BMT: “İrana qarşı beynəlxalq sanksiyalar mülki əhaliyə qarşı iqtisadi müharibədir”

08/11/2018 - 21:05 27 298 0   0  

"Əslində, İranın ticarət əlaqələrini iflic etməyə yönələn beynəlxalq sanksiyalar mülki əhaliyə qarşı iqtisadi müharibədir. Odur ki, belə iqtisadi embarqo dövründə əhalinin qorunması üçün tədbirlər görülməlidir".

Suveren.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikirləri BMT-nin İnsan Hüquqları Şurasının Sanksiyaların insan haqlarına təsiri üzrə xüsusi məruzəçisi İdris Cəzayiri ABŞ tərəfindən İrana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini şərh edərkən səsləndirib.

O, ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra istisna tətbiq ediləcəyi humanitar yüklərin və gündəlik istehlak mallarının da İrana gətirilməsində çətinliklərin olduğunu vurğulayıb.

Belə ki, sanksiyalarla bağlı bank, sığorta və nəqliyyat şirkətləri üçün əlavə razılıq mükəlləfiyyəti qoyulduğu üçün ərzaq məhsullarının və dərman preparatlarının çatdırılması yubadılır. Həmçinin bəzi İran banklarının SWIFT sisteminə beynəlxalq köçürmələr üçün girişinin bağlanması müəyyən məhsulların sanksiyalardan çıxarılmasını mənasızlaşdırır, çünki həmin məhsullar üçün artıq ödəmələr mümkün deyil.

“Sanksiyaların kasıb zümrələr üzərində fəsadlar yaratmasından narahatam. İqtisadiyyat zərər çəkdikcə daha çox insan işini itirir. Dövlətlərin öz aralarında razılaşa bilməməsinə haqları var, amma sıravi insanların hüquqlarının pozulması dövlətə qarşı siyasi təzyiq

aləti kimi istifadə oluna bilməz. Bu, insan hüquqları sahəsində beynəlxalq hüquq normaları baxımından qanunsuzdur”, - deyən BMT rəsmisi İrana ərzaq, dərman preparatı və başqa humanitar yüklərin maneəsiz çatdırılması üçün vasitəçilik təklifini də irəli sürüb.