"Qarabağlıları geri qayıtmağa razı salmaq üçün Azərbaycan dəyişməlidir" - Levon Zurabyan

09/02/2019 - 21:51 23 197 0   0  

''Əgər öz vətəndaşlarınızın hüquqlarını təmin etməyə qadir deyilsinizsə, qarabağlıların hüquqlarını necə təmin edəcəksiniz?''.

“Ermənıstanda hakimiyyətə gəlmiş Nikol Paşinyanın komandasının Levon Ter-Petrosyanın komandasının üzvlərindən ibarət olması barədə fikirlər doğru deyil. Bu gün bunlar iki müxtəlif siyasi qüvvədir. Əvvəllər, 2008-ci ildə barrikadanın eyni tərəfində olublar”.

Bunu əvvəlki parlamentdə Erməni Milli Konqresinin deputat fraksiyasının rəhbəri, hazırda Ermənistanın eks-prezidenti Levon ter-Petrosyanın rəhbərlik etdiyi həmin siyasi təşkilatın liderlərindən biri Levon Zurabyan “Turan”a müsahibəsində bildirib.

Agentliyin əməkdaşı 1-5 fevral tarixlərində Ermənistanda səfərdə olub və bu ölkənin daxili və xarici siyasətini müəyyən edən siyasi qüvvələrin təmsilçiləri ilə görüşüb.

Levon Zurabyan erməni siyasətinin liberal qanadının və Levon Ter-Petrosyanın ən yaxın silahdaşlarından biri hesab olunur.

Paşinyan hökumətinin proqramı barədə sualın cavabında Zurabyan deyib ki, seçkilər yeni keçirilib, yeni parlament formalaşıb və hökumət hələ öz proqramını təqdim etməlidir.

"Onların proqramını gördükdən sonra müqayisə və tənqid edəcəyik, ya da dəstəkləyəcəyik. Paşinyan komandası hakimiyyətə gəldiyi vaxtdan dövlət işləri ilə yox, daha çox siyasi mübarizə ilə məşğul olub. Belə ki, parlament əsasən köhnə rejimin nümayəndələrindən ibarət idi. Bu cür ikihakimiyyətlilik şəraitində ölkənin idarə edilməsi ilə bağlı hansısa proqramdan danışmaq yersiz olardı. Amma indi, parlamentdə yerlərin çoxunu aldıqdan sonra Paşinyan öz proqramını irəli sürmək və fəaliyyətə başlamaq imkanları əldə etdi. Bizim rəyimiz də o zaman olacaq", - Zurabyan vurğulayıb.

"Məxməri inqilab" və Paşinyan komandasının uğurunun səbəbləri nə idi? Zurabyan bu suala belə cavab verib: "Dünyada heç bir xalq korrupsiyanı, azadlıqların məhdudlaşdırılmasını istəmir. Hamı demokratiya, bərabər imkanlar, qurub-yaratmaq istəyir. Məhz bunlar da Ermənistanda yox idi. "Məxməri inqilab"ın əsas səbəbi bu idi.

Biz mitinq eləməyi xoşlayırıq və bəyənmədiyimiz bir şey olursa, bunu bəyan edirik və bu etirazlar hər zaman dinc olub. Yeganə istisna 2008-ci ilin 1 mart mitinqidir. O zaman Ermənistanın tarixində ilk dəfə olaraq hakimiyyət öz xalqına qarşı güc tətbiq etdi. Bu yaxınlardakı hakimiyyət dəyişikliyi təsdiq edir ki, 2008-ci ilin martında olduğu kimi qüvvə tətbiq ediləcəyi barədə hədələr səslənəndə xalq bunu qəbul etmədi və küçələrə çıxdı".

"Ermənistanın keçmiş prezidenti Robert Koçaryana və Ermənistanın keçmiş rəhbərliyinə qarşı cinayət təqibinə bəraət verilibmi" sualının cavabında Zurabyan deyib ki, bunu öz ölkəsinin daxili işi hesab edir və bu mövzunu Azərbaycan mətbuatı ilə müzakirə etmək istəmir.

