ABŞ Konqresini qoruyan polis rəisi istefa verdi

08/01/2021 - 11:31 2 702 0   0  

ABŞ Konrqesinin binasına basqından sonra Kapitoli polisinin rəisi Stiven Sund istefa verib.

“The Hill” bildirir ki, 7 aydır bu vəzifədə xidmət edən S.Sundun istefa qərarı yanvarın 16-da qüvvəyə minəcək.

Bildirilib ki, Nümayəndələr Palatasının polis pristavı Pol İrvinq və Senatın polis pristavı Maykl Stencer də tutduqları vəzifəni tərk ediblər.

Bundan başqa, iğtişaşlar zamanı qadına atəş açan polis əməkdaşı istintaq başa çatanadək xidmətdən kənarlaşdırılıb.

Məlumata görə, yanvarın 7-də xidməti vəzifəsinin icrası zaman yaralanan polis əməkdaşı Brayn D.Siknik ölüb.

Ohayo ştatından olan demokrat-konqresmen Tim Rayan bildirib ki, Kapitolidəkı polis əməkdaşları iğtişaşlarçılara yardım ediblər. Onun sözlərinə görə, videoyazıları toplayandan sonra vəziyyəti təhlil edib nəticə çıxaracaqlar.

Qeyd edək ki, yanvarın 6-da ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkisinin nəticələri müzakirə olunan zaman Konqresin binasına hücum olub. Həmin şəxslər prezident Donald Trampı dəstəklədiklərini və prezident seçkisinin nəticələrinə etiraz etdiklərini bildiriblər. Yanvarın 6-da baş verən hadisələr nəticəsində 5 etirazçı ölüb, 14 polis əməkdaşı yaralanıb, 52 nəfər isə tutulub.

Xatırladaq ki, Demokratlar Partiyasının namizədi, senator Cozef Bayden Seçilmişlər Kollegiyası üzvlərinin 306-nın, hazırkı Prezident Donald Tramp isə 232-nin səsini qazanıb. Yanvarın 20-də C.Baydenin prezident kimi and içəcəyi gözlənilir./report