Ağcabədidə qandonduran zülm: başçı müavini qarşısında özünü yandırır: “Özünüz ölün…” – Video

28/03/2019 - 14:54 7 135 0   0  

Ağcabədi rayonundan qandonduran kadrlara baxanda adamın inanmağı gəlmir ki, XXI əsrdir, Azərbaycan Qafqazın lider ölkəsidir, Avropa Şurasının üzvü olan dövlətik, bizdə qanunlar şahdır.

O video gorüntülərdən çətin ki, AŞ üzvü olan hansısa dövlətdə yaxud qonşu Gürcüstanda olsun. Bir yandan prezident İlham Əliyev islahatlar edir, əyalətlərdə xalqla görüşür, şikayət məktublarını alır, o bir tərəfdə isə məmurlar vətəndaşları az qala çarmıxa çəkirlər.

Bu hüquqsuzluğun, insan haqlarının ayaqlar altına atılmasının ürəkparçalayan mənzərəsi Ağcabədidən yayılan video kadrlarda öz əksini tapıb.

Reportyor.info-nun verdiyi məlumata görə, rayonun icra başçısı müavini, Ağcabədiyə “qan udduran” Rövşən Əhmədovun gözləri qarşısında onun zülmündən bezar olan vətəndaş üstünə benzin töküb özünü yandırmağa cəhd edir, o isə “tükünü tərpətmir”. Hələ kənardakı şikayətçilərdən birinin replikasına cavab verərək deyir ki, “özün öl”.

Bu hədyanın, hərəb-zorbalığın, yekəxanalığın şahidi olmaq üçün həmin videoya baxmaq kifayətdir ki, bu sözlər görüntülərin qarşısında acizdir.

Vaxtilə prezident çıxışlarının birində söyləmişdi ki, bəzən məmurlar yekəxanalıq edirlər və R.Əhmədovun videodakı davranışında ölkə başçısının sözü yada düşür.

Başçı müavini dövlət başçısının son islahat kursuna zidd hərəkət edərək vətəndaşları üsyana qaldırır, gözünün qarşısında özünə od vurub yandırmaq istəyən vətəndaşı sakitləşdirmir, onun problemini dinləyib həll eləmir, bu azmış kimi, yekəxana davranır.

Kadrlardan görünür ki, Ağcabədi sakini R.Əhmədovun əməllərindən cana doyduqlarını qeyd edir və onun prezidenti saymadığını bildirir.

R.Əhmədovu Ağcabədidə tanımayan yoxdur və icra hakimi Şahin Məmmədovun bütün əyri işlərinin, qanunsuz fəaliyyətlərinin altında müavini R.Əhmədovun imzası var.

“Rövşən Əhmədov deyir ki,İlham Əliyevin qanunlarını tanımırıq”

Video görüntüdə çıxış edən sakinlə bərabər digər vətəndaşların da narazılıq səsləri eşidilir. Onlar bildirirlər ki, R.Əhmədov işləməyə imkan vermir:

“Bizi Ağcabədidə yaşamağa qoymur, çörək qazanmağa imkan vermir. Cənab İlham Əliyev, bəs biz hara gedək? Rövşən Əhmədov deyir ki, biz İlham Əliyevin qanunlarını tanımırıq”.

Ən dəhşətlisi isə budur ki, həmin hadisə R.Əhmədovun qabağında baş verir və özünü heç nə olmamış kimi aparır. Sanki Ağcabədinin padşahıdır, burada orta əsrlər dövrüdür və rayon əhli ona baş əyməlidir.

R.Əhmədov əslində, bu video ilə vəzifədən çıxarılması yox, qovulmasının təməlini qoymuş oldu. Çətin ki, Ağcabədi icra başçısı onu müavin postunda saxlaya bilsin.

İkincisi, adıçəkilən məmur prezidentin islahatlarının əleyhinə gedərək Ağcabədini qarışdırıb, vətəndaşların ayağa qalxmasına zəmin yaradıb.

Saxta diplom, fərari, sahibkarın qənimi…

Reportyor.info xatırladır ki, R.Əhmədov ilk dəfə qalmaqalla, vətəndaşların haqqını pozmaqla, sahibkarlara “divan tutmaq”la gündəmə gəlmir. Onun adı həmişə Ağcabədidə özbaşınalıqlarda hallanıb, icra başçısının “sağ əli” kimi tanınıb.

Bundan əlavə, R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir. Üstəlik o, hərbi xidmətdə olmayıb. Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı.

Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut ortaya qoyulmadı.