Eyni zamanda deyib ki, "orada sağlamlaşdırma prosesi gedir. Bu, dövlət xadimlərindən və məmurlardan heç kimin müəyyən çizgiyi keçməməli" olduğunu ortaya qoymalıdır.

Yerevan və Qarabağ erməniləri arasında münaqişənin və ya ziddiyyətin olması barədə fikirlər nə dərəcədə doğrudur? Zurabyanın fikrincə, heç bir münaqişə yoxdur. Müəyyən şəxslər var ki, öz siyasi məqsədləri üçün bu mövzu ilə spekulyasiya edirlər: 
"Ermənistanda da, Qarabağda da adamlar başa düşürlər ki, bunlar mənasız və zərərli söhbətlərdir".

1997-ci ildə Levon Ter-Petrosyanın "Müharibə yoxsa sülh: Daha ciddi olmağın vaxtıdır" məqaləsində söylədiyi fikirlər bu gün nə qədər aktualdır?

L.Zurabyanın sözlərinə görə, orada söylənilən fikirlər aktualdır, ancaq dünya dəyişib.

"O zamanlar Ermənistanın strateji maraqlarının dərk edilməsi doğru idi, ancaq indi vəziyyət dəyişib. Ona görə də həmin məqalədə deyilənlərin hamısını bu gün tətbiq etmək mümkündür söyləmək doğru olmazdı", - L.Zurabyan deyib. O, geosiyasi vəziyyətin dəyişdiyini, ilk növbədə Qərblə Rusiya arasında soyuq müharibənin kəskinləşdiyini qeyd edib. Eyni zamanda vurğulayıb ki, 1997-ci ildə Azərbaycanın bugünkü kimi neft gəlirləri, belə silahları yox idi.

“Bu, Ermənistan üçün vəziyyətin pisləşməsi deməkdirmi” sualına cavabında Zurabyan deyib ki, vəziyyəti ancaq bir amilə görə qiymətləndirmək olmaz və vəziyyət təkcə Ermənistan üçün yox, həm də Azərbaycan üçün pisləşib. Ancaq o, Azərbaycan üçün məhz nəyin pisləşdiyini dəqiqləşdirməyib.

Nəyi nəzərdə tutduğunu açıqlaması barədə xahişin cavabında deyib ki, "Azərbaycanda çoxu status-kvonu həlli mümkün olmayan problem kimi qəbul edir".

Ter-Petrosyanın məqaləsində belə fraza vardı: "Bu gün imtina etdiyimiz şeyi sabah istəyəcəyik, ancaq onu bizə daha verməyəcəklər (söhbət nizamlanmada ilkin addım kimi Qarabağ ətrafında rayonların azad edilməsini nəzərdə tutan mərhələli nizamlanmadan gedir-red.).

Ermənistan yeni müharibə başlayarsa, işğal etdiyi əraziləri itirə biləcəyindən ehtiyat etmirmi? Bəlkə indi razılığa gəlib qarşılığında nəsə almaq yaxşı olmazdımı?

Bu sualın cavabında L.Zurabyan bildirib ki, həmin məqalədə Ter-Petrosyan deyib ki, yeni müharibə başlayarsa Azərbaycan yeni ərazilər itirə bilər, qələbə qazanacağını düşünməsin.

"Güzəştlərə, qarşılıqlı güzəştlərə hazır olmaq lazımdır, Azərbaycan başa düşməlidir ki, bunsuz heç bir şey mümkün deyil", - Zurabyan deyib.

1997-ci ildə Ter-Petrosyan hökuməti nizamlanmanın mərhələli həlli variantını qəbul etmişdi. Həmin planın bu gün qəbulu mümkündürmü?

Zurabyan bu suala belə cavab verib: "Dərc edilmiş həmin sənəddən belə məlum olur ki, razılığa üç tərəf gəlir: Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ.

Həmin sənəddə deyilirdi ki, Qarabağın statusu növbəti danışıqlar zamanı müəyyən ediləcək. Bu, o deməkdir ki, Qarabağ ona sərf etməyən istənilən varianta veto hüququ əldə edir. Ona görə də 1997-ci il variantı əslində Dağlıq Qarabağın statusunun beynəlxalq tanınması demək idi.

