Qarabağa qayıdış başlayır!

17/05/2019 - 23:31 15 661 0   0  

                                                                                                                       Qarabağa qayıdış başlayır!Tarix : 17 May 2019, 15:48 
                                                                                                                 Yazar : Qadinkimi.com 

 
Əziz həmvətənlər!
 
9 may günü ermənilərin Şuşadakı əyləncələri və Ermənistan Prezidenti Nikol Paşinyanın bu bayram tədbirindəki yallı rəqsi hər bir Azərbaycan vətəndaşı kimi, hər bir anti-faşist insan kimi, hər bir adam balası kimi məni də hiddətləndirdi. Bunu kiminlə bölüşdümsə, kədərli gözlərində çarəsizlik sezdim. İnsanların, tanınmış şəxslərin yanğılı mövqelərini gördüm. Qərara gəldim ki, bu durumda insanları təşkilatlandırmaq, inamı özünə qaytarmaq, gücünü şəxsinə xatırlatmaq gərəkdi, vacibdi, mütləqdi.
 
Buna görə də dostlarımla bir proses başlatdıq:
 
1. 08 iyunu Qarabağ Günü elan edilir.
2. 08 iyun 2019-cu il saat 16:00-da hamının iştirakı ilə Horadiz şəhərində toplanıb Şuşaya yürüş hərəkatının təşkilatçılığına başladıq. Bunun üçün sosial şəbəkədə sistemli təşkilatlanma təşkil etdik.
3. Bütün vətəndaşlara çağırış videosu hazırlayıb "Azərbaycanlılar Qarabağa Gedir!” başlığı ilə youtube-a yerləşdirdik.
Bu, mənim borcum idi. Təşəbbüsü irəli sürmək, təşkilati sistem qurmaq və insanlara çağırış etmək. Bizim birgə borcumuz bu hərəkatda iştirak etməkdi. Əminəm ki, biz bütün dünyaya və özümüzə... sübut edəcəyik ki, Qarabağı istəyirik, bunun üçün hərəkət edirik və vətənimiz haqqımızdı! Biz bunu göstərəcəyik. Milyonlarla insan bir gününü ayırıb, əziyyət çəkib Horadizə gələcək, bir - birinin əlindən yapışaraq başını dik tutub Şuşaya yol alacaq. Bütün dünya KİV-i orda olacaq, dünyada yaşayan bütün soydaşlarımız bizim hərəkata diqqət çəkmək üçün yaşadıqları dövlətlərdə aksiyalar təşkil edəcək, Güney Azərbaycanlı həmfikirlərimiz ayaqda olacaq! Araz çayının Horadizlə sərhəddinin o tayına toplanacaq! 
Və bu halda, bütün bunlar baş verəndə hamı Qarabağ istəyimizi anlayacaq, beləcə ən qısa zamanda Qarabağa qovuşacağıq! 
Hər kəsi bu müqəddəs yola, dönüş anında qədərimizin həllinə çağırıram! Taleyimiz əlimizdədir! Gəlin Qarabağı birlikdə istəyək!
Gəlin "mən evə qayıdıram” deyək! Bilməliyik ki, başqasından hərəkət gözləməklə yox, özümüz bir fərd kimi bu prosesə qoşulmaqla uğura çatacağıq. Mütləq çatacağıq!
 
Artıq bütün dünyaya elənı belə vermişik:
 
08 iyun Qarabağ Günü! - 8 iyun saat 16:00-da Azərbaycan xalqı Füzuli rayonunun Horadiz şəhərinə toplanıb Şuşaya yürüş edəcək. Öz torpaqlarına sivil yürüş edən, əl-ələ addımlayan xalqın gücünü görənlər hər şeyi anlayacaq!
Biz torpaqlarımızı istəyirik! Biz artıq gözləmək istəmirik! Biz torpağını pay verən xalq olmaq istəmirik! Biz ölməkdən çəkinmirik, sevməkdən qorxmuruq! Biz vətənimizin bütövləşməsi üçün haqqımız olanı istəyirik! Biz mərdik, ürəkliyik, sevgi doluyuq! Biz vətənimizin sahibiyik! 
Bu, xalqın istəyidi, heç bir qurumun, tərəfin, qüvvənin, şəxsin deyil, məhz azərbaycanlıların haqlı istəyidi!
Ədalət mütləq zəfər çalacaq!
 
Sevgilərlə,
Soydaşınız Ramin Hacılı
 
Qadinkimi.com