FHN Dağıstanda azərbaycanlılara çadır düşərgəsi salır - Vətəndaşlar öz ölkələrinə niyə gətirilmir?

24/06/2020 - 23:58 5 417 0   0  

Azərbaycan-Rusiya dövlət sərhədindəki Yaraq-Qazmalar buraxılış məntəqəsindən 250 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb. Ölkəyə dönəcəyi günü gözləyən qalan vətəndaşalara isə hələlik Rusiya ərazisində dəstək göstəriləcək. 

Belə ki, Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən və Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus çadır düşərgəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.

Bu, Baş nazirin müavini Şahin Mustafayev və Rusiyanın Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev arasında iki ölkə vətəndaşlarının qaytarılması ilə bağlı əldə olunan razılaşmada əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşı qalıb, onlar ölkəyə qayıdacaqlarını gözləyirlər.

Bu razılaşmada bəzi anlaşılmaz məqamlar var. Azərbaycan FHN-nin Dağıstanda Azərbaycan vətəndaşları üçün çadır düşərgəsi qurması barədə qərarı hansı zərurətdən doğub? Həmin şəxslərin ölkəyə gətirilməsi, ehtiyac olarsa, onlara çadır qurulması, ehtiyaclarının ödənilməsi Azərbaycan ərazisində niyə həyata keçirilməyib? Hüquqi baxımdan bu qərar nə dərəcdə doğrdur?

Hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, dövlət-vətəndaş münasibətlərində hər birinin qarşılıqlı öhdəlikləri var. Yəni vətəndaşların Azərbaycan dövləti qarşısında öhdəlikləri olduğu kimi Azərbaycan dövləti də öz vətəndaşları qarşısında öhdəliklər daşıyır: "Kontitusiyaya görə Azərbaycan dövləti öz ərazisində və xarici ərazilərdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verməli, onlara hamilik etməlidir. Həmçinin, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları hər kəsin bərabər hüquqlarını təmin etməlidir. Hesab edirəm ki, Rusiya ilə sərhəddə qalan və ölkəyə gətirilməyən Azərbaycan vətəndaşları ilə bağlı son hadisələr, həmin insanların müəyyən mənada müdafiəsiz qalması, bunlar azmış kimi, indi də öz vətəndaşlarını ölkədən kənarda düşərgədə saxlaması dövlət adına utanc gətirən haldır".