O zaman həmin variant Azərbaycanı, Ermənistanı qane edirdi, ancaq Dağlıq Qarabağı qane etmirdi.

"Bunu nizamlanma ilə bağlı itirilmiş imkan hesab etmək olarmı?" sualının cavabında Zurabyan qısaca "əlbəttə" cavabını verib.
"Qarabağın bu variantdan imtina etməsinin səbəbi nədir? Səbəb odur ki, Qarabağ bu problemə özünütəyin məsələsi kimi baxır. Biz heç zaman Azərbaycana ərazi iddialarından danışmamışıq. Ter-Petrosyanın formulu belə idi: Azərbaycan və Qarabağı qane edən variant Ermənistanı da qane edir. Qarabağla razılığa gəlmək Bakının vəzifəsi idi.

Şotlandiyanı götürün: bəzi qüvvələr müstəqillik istəyirlər və London onlarla danışıqlara gedir, inandırmağa çalışır, ya nəsə təklif edir və şotlandiyalılar da qərara alır: qalsınlar, yoxsa Birləşmiş Krallığın tərkibindən çıxsınlar. Təəssüf ki, Bakı dialoq yolu ilə getmədi. Müharibə çox dağıntı və qurbana, iqtisadi itkilərə səbəb oldu və bütün regionun atmosferini zəhərlədi".

Bakı nə etməliydi ki, qarabağlılar ayrılmaq məsələsini ortadan qaldırsınlar? Zurabyan deyib: "İstənilən mərkəzi hakimiyyət özününkü hesab etdiyi vilayətlərə mühüm şərtlər toplusu təqdim etməlidir: təhlükəsizlik, demokratiya hüququ, vətəndaş hüquqları. Əgər bu olsaydı və qarabağlılar bilsəydilər ki, onlar sakit yaşayıb inkişaf edə biləcəklər, onlar üçün bütün imkanlar yaradılıb, niyə ayrılmaq istəsinlər? Qarabağlılar hesab edirlər ki, Azərbaycanda onlara yer yoxdur, onlaq qovulacaqlar, ya da diskriminasiyaya məruz qalacaqlar?", - Zurabyan deyib.

Statusun müqabilində ermənilərin Qarabağ ətrafındakı əraziləri qaytarmaqdan imtina etməsindən təəccüblənən ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Milzin sözlərinə Ermənistan və Qarabağdakı siyasi qüvvələrin kəskin reaksiyasını nə ilə izah etmək olar?

Bu sualın cavabında Zurabyan deyib ki, bu cür fikirlər Ermənistanın rəsmi hakimiyyəti tərəfindən səslənməyib. Maksimalizm mövqeyində dayananlara gəlincə, "bu cür millətçilər hər yerdə, Azərbaycanda da var".

"Sənin azadlıq və təhlükəsizlik hüququna hörmət edən dövlətin tərkib hissəsi olmaq olar. Hazırda Azərbaycan belə imkanları təqdim edə bilərmi?

Mənim dediklərim sizin daxili işlərinizə qarışmaq kimi başa düşülə bilər, ancaq belə zəmanətləri siz heç öz vətəndaşlarınıza vermirsiniz. Biz görürük də Azərbaycanda vətəndaşların azadlığı və hüquqları necə təmin olunub..

Qarabağ kontekstində bu, belədir: əgər öz vətəndaşlarınızın hüquqlarını təmin etməyə qadir deyilsinizsə, qarabağlıların hüquqlarını necə təmin edəcəksiniz? Bu fonda heç kim və heç zaman Azərbaycanın tərkibində hər hansı yüksək statusa razılaşmaz. Odur ki, qarabağlıları qayıtmağa razı salmaq üçün Azərbaycan dəyişməlidir", - Zurabyan hesab edir.
Buna etiraz olaraq münaqişənin lap əvvəlində, 1998-ci ildə Qarabağın sosial-iqtisadi inkişafına dair məqsədli, çoxmilyonlu proqramların qəbul olunması, qarabağlıların və Bakıdakı ermənilərin bütün hüquqlarının təminatına zəmanət verilməsi və erməni tərəfin bütün bunları rədd edərək Bakı ilə açıq münaqişəyə getməsilə bağlı fikirləri Zurabyan qəbul etmir.

