GÜLLƏNİ BİZƏ ATANI DEYİL, ONU ERMƏNİYƏ SATANI İTTİHAM ETMƏK… - Rəsmi Bakının Serbiya və Gürcüstanı hədəfə alması nə dərəcədə məntiqlidir?

23/07/2020 - 15:26 4 051 3   0  

“Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi”. Azərbaycanın bu məşhur atalar sözü ölkənin mövcud siyasi gündəmi ilə üst-üstə düşür. Necə deyərlər, sanki atalarımız bu günümüzə baxıb, həmin atalar sözünü “icad ediblər”.
Necə gündür Azərbaycan mətbuatında təxribat məqsədi ilə ortaya atıldığı şübhə doğrumayan bir informasiya ölkənin və regionun siyasi gündəmini zəbt edib. Söhbət Serbiyanın Ermənistana satdığı silah-sursatdan və onun Gürcüstan üzərindən daşınmasından gedir. Əlbəttə, bunun həqiqiliyinə şübhə yoxdur. Elə Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili də dolayısı ilə bu faktı etiraf edib. O cümlədən, ölkənin bir sira nazirliyinin bu alış-verişdən xəbərdar olduğu da rəsmən bəyan olunub. Amma onu da ifadə ediblər ki, bu, dövlət səviyyəsində olan alqı-satqı anlaşması deyil, silahı satan özəl şirkətlərdən biri olub, Ermənistana qarşı da hər hansı beynəlxalq qadağa mövcud olmadığından, rəsmi qurumlar “yox” deyə biməyib. Bu isə dolayısı ilə rəsmi Bakıya mesajdır ki, “açıq bazardır, istəyirsən, gəl sənə də satım”. Azərbaycan tərəfi isə günlərdir “niyə Ermənistana silah satmısan?”, - deyə, bu faktın ucundan tutub, ucuzluğa gedir.
Bu gün “çiçəyi burnunda” xarici işlər nazirinin müavini Xələf Xələfov da mətbuat konfransı keçirərək, “sübut olunub ki, Azərbaycana qarşı istifadə olunan silahlar Serbiya mənşəlidir”, - deyə bildirib. Adam daha sonra əlavə edib: “Mən Serbiyanın müvəqqəti işlər vəkili ilə görüşdüm. Açıq şəkildə dedim ki, bizdə tam dəqiq məlumatlar var ki, bu, baş verib və Serbiya tərəfi bunu araşdırmalıdır”.
Xarici İşlər Nazirliyində bir nəfər ortaya çıxıb Xələfova deməyib ki, yoldaş nazir müavini, artıq Serbiya tərəf öz mövqeyini iki gün əvvəldən açıqlayıb. Ölkə mətbuatı rəsmi qurumlara istinadən Ermənistana silah satıldığını təsdiqləyib. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, Serbiyanın 3 nazirliyinin bu məsələdən xəbərdar olduğu rəsmən etiraf olunub. Bundan sonra siz Serbiyadan hansı rəsmi açıqlama gözləyirsiniz? Bir də ki, həmin rəsmi açıqlamanın verilməsi nəyi dəyişir?! Artıq “qarı ölüb, qapı bağlanıb”.
Dünənə qədər bütün rəsmi qurumlar Ermənistanın iqtisadi çöküş həddində olduğunu, ölkənin Rusiya silahlarına möhtac qaldığını iddia edirdi. Bəs, indi nə baş verdi ki, rəsmi İrəvan rus silahlarından imtina edərək, Serbiyadan daha müasir silah-sursat almağa üstünlük verdi? Azərbaycan isə hələ də Rusiyanın SSRİ dönəmindən qalmış yararsız silahlarını dəyərindən də bir neçə dəfə baha qiymətə alıb, anbarlarını doldurmaqla məşğuldur. Hansı ki, alınan 10 patrondan ən azı 4-5 ədədinin yarasız olduğu haqda faktlar var. Hələ sadəcə patronları deyirik, milyonlarla dövlət vəsaiti xərclənərək əldə olunan digər silahlar haqda danışsaq, yəqin daha acınacaqlı mənzərə ortaya çıxar.
Həmişə deyirik ki, Ermənistan Rusiyanın “forpostu”dur. Necə oldu ki, Rusiyanın “forpostu” olan ölkə dünyanın ən böyük silah satıcılarından olan “ağasından” üz döndərərək, daha keyfiyyətli və daha müasir Serbiya silahlarını almağa üz tutur, amma Azərbaycan hələ də Moskvadan ehtiyat edir?! Biz niyə yararsız rus silahlarından imtina edə bilmirik?! Bir halda ki, Serbiyada “açıq bazardır”, niyə gedib ermənilərin aldığı cəmi 1 milyonluq silah-sursatdan 10-15 dəfə artığını sifariş etmirik? Necə olur ki, Rusiya silahlarını almağa 100 milyonlarla dollar xərcləyə bilirik, amma daha müasir silahları almağa “pulumuz olmur”?!
Bütün bunlardan sonra Serbiyanı və tranzit ölkə kimi həmin silahların Ermənistana çatdırılmasını təmin edən qonşu Gürcüstanı ittiham etməyə haqqımız varmı? Düşmənin o silahı haradan və hansı yollarla əldə etməsi nəyi dəyişir ki? Biz düşmənin əldə etdiyi silahlardan daha yaxşısına nail olmalıyıq ki, onlara daha sarsıdıcı zərbə vura bilək. Bir halda ki, indi bütün dünyada silah alverçiləri öz məhsullarını açıq bazara çıxarıb və müştəri axtarışındadır, o halda Azərbaycanın öz hərbi arsenalını daha müasir silahlarla təmin etməsinə nə mane olur ki?! Rusiyamı?! Axı, nə qədər Moskva xofu ilə yaşayacağıq?! Niyə hələ də dərk etmirik ki, ermənilərə o silahı alan da, onu bizə atdıran da, Serbiya və Gürcüstan deyil, məhz Rusiyadır?! Üstəlik, bu informasiyanın də Rusiyanın maraqları çərçivəsində yayıldığı ehtimalı da diqqətdən qaçmamalıdır…
Təəssüf, bütün bunlara rəğmən, biz hələ də, “eşşəyə gücümüz çatmadığından, palanı tapdalayırıq”!

Muxalifet.az