Ağcabədinin icra başçısı Şahin Məmmədov belə bir vəzifəyə uyğun gəlməyən adamın təqdimatını necə verib anlaşılan deyil. O, diplomu ABU hələ San Marino adını daşıyan vaxt alıb.

Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib və təsdiqlənib. Bu barədə sahibkar Teyyub Eminov media nümayəndələrinə bu haqda bir sənəd təqdim edib və həmin sənəd əsasında mediada yazı dərc edilib.

“Dövlət qulluğu haqqında” qanuna görə isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Mediadakı yazılarda ehtimal edilir ki, R.Əhmədov dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilib.

R.Əhmədov Ağcabədidə hegemonluq edir. Saytlar yazmışdı ki, bir müddət əvvəl rayonda adam döydürüb, bıçaqladıb. Bu iddianı ört-basdır elədilər.

R.Əhmədovun daş karxanaları var. Qarqarçayın sərvətləri də onun “karyer”lərinə daşınır. Karyer Türkiyəyə bağlı “Polat” şirkəti ilə tərəf müqabili kimi fəaliyyət göstərir.

Məlumata görə, icra başçısı Şahin Məmmədov da bu işdə əsas pay sahibidir. Onlar şirkətlə sövdələşərək yol çəkilişi üçün çınqıl daşlarını ona məxsus karyerdən daşıtdırır.

Əhmədovun adı döyülmə, bıçaqlanmada…

Mediada gedən xəbərlərdə bildirilir ki, Xocalı qaçqını Adil Muğan oğlu Həsənəliyev fevralın 26-da, yəni soyqırımın ildönümündə döyülüb.

O, Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədovun adamları tərəfindən vəhşicəsinə döyülüb.

İllər əvvəl Ramiz adlı rayon sakini xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb. Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb.

Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər. Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib. O zaman Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev isə hadisənin baş verdiyini təsdiqləyib.

“Moyka”ları, aptekləri, mağazası, sexləri…
Onu da deyək ki, Rövşən Əhmədovun Ağcabədidə yüzlərlə obyektləri var. R.Əhmədovun obyektlərinin siyahısını təqdim edirik: təzə xəstəxananın sağında-solunda mağazaları, “moyka”ları, aptekləri, rayonun Tofiq İsmayılov və Ənnağı Bünyatov küçələrində 300-400 kvadrat metrlik böyük “avtozapçast” mağazası, maşın təmiri sexləri, keçmiş qaçqınların yerləşdiyi Alman qəsəbəsi deyilən ərazidə qeyri-qanuni şəkildə icarə müqaviləsi bağlamaqla icarəyə verdiyi piltə, tamet sexləri, sement zavodu fəaliyyətdədir. Ağcabədidə bütün tikililər üçün lazımı materiallar bu sexlərdən gedir.

Kimsəsiz 5 uşaq anasının torpağını satıb

R.Əhmədovun adı bundan əlavə də neqativ işlərdə hallanıb. Bir müddət əvvəl 5 uşaq anası olan dul qadın şikayət edirdi.

Ağcabədi rayon sakini, 5 uşaq anası Abdullayeva Arzu Müslüm qızı qarşılaşdığı məmur özbaşınalığı ilə bağlı prezidentə yazmışdı.

Arzu xanımın sözlərinə görə o bir müddət əvvəl Ağcabədi rayon İcra hakimiyyətinin başçısından evinin yaxınlığında gözəllik salonu açmaq üçün kiçik bir yer istəyib.

Onu dinlədikdən sonra icra başçısı Şahin Məmmmədov birinci müavini Rövşən Əhmədova qadına kömək etməyi və istədiyi torpaq sahəsini ona verməyi tapşırıb.

Bir neçə gündən sonra isə Rövşən Əhmədov Arzu Abdullayevanı çağıraraq bildirib ki, onun istədiyi yer park ərazisi olduğundan həmin ərazidən torpaq sahəsi ayıra bilməz. Şikayətçinin etirazlarını dinləmək istəməyən birinci müavin 5 uşaq anasını təhqir edərək otağından qovub.

Daha sonra isə məlum olub ki, Rövşən Əhmədov park ərazisi olaraq dediyi həmin torpaq sahəsini elə Arzu Abdullayevanın qonşusu Habil Səfiyevə satıb.

Habil Səfiyev isə öz növbəsində Arzu Abdullayevaya bildirib ki, o icra başçısının birinci müavini Rövşən Əhmədova 10 min manat verib.Qarşı tərəfi dinləməyə hazırıq.