Prezidentin NATO ilə bağlı açıqlaması narazılıqla qarşılandı

11/03/2019 - 19:13 14 533 0   0  

 

Xəbər verildiyi kimi, Gürcüstan prezidenti Salome Zurabişvili 2018-ci ilin dekabrında keçirilən seçkilərdən sonra ilk dəfə parlamentdə deputatlar qarşısında çıxış edib. O, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya yolundan çəkilməyəcəyini bildirib. Gürcü lider NATO-nun ölkədəki hərbi və siyasi islahatları dəstəklədiyini vurğulayıb. Bundan başqa Salome Zurabişvili Gürcüstanın NATO üzvlüyünün hansısa dövlətə qarşı yönəlmədiyini, yalnız müdafiə xarakteri daşıdığını deyib.

 

Salome Zurabişvili Abxaziya və Cənubi Osetiya ilə aparılacaq danışıqların formatının dəyişdirilməsinin zərurətindən danışıb və Gürcüstanın heç bir zaman öz ərazilərinin itirilməsi ilə barışmayacağını qeyd edib.

 

Qeyd olunur ki, Gürcüstan müxalifətinin əsas siyasi təşkilatı, keçmiş prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının deputatları prezidentin çıxışını boykot edərək iclasa qatılmayıblar. “Avropa Gürcüstanı” parityasının deputatları isə iclas salonunu prezident nitqinə başlayan kimi nümayişkaranə şəkildə tərk ediblər.

 

“Gürcüstanda prezident seçkiləri qeyri-qanuni yollarla, təzyiqlərlə, seçicilərin pulla ələ alınması vasitələri ilə keçib. Biz demokratik müxalifət olaraq belə prezidentə hörmət göstərə bilmərik”, - deyə “Vahid milli hərəkat”ın deputatı Salome Samadaşvili yerli mətbuatın jurnalistlərinə bildirib.

 

Parlament sədri İrakli Kobaxidze müxalifət deputatlarının hərəkətini prezidentlik institutuna hörmətsizlik kimi dəyərləndirib.

 

“Vahid milli hərəkat”ın parlament fraksiyasının lideri Roman Qotsiridze isə prezidentin çıxışını tənqid edib. O, Salome Zurabişvilinin prezidentlikdən çox mərasim rolunu oynamaq istədiyini söyləyib.

 

“Prezident əlindəki olan-qalan səlahiyyətin də nazirliklərə verilməsini istəyib. Deyəsən Gürcüstan prezidenti vəzifəsi pensionerlərin əyləncə məkanına çevrilib”, - deyə “Avropa Gürcüstanı” partiyasının deputatı Akaki Boboxide bəyan edib.

 

Gürcü politoloqu, Beynəlxalq münaqişələr və müzakirələr mərkəzinin koordinatoru Zaal Ancaparidze isə hazırkı situasiyada Salome Zurabişvilinin əlində onsuz da heç bir səlahiyyətin qalmadığını deyib.

 

Digər politoloq Nika Çitadze isə ölkədə faktiki söz sahibinin “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili olduğunu vurğulayıb.

 

Çitadze Gürcüstanın NATO-ya inteqrasiyasının onun demokratik institutlarının inkişafından asılı olduğunu, lakin son dövrlərdə bu prosesin dayandığını bildirib.