"İcra başçısı və qardaşı mağazamızı ələ keçirərək, başqa şəxsə satdılar" - DAHA BİR İCRA BAŞÇISINDAN ŞİKAYƏT / Fotolar

25/12/2019 - 12:35 7 294 0   0  

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan növbəti şikayət var.

Suveren.az xəbər verir ki, bu şikayət "Yeni Sabah"ın redaksiyasına Göyçay rayonu Qarabaqqal kənd sakini Quliyeva Cəmilə Niyazi qızı tərəfindən göndərilib. C. Quliyevanın iddiasına görə, icra başçısı və qardaşı Namiq İsmayılov onun ərinə məxsus obyekti icazəsiz olaraq başqa şəxsə satıb.

Sözügedən şikayət mətnində bildirilir:

“Əslən Göyçaydan olan Saatlı Rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılov və qardaşı Namiq bizim ailəyə məxus mağazanı saxtakarlıqla başqa şəxsə satıb bizi aldadıblar.

Belə ki, mərhum həyat yoldaşım Mikayılov Məcid Məhəmməd oğlu 15 il əvvəl Göyçay şhərinin Nizami küçəsi ərazinsində yerləşən Saatlı rayon icra başçısı Nazim İsmayılova məxsus “Ticarət Mərkəzi” adlı paltar bazarından yer alıb öz vəsaiti hesabına mağaza inşa etdirdi. Həmin yeri ona bazarın rəhbərliyi satmışdı. 15 il orada sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Həmin mağazanı öz vəsaiti hesabına inşa etdirsə də, bazarın rəhbərliyinə hər ay yer pulu adı ilə 250 manat ödəyirdi. Həmin bazar icra başçısı Nazim İsmayılova məxsus olsa da, rəhbərliyi qardaşı Namiq İsmayılov edir. Həmin paltar bazarında təxminən 300-dən çox mağaza var. Hər bir sahibkarla özlərinin tərtib etdikləri icarə müqaviləsi bağlayıblar. Onu da qeyd edim ki, oradakı mağazaların hamısını işlədən sahibkarlar öz vəsaitləri ilə inşa ediblər və hər ay biznesmen icra başçısına yer pulu ödəyirlər.

Həyat yoldaşım Mikayılov Məcid Məhəmməd oğlu xəstə olduğu üçün bir müddət həmin mağazanı işlədə bilmədi, 24.01.2017-ci il tarixdə ürək  xəstəliyindən dünyasını dəyişdi. Başımız onun yas mərasiminə qarışdı və həmin mağaza ilə bir müddət maraqlanmadıq. Oğlum işsiz olduğu üçün istədi ki, atasının mağazasını açıb işlətsin həmin vaxt direktor Namiq İsmayılov isə ona “atan ölməmişdən əvvəl mağazanın pulunu verib ondan almışıq” deyib. Mən bunun yalan olduğunu bilib ona iradımı bildirib dedim ki, “almısınızsa, hansı sənədə imza edibsə, təqdim edin” cavabında isə bizə dedi ki, “narazılığınız varsa, gedin məhkəməyə müraciət edin”.

İcra başçısının qardaşı Namiq İsmayılov bizi məhkəməyə ona örə yönəldir ki, oğlu Natiq İsmayılov Göyçay rayon Məhkəməsində işləyir. Həm də Göyçay şəhərindəki villalarının birini pulsuz qalmaq üçün Göyçay rayon məhkəməsinin sədri Zəfər Quliyevə veriblər. Həmçinin bazarın faktiki sahibi biznesmen icra başçısı Nazim İsmayılovun “kəsdiyi baş”a sorğu-sual yoxdur.

Qeyd edim ki, icra başçısı Nazim İsmayılova məxsus olan həmin “Ticarət Bazarı” adlı paltar bazarında 300 dən çox mağaza olsa da, heç birində kassa nəzarət aparatı yoxdur, işçilərlə əmək müqaviləsi bağlanmayıb, sığorta edilməyib,  istifadə edilən işığa görə elektirik sayğacı yoxdur. Hər bir mağazadan ayda 250-300 manat yer pulu yığılır. Biznesmen Nazim İsmayılov belə saxtakarlıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vursa da onlara “gözün üstə qaşın var” deyən yoxdur. Heç bir  aidiyyatı orqan orada təftiş apara bilmir. Çünki bazarın sahibi biznesmen icra başçısı Nazim İsmayılovdur.

Həmçinin onuda qeyd edim ki, icra başçısının qardaşı Namiq İsmayılov uzun müddət idi ki, Göyçay rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində işləyirdi. Bu ilin avqust ayında nazirliyin apardığı yoxlama nəticəsində külli miqdarda vəsait mənimsəməsi faktı aşkarlandı deyə, onu işdən çıxardılar. Biznesmen icra başçısı Nazim İsmayılov burada da özünü göstərib cinayət törətmiş qardaşının həbsinin qarşısını alıb onun Ucar rayon Məşğulluq Mərkəzinə müdir müavini vəzifəsinə təyin etdirə bildi. Ancaq Namiq İsmayılov  həmin vəzifəni bəyənməyib işə getmədi və öz ərizəsi ilə işdən çıxdı.

İndi bu saxtakar, talançı, biznesmen icra başçısı Nazim İsmayılov və onun qardaşı Namiq İsmayılov həyat yoldaşımın vəfat etməsindən sui-istifadə edib bizim ailəyə məxsus mağazanı ələ keçirərək başqa şəxsə satıblar. Bunlar o qədə həyasızlaşıblar ki, ölmüş şəxsin adından utanmadan yalan danışırlar.

Mən Göyçay rayonu Hacalıkənd kənd tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyirəm. And olsun o bir olan Allah ki, icra başçısı Nazim İsmayılov və onun qardaşı Namiq İsmayılov tam yalan deyirlər. Onlar həyat yoldaşımın vəfatından sui-istifadə edib ona pul verməyib, mağazanı ondan almadan qanunsuz olaraq başqa şəxsə satıblar. Əgər həyat yoldaşım həmin mağazanı onlara satmış olsaydı, bunu ailə üzvüləri bilərdi, hansısa bir sənədi imzalayardı. Fırıldaqçı, talançı İsmayılov qardaşlarının sözünə inansaq, onda belə çıxır ki, həyat yoldaşım ölməyinə bir-neçə dəqiqə qalmış həmin mağazanı onlara satıb. 

Nazim İsmayılovun gözü doymur ölmüş şəxsin malına göz tikir. Təkcə Göyçay rayonunda ona məxus çoxlu sayda mağazalar, otellər, şadlıq evləri, yanacaq doldurma məntəqəsi və möhtəşəm villalar var.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, mənə kömək edin, həyat yoldaşımın ölüməsindən istifadə edib mağazamızı ələ keçirib başqa şəxsə satmış icra başçısı Nazim İsmayılovun və onun qardaşı Namiq İsmayılovun barəsidnə ciddi tədbirlər görəsiniz. Həmin Ticarət Mərkəzində vergidən yayınma, əmək müqaviləsiz işlədilmə, elektirik sayğacı olmadan elektirik enerjisindən istifadə etmə, şişirdilmiş qiymətə yer pulu almaq və sairə qanunsuzluq faktlarının obyektiv araşdırılmasına tapşırıq verməyinizi xahiş edirəm”.

Qeyd edək ki, Nazim İsmayılov bundan əvvəl Göyçay (2001-2006), Şamaxı (2006-2011), Sabirabad (2011-2019) rayonlarında icra başçısı olub. O, cari ilin may ayından Saatlı rayonu İcra Hakimiyyətinin başçısıdır.