O, ermənilər üçün Ermənistanla birləşməyin əsas səbəbinin iqtisadiyyat və hüquq yox, miasum ideyası olması ilə də razı deyil. Və məsələ belə idi: heç nəyə baxmayaraq sonadək mübarizə aparmaq və istənilən qurbanı vermək.

"Qorbaçovun DQMR-in sosial-iqtisadi inkişafı üçün ayırdığı 400 milyon rubl əslində Azərbaycana verilmişdi, Qarabağ hakimiyyətinə yox. Bakı həmin vəsaiti Qarabağda azərbaycanlıların yaşadıqları yerlərin inkişafına və demoqrafik situasiyanın dəyişdirilməsinə xərcləyib", - Zurabyan hesab edir.

O, erməni tərəfin Azərbaycan hakimiyyətini tanımaq istəmədiyi üçün vəsaiti qəbul etməkdən imtina etməsi ilə bağlı etirazı da qəbul etmir:

"Əgər kimsə sizi tanımırsa, sizin vəzifəniz onu inandırmaq, inamını qazanmağa çalışmaqdır. Əgər yardımı qəbul etmədilərsə, deməli, az şey vəd etdilər, yetərincə inandırmadılar".

"Ermənistandan olan emissarlar bu məsələdə nə kimi rol oynadılar? Onlar bu cür əlaqələrə mane olurdular, qarşısını alırdılar, dialoqa hazır olanları qorxudurdular, hədələyirdilər" sualına Zurabyan belə cavab verib: "Ultramillətçilər və ekstremistlər hər yerdə var, hətta Azərbaycanda və hər zaman əngəl törədəcəklər".

"Belə həssas problemlərin həllində sivil yolla dialoqa getmək lazımdır, zorakılıq tətbiq etmək olmaz. Əminəm ki, gələcəkdə, münaqişə nizamlananda bizim Azərbaycan və Türkiyə ilə çox yaxşı münasibətlərimiz olacaq. Bunlar Ermənistanın yaxın və təbii iqtisadi tərəfdaşlarıdır. Dominant olmaq ideyasından və başqa milləti udmaq arzusundan əl çəkmək lazımdır", - o deyib.
Elə isə niyə erməni tərəfi 90-cı illərin ortalarında Ermənistan vasitəsilə neft kəmərinin çəkilişi ideyasından imtina etdi. Axı bu, qarşılıqlı etimad və nizamlanmanın başlanması üçün zəmin ola bilərdi?

Həmin illərdə Ermənistanda hakim komandanın üzvü olan Zurabyan bunu belə izah edib: təklif ona görə qəbul edilmədi ki, erməni tərəfi nizamlanma məsələsini neft kəmərindən asılı edə bilməzdi. O hesab edir ki, hətta Ter-Petrosyan hakimiyyətdə olsaydı belə, bu layihə reallaşmayacaqdı.

"Neft kəmərinin çəkilməsi məsələsi Qarabağ məsələsinin həlli ilə əlaqələndirilirdi. Lakin siyasi zəmanətlər, iqtisadi faydadan vacibdir. Biz sülh məsələsini hansısa neft kəmərindən asılı edə bilməzdik. Nizamlanma məsələsi alver məsələsi deyil", - Zurabyan deyib.

Ermənistan Bakı-Ceyhan neft kəmərindən imtina etməklə Bakı-Ərzurum qaz kəmərinin, sonra da Bakı-Qars dəmir yolunun də öz ərazisindən keçməsi imkanlarını itirdi. Bununla da erməni tərəfi nəinki böyük iqtisadi faydanı, həmçinin Azərbaycana təzyiq etmək imkanlarını itirdi. Belə mövqe Azərbaycanın iqtisadi və hərbi potensialının güclənməsinə və nizamlanma məsələsində mövqeyinin kəskinləşməsinə səbəb oldu. Ermənilər uduzduqlarının fərqindəmi?

Bu sualın cavabında Zurabyan deyib ki, bəzi addımlar atmaq üçün indi də gec deyil: yollar açmaq, qarabağlılar ilə əlaqələr qurmaq. O zaman Azərbaycan Qarabağa və Ermənistana hansısa təsir vasitəsi əldə edərdi.

Münaqişənin özünə gəlincə, həmsöhbətim qeyd edib ki, münaqişə iştirakçılarının - ermənilərin və azərbaycanlıların özlərindən başqa xarici iştirakçılar da var.

"Münaqişənin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ arasında razılıq ilə məhdudlaşmır. Həll böyük dövlətlərin də maraqlarına cavab verməlidir. Və bu maraqlar nizamlanmaya nail olunmasına təsir göstərir.

Bu proses münaqişənin dərhal əvvəlində başladı: bir tərəfdən bu, ATƏM-in (hazırkı ATƏT) timsalında Qərb, digər tərəfdən Rusiya idi. Onların arasında rəqabət vardı. Erməni tərəfin təşəbbüsü ilə problemi formal olaraq 1994-cü ildə həll etmək mümkün oldu. Qərb və Rusiya bu məsələ ilə bağlı öz mövqelərini birləşdirdilər. 1997-ci ildə bu prosesə Fransa da qoşuldu.

Bu gün ATƏT-in Minsk Qrupuna həmin maraqlarda balans tapmaq nə qədər müyəssər olur, demək çətindir. Onlar sözdə vahid mövqedən çıxış edirlər, ancaq kulis arxasında başqa proseslər gedir", - Zurabyan vurğulayıb.

1992-ci il mayın 7-də Tehranda Bakı və Yerevan arasında əldə olunmuş razılaşmaların pozulmasını xarici müdaxilənin təzahürü hesab etmək olarmı? Belə ki, ertəsi gün ermənilər Şuşanı işğal etdilər.
Zurabyan hesab edir ki, bu, xarici müdaxilənin nəticəsi deyildi. "Bu, münaqişənin məntiqidir. Bu münaqişənin gizli prujinləri vardı və mən onlara toxunmayacam" deyərək Yerevanın Şuşanın işğalının əleyhinə olması və qarabağlıların bu əməliyyatı Yerevanın tələblərinə zidd olaraq keçirməsi ilə bağlı Qarabağ qüvvələrinin komandanı Arkadi Ter-Tadevosyanın fikirlərini təkzib edib. "Hər şey başqa cür idi", - həmsöhbətim belə deyərək Şuşaya hücuma bəraət qazandırmağa çalışıb, belə ki, "oradan Stepanakertə real təhlükə gəlirdi".

Gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərini nə gözləyir?

Zurabyanın fikrincə, yaxşı heç nə.

"Mən nizamlanma işində real irəliləyiş görmürəm. Əsas problem inamın olmamasıdır. Məhz buna görə də istənilən güzəşt təhlükəli olur.

Buna görə də qətiyyətli addımlar atılmalıdır: sərhədlərin açılması, birbaşa ünsiyyət. Bu, inamın qurulması üçün çox vacibdir. Razılığa gəlmək lazımdır.

İlham Əliyevə Bako Saakyan ilə görüşməyə nə mane olur? Axı siz qarabağlıları öz vətəndaşlarınız hesab edirsiniz. Demokratik Azərbaycanda bütün insanlar milliyyətindən və etiqadından asılı olmayaraq bərabərdir. Öz vətəndaşlarınız ilə danışın. Bu gün status haqqında danışmasanız da, ilkin status haqqında danışın, hansısa zəmanətlərdən danışın. Bəlkə gələcək statusdan da vacib bir şeyi bu gün vermək olar ki, qarabağlıları öz taleyinin hökmranının özləri olduğuna inandırmaq mümkün olsun.

Düzdür, azərbaycanlılar fikriləşə bilər ki, ermənilərə bunu versək, bir az da çox istəyəcəklər. Bu başadüşüləndir. Amma buna alternativ yoxdur," - Levon Zurabyan söhbəti tamamlayıb.