2018-ci ildən isə “Canadore” kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənlər üzrə tədrisin metodikasından mühazirələr oxuyuram.

2016-cı ildən çalışdığım kollecdə Azərbaycan dilli sinif açılmışdı. Eyni zamanda, 2007-ci ildən bu günə qədər Toronto Təhsil Şöbəsinin arici dillər departamentinin yaratdığı məktəbdə çalışmağa başladım. Burada 56-ya yaxın xalqın dili tədris olunurdu ki, onların biri də Azərbaycan dili idi.

Həftədə bir dəfə, iki saat yarım azərbaycanlı şagirdlərə ana dilimizin sirlərini öyrədirdim.

Corc Braun kollecində xüsusi kurslarda iştirak etmişdim. Burada mənə diplomu əvəz edən və təhsilimin Kanada təhsili ilə uyğunlaşdığını təsdiq edən məktub verilib. Ona görə də təhsil sistemində rahatlıqla çalışa bilirəm.

- Kanadada Azərbaycan dili məktəbinin yaranması qürurvericidir. Bəs azərbaycanlı valideynlər övladlarınən ana dilini öyrənməsində nə qədər maraqlıdır?

- Demək olar ki, azərbaycanlı ailələrin hamısının uşaqları bu fürsətdən yararlanır. Sadəcə olaraq Kanadada 3 növbəli, 24 saatlıq iş rejimi olduğu üçün valideynlərin uşaqları bu kollece gətirməsi çətin olur. Başqa vilayətdə yaşayan valideynlər bəzən dərs saatlarının vaxtını dəyişməyi rica edirlər. Lakin təəəsüf ki, bu, mənim əlimdə deyil.

- Başqa xalqlarda Azərbaycan dilinə maraq varmı? Öyrənmək istəyənlər çoxdurmu?

- Əslində, maraqlanırlar. Amma onların sayı çox deyil. Bu gün Azərbaycan dilli sinfimdə 32 şagird var. Hər il də mənə müraciət edirlər ki, azərbaycanlıların məskunlaşdığı digər vilayətlərdəki məktəblərdə Azərbaycan dilli siniflər açılsın. Bu da mənə çox xoş təsir bağışlayır.

Kanadada böyüklər Azərbaycan dilini öyrənmək üçün daha çox müraciət edirlər.

- Yeganə xanım, Kanadanın təhsil sistemi necədir?

- Burada kurikulum sistemi tətbiq edilir və bu üsul daha da yenilənir.

Kanadada tədris prosesi Azərbaycandan fərqlidir. Müəllim şagird münasibətləri tədris prosesində çox mühüm rol oynayır. Müəllimlər uşaqlara dərsi əyləncəli şəkildə tədris edir ki, onlar darıxmasın. Dərslərin böyük əksəriyyəti uşaqların sualları ətrafında dəyişir.

Çünki uşaqların qavrama qabiliyyəti, terminologiyanı başa düşmək qabiliyyəti eyni deyil. Buna görə müəllimlər səbrlə, bütün üsullarla uşaqlara proqramı öyrətməyə çalışırlar.

Mən fikir verirəm ki, Azərbaycanda tədris üçün isifadə olunan kitablar, məktəb dərslikləri tez-tez dəyişilir. Bu düzgün deyil. Kanadada dərsliklərə dəyişiklik edilmir, tədris prosesinə dəyişiklik edilir. Düşünürəm ki, bu sistem daha doğrudur.

- Azərbaycanın təhsil sistemində hansı metodikanın tətbiq edilməsini istərdiniz?

- Çox istərdim ki, Kanadada tətbiq edilən sistem, təhsil sahəsində şagirdlərə qayğı, valideyn-müəllim, müəllim-şagird münasibətləri Azərbaycanda da eyni tətbiq edilsin. Şagirdin psixologiyasına diqqət etmək lazımdır. Təəssüf ki, Azərbaycanda şagirdlərin psixologiyası ilə maraqlanmırlar.

Müəllimlər dərsi başa düşməyən şagirdlərə qarşı kobud münasibət sərgiləməsinlər. Bu uşaqlar tədrisdən uzaqlaşırlar, digər şagirdlərin yanında psixoloji sarsıntı keçirirlər. Həqiqətən bu məqamların şagirdlərin uğur qazanmasında çox böyük rolu var.

Azərbaycanda təhsil işçilərinin şagirdlərə, tələbələrə münasibəti dəyişilməlidir.

- Övladlarınız necə, ana dilini mükəmməl bilirmi? 

- İki övladım var. Oğlum Aminin 22 yaşı var və  York Universitetinin Astrofizika fakültəsinin 3-cü kursunda oxuyur. Qızım Zemfiranın 20 yaşı var. O da Toronto Universitetinin Tibb fakültəsinin 2-ci kurs tələbəsidir.

Yoldaşım Valeh Cəfərov isə tibb sahəsində çalışır. Övladlarım hər il Azərbaycana gedir. Onlar vətəninə çox bağlıdır. Ana dili biliklərini təkmilləşdirirlər.

Bizim evimizdə kiçik Azərbaycan var. Azərbaycan yeməklərinə üstünlük verir, öz musiqilərimizi dinləyirlər. Hətta oğlum “Qarabağ” FK azakeşidir.

- Kanadada təhsil ödənişlidir, yoxsa..?

- Dövlət məktəblərində təhsil pulsuzdur. Özəl məktəblərdə isə ödənişlidir. Dövlət məktəblərində  ildə bir dəfə 20 dollar ödəniş edilir. Digər bütün xərclər dövlət tərəfindən qarşılanır. Heç bir pul söhbəti ola bilməz. Universitetlərdə təhsil pulludur.

Burada tələbələr oxuya-oxuya işləyə bilirlər. Onlara heç bir mane yaradılmır. Bununla həm təcrübə toplayırlar, həm də təhsildən sonra iş həyatına, belə desək, daha peşəkarcasına başlayırlar.

- Azərbaycan məktəbi açmağı düşünürsüzmü?

- Əslində, çox yaxşı məsələyə toxundunuz. Mən burada yaşayan soydaşlarımıza bu barədə demişəm. Bilirsiniz, Kanadada belə bir ritual var ki, əgər 50-dən çox eyni millətin vətəndaşı bir küçədə yaşayırsa, onlar ərazi üzrə aidiyyəti orqanlara müraciət edib bu küçəyə öz ölkələrinin adını verə bilərlər.

Eyni ilə də Azərbaycan məktəbi, Azərbaycan mətbəxindən ibarət olan restoranların açılması üçün müraciət etmək olar. 

Dil dərslərinin mümkün qədər çox təşkil edilməsinə ehtiyac var. Çünki Kanadada doğulan uşaqlar ana dillərini unutmaq üzrə idilər. Mən burada bir çox dövlətlərin məktəblərinin olduğunu görmüşəm. Artıq bu məsələyə diasporumuz da qarışıb. Bu istiqamətdə işləri gücləndirmək lazımdır.

- Ümumiyyətlə, kanadada Azərbaycan məktəbi varmı?

- Ottava əyalətində 6 ilə yaxındır fəaliyyət göstərən “Qarabağ” məktəbi var. Şagirdlərin sayı az olsa da, illərdir bu məktəbin fəaliyyətini qoruyub saxlaya bilirlər.

- Kanadada “İlin ən yaxşı müəllimi” seçilmisiniz. Necə hissdir?

- 2017-ci ildə 500-ə yaxın kolleci özündə birləşdirən “Ontario Kolleclər Asossiasiyası”nın və eləcə də, 2018-ci ildə “Pharma-Medical Science” kollecində yüzlərlə müəllim içərisində “İlin ən Yaxşı Müəllimi” seçildim. Təbii ki, bu çox xoş oldu.

İnsan zəhmətinin bəhrəsini görəndə qürurlanır. Mənim bu istiqamətdə uğur qazanmağımın əsas səbəbi tələbələrimdir. Qazandığı uğurlardan yola çıxaraq onların müəllimləri araşdırılır və bu meyarlarla müəllimlərə fərqləndirici qiymətlər verilir. Yeddi kollecdən yüddi müəllim bu ada layiq görüldü və onlardan biri olmaq böyük sevincdir.

Azərbaycanlı olduğumu bilən hər kəs ölkəmiz haqqında məlumat toplayır, mənə çoxlu suallar verir. Hər dəfə Azərbaycan adı hallananda mənə də xoş olur.

- Necə düşünürsüz, dilimizin qorunması istiqamətində zəruri tədbirlər görülürmü?

- Ölkəmizdən kənarda yaşayan azərbaycanlıların övladlarına ana dilimizi sevdirməsi onların özlərindən asılıdır. Bəzən vaxt məhdudiyyəti baxımından ailələr bu tədbirlərdən uzaq qalırlar.

Dilimizin qorunması istiqamətində atılan addımlardan biri o olar ki, azərbayacnlı ailələr bir yerə gəlib, uşaqlar üçün öz milli adət-ənənələrimizin təbliğ edildiyi tədbirlər həyata keçirsin. Hərçənd, bütün həmvətənlərimiz bu işə ciddi yanaşmasa da, dilimizin qorunması istiqamətində çalışanlar da az deyil.

Kanadalılar bizim milli geyimlərə, oyunlara çox maraqlıdır. Həmişə məndən soruşurlar ki, milli geyimlər olacaqmı? Bizim mədəniyyətimizə, dilimizə, milli dəyərlərimizə olduqca böyük maraq var. İstərdim ki, bizim soydaşlarımız da uşaqlarında doğma dilini sevməyə və bu dildə danışmağa məhəbbət yaratsınlar.