2 vəkilin fəaliyyəti dayandırıldı – Qərar

30/10/2018 - 21:10 13 810 0   0  

Azərbaycanda 2 vəkilin vəkillik fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Suveren.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında qərar qəbul edilib.

İclasda vəkillər barəsində başlanılmış 21 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, müdafiə etdiyi şəxsin mənafeyinə zidd hərəkət etməklə və vəkil sirrini qorumamaqla vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 1 il müddətinə və mülki-prosessual və vəkillik haqqında qanunvericiliyin tələblərini pozaraq, vəkil üçün müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin 6 ay müddətinə dayandırılması ilə bağlı qərər qəbul olunub. Həmçinin 1 vəkilə töhmət, 1 vəkilə xəbərdarlıq verilib.

12 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Xəzər Consulting”, “Faiq Nağıyev və partnyorları”, “Alyans” vəkil büroları, Bakı şəhəri 23, 25 və 26 saylı vəkil büroları, o cümlədən

Astara rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunub.