İran qayıqları ABŞ hərbi gəmisinə yaxınlaşdı – Körfəzdə insident

27/10/2018 - 21:12 26 395 0   0  

İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın sürət qayıqları Fars körfəzində hərəkətdə olan ABŞ-ın “USS Essex” hərbi gəmisinin 300 metrliyinə qədər irəliləyib.

Suveren.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Yayılan məlumata əsasən, SEPAH-ın 6 sürət qayığı “USS Essex” hərbi gəmisinə yaxınlaşarkən amerikalı general Cozef Votel həmin gəminin içində olub.

Bildirilir ki, “USS Essex” hərbi gəmisi SEPAH qayıqlarına xəbərdarlıq etsə də, onlar irəliləməkdə davam ediblər.

“USS Essex” hərbi gəmisinin kapitanı Brayn Mutti baş vermiş olayla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hadisədən bir neçə saat əvvəl İranın hərbi sürət qayıqlarından təhdid xarakterli mesaj alıblar:

“Onlar xəbərdarlıq edərək bildirdilər ki, əgər bizim helikopterlər onlar üzərindəki uçuşları dayandırmasalar, onlara atəş açacaqlar. Lakin bu təhdidə baxmayaraq, hər hansı insident baş vermədi və biz gəminin istiqamətini dəyişmədən yolumuza davam etdik. Görünür, onlar bizim nə etdiyimizi öyrənməyə və onu təhlil etməyə çalışırlar”.