SU SAVAŞLARININ DAHA BIR QURBANI: İsrail işğal etdiyi Qolan təpələrindən necə faydalanır... - ARAŞDIRMA

27/03/2019 - 12:03 18 694 0   0  

Deya Əli

Al-Akhbar (Livan), 23.03.2019

“Qolan təpələrindən – hətta barış şəraitində! – enməyi kəsdirən kəs İsrailin təhlükəsizliyini şiddətli təhdidə məruz qoyur”.

İsrail 1967 savaşında və sonra Qolan təpələrinin 80%-ə, yaxud 1158 kv.km-ə nəzarət edib, amma Suriya 1973 savaşının gedişində, haradasa, 100 kv.km-i qaytarıb. 1967-nin 4 iyununda Qolanda 139 kənddə müxtəlif etnik qruplara (ərəblər, türkmanlar və çərkəzlər) və dini qruplara (əsasən, sünni müsəlmanlar və xristianlar) məxsus 130 minə yaxın adam yaşayıb. Qolanın işğal edilmiş şimali-qərb bölümündə altı minə yaxın adam qalıb. Bu gün Suriyanın işğal edilmiş Qolanında beş böyük yaşayış məntəqəsində, təqribən, 26 min suriyalı yaşayır. Məcdəl-Şəms, Buklata, Məsədə, Əyn-Kiniyə və Qacar bu sıradadır. Əhalinin çoxunu unitarçı druzlar və az bölümünü Qacar kəndində yaşayan kiçik ələvi icması təşkil edir.

 

Etnik təmizləmə və Qolan təpələrinin ilhaqı

 

Qolan təpələri 1967 savaşnın gedişində İsrail işğalına qədər Suriyada etnik və dini rəngarənglik örnəyi idi. Çərkəzlər, türkmanlar, kürdlər, ermənilər və ərəblər bu ərazidə dinc və həmrəylik içində yaşayırdılar. Dini dözümlülük sünnilər, xristianlar, druzlar, ələvilər, ismaililər və şiələr kimi müxtəlif dini cərəyanlara yanaşı yaşamaq imkanı verirdi. Qolan Osmanlı imperiyasının xarabalıqlarında meydana çıxan ənənəvi Suriyanın miniatür modeli idi. Suriya müstəqil dövlət kimi kral I Feysəlin dönəmində yaranıb, amma Sultan Paşa əl-Atraş “Din Allah üçün, vətən hamı üçündür” şüarı altında Fransa mandatına qarşı üsyan qaldırdı.

İsrail tarixçisi İlan Pappe hesab edir ki, etnik təmizləmə yurdların dağıdılması və adamların qaçqına çevrilməsi yoluyla ölkənin etnik rəngarəngliyini məhv etmək cəhdini ifadə edir. Şübhəsiz, deportasiya ideyasının sinonist düşüncədə dərin kökləri var. Haim Veytsman 1919-cu ildə İngiltərədə “Sionist düşərgəsi” qarşısındakı çıxışında deyib: “Mən yəhudi milli ocağından danışanda ölkə inkişaf etdikcə bizə xeyli sayda yəhudi mühacirini cəlb etmək imkanı verən şəraitin yaradılmasını və son nəticədə İngiltərənin ingilis, Amerikanın amerikalı üçün olduğu kimi Fələstində yəhudininki olan cəmiyyət qurmağı nəzərdə tuturam”.

Baron Rotşildin qurduğu Yəhudi Məskunlaşması Assosiasiyasının (PICA) üzvü Şabtay Levi öz memuarlarında nağıl edir ki, baron onun torpaq alqısı üzrə fəaliyyətini yüksək dəyərləndirib: “O, qeyd etdi ki, sən öz işini yaxşı görürsən, amma söylədi ki, ərəbləri Suriyada və İordaniyanın şərq hissəsində saxlamaq çox pis olardı. Bu ərazilər İkiçayarası ölkəsi (İraq) kimi İsrail torpağnın bir hissəsidir”.

Rehavam Zeevi İsrail qərargah rəisi ilə görüşdə bildirib ki, “təpələri yerli əhalidən təmizləməliyik”.

Patrik Vulf yerli əhalinin silah gücünə ləğvini nəzərdə tutaraq hesab edir: “Əhali məskunlaşdırmağın məntiqi aradan qaldırmaqdır”.

Qolanda baş verənlər İsrailin sionist məskənlərin inşası üzrə müstəmləkə siyasətinin başa çatdırılması üçün 1967-ci il təcavüzü zamanı və sonra həyata keçirdiyi xalis etnik təmizləməydi.

Məgər 139 min adamdan 130 mininin yerini dəyişmək mümkün idi?

Beləliklə, bütün bölgədə əhalinin zorakılıqla ləğviylə üzləşirik. Əhali məskunlaşdırma prosesi savaşdan sonra, demək olar, altı ay çəkib. Kəndlər dağıdılıb, su və ərzağın verilməsi kəsilib. Köçdən imtina edən adamlar isə ölüm hədəsinə məruz qalıblar. Qolan 1967-ci il iyunun 9-da ələ keçirilib. İsrail buldozerləri ərəb kəndlərini cəmi bir aydan sonra yerlə bir etməyə başlayıb, yerli əhali isə işğal altında olmayan bölgələrə qaçmağa məcbur olub.

Səhitə kəndinin sakinlərilə bağlı hadisə belə örnəklərdən biridir. İsrail ordusu Məsədə kəndində sakinlərin evlərinə ziyan vurmayacağına söz verəndən sonra İsrail hökuməti onları təxliyə edib. Bundan başqa, sakinlərə vəd olunub ki, şərait yaxşılaşandan sonra onları kəndə qaytaracaqlar. Amma kənd sakinlərinin təxliyəsindən sonra İsrail ordusu bütün evləri dağıdıb. İsrail işğalı hətta bu gün də sakinlərə qayıtmağa imkan vermir. Kənd və ərazisinin önəmli bölümü sakinlərə girişin yasaqlandığı qapalı hərbi zona elan olunub.

İsrailin Qolan üzərində nəzarət təşkil etməyi 1981-də Knessetdə qanunuləşdirilib. İsrail əhaliyə İsrailm vətəndaşlığını zorla qəbul etdirib. Lakin əhali bunu qətiyyətlə rədd edib və İsrail pasportlarını yol qıraqlarına ataraq ərəb eyniyyətini saxlayıb. Bəzi sakinlər uzunmüddətli həbsə məhkum olunub, başqaları Britaniyanın 1945-də qəbul etdiyi fövqəladə vəziyyət qanununa görə inzibati həbsə məruz qalıb. İsrail hökuməti ev inşasının çətin şəraitinə istinad edərək Qolan əhalisini mərkəzləşdirilmiş planlaşdırma proqramlarına qatılmaqdan ardıcıl şəkildə çıxdaş edir. Təhsil sistemini dəyişir ki, Qolan təpələrindəki məktəbləri ərəb sektorundan ayırmaq üsuluyla Qolan sakinlərini ərəb eyniyyətindən etsin. İsrail hökuməti druz sektoruyla fəal məşğul olur, druzlar üçün təhsil proqramları yaradır ki, milli eyniyyət hesabına dini mənsubluqlarını möhkəmlətsin. Bu faktı qeyd etmək gərəkdir ki, Qolandakı icma bu təhsil proqramlarının hazırlanmasında iştirak etmir.

Qolandakı məskənlər

İsrail işğalın ilk günündən bildirib ki, Qolan mülki şəxslərə girişin yasaqlandığı qapalı hərbi zonadır, belə ki, o, “təmizləmə”ni başa çatdırmaq və özünü səs-küydən qorumaq üçün KİV-ləri nəzarətə götürə bilər. Bu dəyişilməsi mümkün olmayan gerçəklikdir. Qolan təpələrinin işğal edilmiş ərazilərində İsrailin ilk məskənləri 1967-nin 14 iyununda meydana çıxıb. Bu, Merom Qolan kubitsi idi (kubits – yəhudicə “qrup”u bildirir, bir növ, kolxoz sistemidir-tərc.).

David Ben-Qurion 1970-ci illərin sonunda deyib: “Qolan yüksəkliklərində artıq mövcud olanlara əlavə olaraq mümkün qədər tez 20 yəhudi məskəni qurmaq gərəkdir. Mənim fikrimcə, bu, yüksəklikləri əlimizdə saxlamağa yardım üçün ən uğurlu üsullardan biridir. Onda dünya yəhudiləri bu bölgədən qova bilməz”.

İsrail işğal edilmiş Qolanda 26 minə yaxın adamın yaşadığı 34 məskən qurub. Onların hamısı dağıdılmış ərəb kəndlərinin xarabalıqlarında yaşayırlar. Bunlardan ən böyüyü 1414 əhalisi olan Katsrindir. Ora bir neçə ticarət mərkəzi, ictimai mərkəz, zoopark və sosial xidmətlərlə birgə 1973-də yaradılıb. Katsrində turistlər üçün cazibədar təbiətli xeyli park var. Onun ardınca 1978-də Haspin məskəni ortalığa çıxıb. Orada 1455 adam var. Haspin işğal edilmiş Qolanda dini sionizmin mərkəzi sayılan dini məskəndir. O, “Novis İris” təbiət qoruğunun yaxınlığında yerləşir. Ən kiçik məskən 1982-də əsası qoyulan Nimrod qəsəbəsidir. Onun ərazisində cəmi 13 İsrail ailəsi yaşayır.

Qolandakı məskənlərin xəritəsinə diqqətlə baxsaq, onda görərik ki, məskənlərin yaradılmasında hərbi amil müəyyənedicidir. Onlar iki yöndə yerləşib: birincisi tağ formasındadır və Bəniyas ətrafında Hermon dağının yamaclarından başlayaraq atəşkəs xətti (10.06.1967) və əsas ox (Məsədə – əl-Kunəytrə – ər-Rəfid – əl-Hammə yolu) boyunca, ikincisi isə Qolanın cənubi-qərb sərhədində (04.06.1967) Tveriya gölünün şərq sahili yaxasıyla gedir. Məskənlərin çoxunun əhalisi 700 nəfəri keçmir. Neve Qordon və Morril Ram etnik təmizləmə və müstəmləkə coğrafiyasının modelinin formalaşması haqqında məqalədə bu hadisəni belə izah edirlər: “Qərb sahildəki və Qolandakı etnik təmizləmələr sıx bağlıdır. Etnik təmizləmələrin dərəcəsi və faizi – bax, kolonializmin xarakter və hüdudlarını bu, müəyyən edib. Məsələn, Qərb sahili (İordan çayının qərb sahili-tərc.və Qolan nisbətən “təmiz” idi və buna görə də orada mülki məskənlərin yaradılması üzrə fəal hərəkət hərbi güc vasitəsilə başlanıb. Köçkünlərə yerli xalqlara göz qoymaq üsulu kimi baxılıb ki, öz dövlətlərini qurmağının qarşısı alınsın. Qolanda böyük sayda köçkünə böyük ehtiyac yox idi, çünki onlar praktik olaraq tam etnik təmizləməyə məruz qalıb. Suriyanın 139 kəndindən cəmi beşi İsrail hərbi işğalının altında qalıb, qalanı isə tam məhv edilib və sakinləri qovulub. Qolandakı yəhudi məskənləri bu ərazidə demoqrafik balansı təmin etmək üçün məhz buna görə yetərlidir”.

Qolana yatırımlar və şərabçılıq

İsrailin Müstəqil Araşdırma Mərkəzinin (Who Profits 18) məlumat bazasına əsasən, işğal edilmiş Qolanda əsasən özəl sektordan 73 yatırım şirkəti fəaliyyətdədir. 48 şirkət İsrailindir və İsraildə, 17-i isə Suriyanın işğal olunmuş Qolanında mənzillənib. Qalan say işğal edilmiş Qərb sahilində yerləşən Çin, Amerika, Cənubi Koreya və Hollandiya şirkətləri arasında bölünüb. Ən önəmli yatırımlar kənd təsərrüfatı sektoru, qida sənayesi və təbii resurslar sektoruna daxil olur. Yatırımların bu sahəsi Qolandakı ümumi yatırım həcminin, təxminən, üçdə birini təşkil edir. Təəccüblü deyil ki, bu şirkətlərin hamısı İsraildə, ya da Qolan məskənlərində və Qərb sahilində mənzil salıb. Məsələn, “Aluma” kənd təsərrüfatı şirkəti tərəvəz və meyvə ixrac edir, “Assaf Vayneri” (Assaf Winery) şirkəti şərab ixrac edir və Kedmat Tsvi qəsəbəsində əsaslanıb, “Barkan Vayneris” (Barkan Wineries) şirkəti də şərab ixrac edir və İsraildə ən böyük şərabçılıq müəssisələrindən biridir. “Bazelet Haqolan Vayneri” (Bazelet Hagolan Winery) şirkəti Qolan təpələrində yüksək keyfiyyəti və ətriylə ad çıxaran şərab istehsalıyla məşğul olur, “Bereşit” (Beresheet) şirkəti alma, albalı və başqaları kimi mövsümi meyvələrin yetişdirilməsi və satışıyla məşğuldur. O, təkcə Qolanda əsaslanmayıb, həm də başqa yaşayış məntəqələrində xeyli filialı var. Sözügedən şirkətlərə bir daha baxsaq, görərik ki, Qolanda üzüm yetişdirməyə və şərab istehsalına xeyli yatırım daxil olur. Bu, sionist müstəmləkə layihəsini başa çatdırmaq üçün gərəkdir.

Başqa şirkətlər qaz, elektrik və su təchizatı daxil olmaqla müxtəlif sektorlarda işləyir. Məsələn, işğal edilmiş Fələstin ərazilərində məskənlər tikməklə məşğul olan “Afek oil ənd qaz” (Afek oil and gaz) və ya “Aqrotop” (Agrotop) şirkəti. Habelə Amerikanın (bu yaxınlarda beynəlxalq hərəkatın çağırışına cavab olaraq işğal edilmiş ərazilərdən öz yatırımlarını çıxaran) mənzillərin saxlanması üzrə “Erbienbi” (Airbnb) şirkəti. Hollandiyanın “Eltays” (Altice) şirkəti telekommunikasiyalarla, habelə nəzarət və təhlükəsizlik məsələlərilə məşğul olur. “Benk ostar hahayal” (Bank ostar hahayal) kimi bir sıra banklar Qolan təpələrində, Qərb sahilində və Şərqi Qüdsdə köçkünlərə bank və maliyyə xidmətləri təqdim edir. Mənzil qərargahı işğal edilmiş Qərb sahildə olan “İ-pi-er sistems” aparıcı texnolgiya şirkəti (EPR Systems) yaşayış məntəqələrində informasiya və maliyyə sistemləri üçün ixtisaslaşdırılmış proqram təminatı hazırlayır. Cənubi Koreyanın dünyada ağır texnika istehsalı üzrə beş ən böyük şirkətindən biri “Hyonday hevi indastris” də (Hyundai Heavy Industries) işğal edilmiş ərazilərdə işləyir.

İsrail druzları Qolan təpələrində

Şimal bölgəsi komitəsi 2016-da bildirib ki, ətraf mühitin qorunması üzrə Assosiasiyanın etirazına baxmayaraq, İsrailin “Afek” şirkətinə işğal edilmiş Qolan təpələrində neft quyusu qazmağı daha iki il davam etdirməyə icazə verib. O, təkid edib ki, qanuna görə, şirkət “İsraildə suya və əhalinin sağlamlığına ziyan vurmaq səbəbindən” qazıntını sürdürə bilməz. Şirkət bu zaman bildirib ki, qazıntı işlərinin davamı “Qolanın cənubunda böyük neft anbarının mövcudluğunu təmin etməyə imkan verir ki, bu da İsraildə iqtisadiyyatın bərpası və sosial bərabərsizliyin azalmasına gətirə bilər”.

İsrail və Qolan

İsrail öz müstəqilliyini elan etdiyi andan bəri üç əsas məsələni məhdudlaşdırmaqdan imtina edibtorpaq, su və təhlükəsizlik. Çünki bunları eyni dərəcədə önəmli sayır. Qolanda strateji su anbarı və İsrail üçün əsas su qaynağı yerləşir.

İshaq Rabin Knesset üzvlərinə deyib: “Dünyada bizi düz yolumuzdan sapdıracaq güc yoxdur.Və təhlükəsizlik tədbirlərinin yardımı olmadan həqiqi və əhatəli barış olmazdı… Mən hesab edirəm ki, Suriyaya istənilən güzəştdə İsrailin təhlükəsizliyi riskə düçar olur. Biz təhlükəsizlik və barışa bel bağlayırıq, amma bizə təhlükəsizlik zəmanəti verildiyinə əmin olmasaq, Dəməşqlə heç bir sülh sazişi bağlamayacağıq”.

Benyamin Netanyahu milyonlarla yəhudi köçkünün su təhlükəsizliyi üçün su resurslarına nəzarətin önəmini vurğulayıb: “Qolan təpələrinin gələcəyindən söz düşəndə strateji su ehtiyatları da mühümdür. Qolanda İordan çayı və Tveriya gölünün qaynaqları cəmlənib. Bunlar İsraildə su ehtiyatının 40%-i təmin edir, nəzarətdən imtina isə bildirir ki, İsraili susuz qoymaq səlahiyyətini suriyalılara verərik”.

“Sionizim və dünya siyasəti” kitabında deyilir ki, “Fələstinin gələcəyi bütünlkdə Litaniya və Yarmuk çaylarına, habelə İordan çayının mənbəyinə nəzarət edən dövlətin əlindədir. Bu isə Qolan üzərində nəzarət deməkdir”.

İşğal edilmiş Qolan üçün yağış suyunun bolluğu xarakterikdir. İllik yağıntı səkkiz ay boyunca düşür. Bunun miqdarı il ərzində, təxminən, 1,38 milyard kubmetr təşkil edir ki, bu da Suriyada yaxşı göstərici sayılır. Qolan yüksəklikləri qismən qarla ötrülmüş, ərəb bölgəsində ən böyük su ehtiyatına malik Cəbəl-əş-Şeyx zirvəsinə keçir. Yağış suyu süxurlarda yaxşı saxlanır və bu ərazi buna görə yeraltı sularla, Beyt-Cann, əl-Vəzzani, əl-Nəhilə, Dibbə və Səyyadə kimi bulaq və quyularla zəngindir. Qaynaqların çoxu və yeraltı sular İordan, Yarmuk, Vadi əl-Rukada çayının əsas qolları və Tveriya və Məsədə göllərinin hesabına formalaşır.

İsrail Qolanın su resurslarına nəzarət məqsədilə Barax Ram layihəsi kimi bir sıra layihələr gerçəkləşdirir. Bu köhnə vulkanik çökəklik (təxminən, 400 min kubmetr) Qolanın şimalında kənd təsərrüfatı üçün əsas su qaynağıdır. Layihə ilə İsrailin “Mekorot” şirkəti məşğul olur. İsrailin “Mey Qolan” (Mei Golan) kənd təsərrüfatı şirkətinin 2006-cı ildə üzərində işləməyə başladığı əl-Kunəytrə su layihəsi də var. Onun işlənməsi Suriya və İsrail arasında 1973-cü ildə müəyyən edilmiş atəşkəs xəttinin bir neçə metrliyində 200 dunamda (Osmanlı imperiyasının tərkibində olmuş ölkələrdə sahə vahidi-tərc.) başlanıb. Su resursları həm ərəb bölgəsi, həm də İsrail üçün önəmlidir. O, Ərəb-İsrail münaqişəsində əsas amildir, çünki su təhlükəsizliyi ərzaq təhlükəsizliyi məsələsilə bağlıdır. İşğalçlı hökumət Qolan təpələrini möhkəm saxlayacaq ki, Qolanda yaşayan milyonlarla yəhudinin yaşayışını təmin etsin.

Nəticə

İsrail məskənlər tikmək və yatırım layihələri gerçəkləşdirmək vasitəsilə Qolanda iştirakını təmin etmək üzərində fəal işləyir. O, işğal edilən Qolana kapital və məskunlaşmaq üçün köçkün cəlb edərək bu bölgənin bütün resurslarından istifadə etməyə çalışır. İsrail ərəblərə mövcud gerçəkliyi dəyişmək haqda düşünməyə imkan vermir və yatırım və köçkün artımına bel bağlayır. Bu gün 41 il keçəndən sonra İsrail yəhudilərin Qolan təpələrindəki “tarixi varlığı”ndan danışır. ABŞ-ın indiki administrasiyasına basqı göstərir ki, o, İsrailin Qolan üzərindəki suverenliyini tanısın (nəticə artıq bəllidir-tərc.). İsrailin praktik olaraq hər bir partiyası “işğal edilmiş Qolanın İsrail üçün strateji önəminə” vurğu edir. “İsrail qalxanı” partiyasının başçısı Benni Hants bir neçə gün qabaq seçkiqabağı kampaniya zamanı bildirib: “Biz Qolan təpələrindən getməyəcəyik” və praktik olaraq Rabinin tarixi ifadəsini hərfi mənada təkrarlayıb.

Əlbəttə, bu, qaçılmaz sonluğu bildirmir. Son söz həmişə İsrailin olmayacaq. Bütün bölgənin böyük dəyişikliklər yaşadığı bir zamanda Qolanın ərəb sakinləri qabaqkı kimi öz milli eyniyyətlərinə və ərəbçiliyə sadiqdirlər. Və İsrailin özü çox gözəl anlayır ki, dəyişənlərin hamısı onun xeyrinə deyil.

Tərcümə Strateq.az-ındır.