Bakıda tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli ola bilər

06/11/2018 - 23:34 11 224 0   0  

Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər.

Suveren.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxtın nəqliyyat sahəsində görülən işlər və problemlərdən danışarkən deyib.

Agentlik rəhbəri qeyd edib ki, paytaxt küçələrində bu günə qədər 3 mindən çox pandus, eləcə də piyadaların təhlükəsizliyi üçün tumbalar quraşdırılıb: “Bu işlər davam etdiriləcək, fiziki məhdudiyyətli insanların ən çox getdiyi yerlərdə, küçələrdə, ən çox olduqları binaların pilləkənlərində pandusların quraşdırılmasına, eyni zamanda panduslu avtobuslara üstünlük veriləcək. Həmçinin, gözdən əlil insanların daha rahat hərəkəti üçün sədlərin düzəldilməsi nəzərdə tutulub. Avtobuslar da panduslu olmalıdır, əks təqdirdə, hansı daşıyıcıya məxsus olmasından asılı olmayaraq, həmin avtobuslar fəaliyyət göstərə bilməyəcək".

V.Kərimli sürücülük mədəniyyətinə də toxunub: "Sürücülük mədəniyyətinin olmaması da tıxaca səbəb olur. Məsələn, bu gün zolaqlar üzrə düzgün hərəkətə demək olar ki, çox az rast gəlinir. Yolda 3 zolaq var, amma görürsən ki, 4-5 avtomobil yan-yana dayanıb. Zolaqlar elə-belə düşünülməyib, zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə, vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsuslar olsun ki, sürücülər buna riayət etmir. Sürücü həm qaydaları pozur, həm də tıxacdan şikayət edir. Tıxacı da biz insanlar yaradırıq, qəzaları da biz törədirik. Sürücülük mədəniyyəti sürücülük vəsiqəsi əldə olunan andan sükan arxasına keçilənə qədər formalaşmalıdır”.

Onun sözlərinə görə, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə də baxıla bilər: “Hazırda "BakıKart" 150-yə yaxın avtobusda istifadə olunur. Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər”.