"Susqun deputatlar YAP-ın namizəd siyahısından kənarda qalacaqlar"

29/01/2019 - 19:52 14 410 0   0  

Milli Məclisdə passivliyi ilə seçilən deputatların sayının çoxluq təşkil etməsi heç kəsə sirr deyil.

Növbəti parlament seçkilərində iqtidar partiyasını təmsil edən, hakim partiyanın yeritdiyi daxili və xarici siyasəti müdafiə etməyən, susqun deputatlar YAP-ın namizəd siyahısından kənarda qalacaqlar.

Millət vəkili Zahid Oruc da bunun anonsunu verib.

Məsələyə politoloq Qabil Hüseynli münasibət bildirib.

Qabil Hüseynli təkcə YAP-ın deputatlarını yox, digərlərini də qeyri-fəal olmaqda ittiham edib. Politoloq vurğulayıb ki, deputatlar siyasətlə məşğul olurlarsa, bu siyasəti aktiv sürətdə həyata keçirməlidirlər:

“Xüsusən, iqtidar partiyasının deputatları heç olmasa təmsil olunduqları partiyanın yeritdiyi siyasəti aktiv sürətdə dəstəkləməlidir. Zahid Oruc fəal deputatdır. Ona görə də, digərlərini qınayanda əlində kifayət qədər arqumentləri var. Kənardan baxıb, diqqət yetirdikdə görürsən ki, YAP-ın deputatlarının heç 10%-i aktiv təbliğat kampaniyasında iştirak etmir. Mənsub olduqları iqtidarın xarici və daxili siyasətinin müdafiəsində yaxından iştirak etmirlər. Elə adamlar var ki, parlamentin üzvü olsalar da, siyasətdən uzaq olduqlarını deyirlər. Bu, gülüş doğuracaq bir mövqedir”.

Ölkədə ciddi proseslərin, sürətli islahatların aparıldığını deyən Qabil Hüseynli bildirib ki, struktur islahatlarının məğzini anlamaq çətindir:

“Aparılan struktur islahatlarını deputatlar və hökumətin müəyyən orqanları əhalinin bütün təbəqələrinə çatdırmalıdırlar. Zənnimcə, aparılan struktur islahatları inqilabi xarakter daşıyır və onun uğurlu aparılmasının, hədəflərə çatdırılmasının əsas istiqamətlərindən biri də bu islahatların əhalinin daha geniş təbəqələrinə çatdırılmasıdır. Bu işdə də deputatlar fəal olmalıdırlar. Ancaq onlarda heç bir fəallıq görünmür”.  //yenicag.az