Şəhid ailələrinə birdəfəlik ödəmələrlə bağlı şikayətlərə RƏSMİ CAVAB

11/10/2018 - 14:07 8 125 1   0  

Oktyabrın 9-dan etibarən 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı proesdur başlayıb. Lakin bəzi ailələr iddia edirlər ki, indiyədək sığorta haqqı almadıqları halda, sistemdə onların ödəmə aldığına dair məlumat yazılır. Məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxladıq.

O, bildirib ki, vətəndaşlar Nazirliyə deyil, Dövlət Sığorta Kommersiya Təşkilatına müraciət etməlidirlər:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki sistem bir neçə qrumun təqdim etdiyi siyahı əsasında formalaşıb. Ədliyyə Nazirliyi, Dövlət Sığorta Kommersiya Təşkilatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış xidmətinin hazırladığı siyahı əsasında formalaşdığı üçün sistemdə səhv ola bilməz. Onlar Dövlət Sığorta Kommersiya Təşkilatına müraciət edib yaşadıqları problemi bildirsinlər. Onlar da siyahını yenidən yoxlayıb məsələyə aydınlıq gətirə bilərlər. Bəlkə ola bilər yardım başqa vərəsələrə təqdim olunub, onların məlumatları yoxdur. Yəni bu problemin həlli bizdə yox, Dövlət Sığorta Kommersiya Təşkilatındadır".

Xatırladaq ki, hərbi qulluqçuların ailə üzvləri sayta (www.mlspp.gov.az) daxil olaraq “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsini seçməli, hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlamalıdır.