Laçının icra başçısına şok korrupsiya ittihamları - Prezidentə rəqəmlər...

22/04/2019 - 22:39 15 148 0   0  
“Cənab prezident, rayonu işğal altında olan bir icra başçısının acgözlüklə dövlətin sərvətlərinə qənim kəsilməsi məni sözün əsl mənasında bir azərbaycanlı olaraq çox utandırır

İnsan necə öz dövlətinə, xalqına qarşı bu qədər düşmənçiliklər edə bilər?!”

Laçının Vağazin kənd sakini Mürsəlzadə Əliağa Albəndə oğlu Cahan.info-ya göndərdiyi şikayət məktubunda belə yazıb. Onun sözlərinə görə, Laçının icra başçısı Aqil Nəzərli erməni “dəyirmanına su tökür”. 

Ə.Mürsəlzadə qeyd edib ki, A.Nəzərli korrupsiyaya bulaşıb: “Rəsmi şəkildə əmək müqaviləsi ilə işləyən hər kəs bilir ki, işçinin əmək haqqından məcburi və könüllü tutulmalar eynidir. 

Məcburi tutulmalar Vergi, DSMF, İşsizlikdən Sığorta Fonduna edilən ödəniş və büdcə təşkilatlarında məntiqsiz olsa da, mövcudluğu yalnız pul yığmaqda görsənən "Həmkarlar İttifaqı"na tutulmalardır. 

Ancaq Laçın rayon icra başçısı Aqil Nəzərlinin göstərişi əsasında könüllü tutulmalar sırasında olan “Xeyriyyə Fondu”na tutulma məcburidir. 

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon "Xeyriyyə Fondu"nun bank hesabına ödənilir. 

Və faktiki olaraq 10 minlərlə manat vəsait heç bir zaman da təyinatı üzrə istifadə edilməyib və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 500, 1000 manat yazılaraq həmin hesabdan pullar çıxarılır”. 

Məcburi köçkün yazır ki, 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar aylarında Aqil Nəzərli yenə də öz adamlarının adlarına 500, 1000 manat civarında çox sayda adamın adına yazaraq "Xeyriyyə Fondu"nun vəsaitlərini çıxarıb: 

“Və həmin adamlar pulları Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərliyə təhvil verərək qarşılığında 15-20 manat zəhmət haqqı alıblar. 

Digər bir korrupsiya faktı isə Laçın rayon Mişni, Qarıqışlaq və Vağazin kəndinin Qarağac obasında birinin smeta dəyəri 8 000 manat dəyərində olan 3 ədəd su quyusunun qazılması üçün quyunun hər birinə 85 000 manat ayrılmış və ümumilikdə 231 000 manat vəsait Aqil Nəzərli tərəfindən mənimsənilib. Cənab prezident, düşmən ocaq başında əyləşib”.

Suveren.az  xəbər verir ki, A.Nəzərli Laçın RİH başçısı olduğu dövrdən talanla məşğuldur. Onun adı müxtəlif korrupsiya, maxinasiyalarda hallanır, əhali narazılıq edir, insanları incidir, köçkünlərlə maraqlanmır. 

Bu günlərdə Laçın sakinin Həsənzadə Şamil Əsəd oğlu tərəfindən prezidentə müraciətdə dəhşətli faktların üstü açılmışdı.

Sitat: “2017-ci ildə ailəmizin vəziyyətinin ağır olması və özümündə işə yararlı olduğum üçün Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qəbulunda oldum. 

Ailə vəziyyətimizin ağır olduğunu üçün kömək məqsədiylə mənim işlə təmin olunmağımı xahiş etdim. 

Aqil Nəzərli işlə təmin olunmağım üçün qardaşı Müqabil Nəzərliylə görüşüb mənə bu barədə köməklik etməsini deməyimi bildirdi. 

Mən də Müqabil Nəzərlinin “Laçın petrol”dakı ofisinə getdim və Müqabil Nəzərliylə görüşdüm, Aqil Nəzərlinin göndərdiyini dedim. 

Müqabil Nəzərli də mənə fermalarında işləməyimi dedi. Mən də bildirdim ki, mən nökərçilik etməyə deyil, dövlət tərəfindən yaranmış idarələrin birində fəhlə işlə təmin olunmağıma köməklik et. 

Müqabil Nəzərli mənə bildirdi ki, idarə müəsisələrdə işə düzəlmək üçün şirinlik verməlisən. Mən də işə düzəldikdən sonra ilk maaşımla şirinlik üçün marketlərindən şokolad - konfet alıb, imkansız uşaqlara paylayacağımı bildirdim. 

Müqabil Nəzərli bunu eşidəcək mənə bildirdi ki, özünü bilməməzliyə vurma nə konfeti, şirinlik üçün 900 (doqquz yüz) manat verməlisən. 

Bildirdim ki, imkanım olsaydı niyə iş istəyirəm ki, elə özüm birtəhər dolanaram. Müqabil Nəzərli bunu eşidib məni ofisindən qovdu”. 

Onun sözlərinə görə, ayuxarı orqanlara müraciət edib və bundan sonra təzyiqlərlə üzləşib:“Belə ki, Aqil Nəzərli Suvarma sistemlərində vəzifədə işləyən həmkəndlimə pul verərək məni şərlətdi. 

Onlar iddia edirdilər ki, guya mənə iş düzəltmək üçün pul veriblər. 16 yaşında bir uşaq iş düzəldə bilirsə, o zaman nədən imkansız olduğumuz üçün Aqil Nəzərlidən fəhləçilik istəyirəm?

Cənab Prezident, mən bu barədə Sizə və aidiyyati orqanlara müraciət etməyimə baxmayaraq Aqil Nəzərli məni həbs etdirdi. 18 yaşım olmamasına baxmayaraq 178.2-ci maddəsiylə mənə cinayət işi açdırdı.

Hazırda Aqil Nəzərlinin təqib və təziqlərindən mən Bakı şəhərində küçələrdə yaşamağa məcbur olmuşam. 

Küçələrdə ac-susuz qalmaqdan xəstə olmuşam. Böyrəklərim, ciyarlərim sıradan çıxıb. 2 ildir ailə üzüvlərimlə belə görüşə bilmirəm”.

Buyurun, iki laçınlının məktubları kifayətdir ki, bir məmurun işğala məruz qalmış bölgənin əhalisini necə idarə etdiyi aydınlaşsın.