Bakıda 2 milyon manatlıq boruya görə misli görünməmiş çəkişmə

27/10/2018 - 20:39 18 991 0   0  

Bakıda iki biznes subyekti arasında borc mübahisəsinə sonradan üçüncü subyektin qarışması əsl hüquqi nonsensə və bir hakimin iki fərqli hökm çıxarmasına, hətta Konstitusiya Məhkəməsinə də faktiki olaraq zidd getməsinə səbəb olub.

Suveren.az virtualaz.org-a istinadən xəbər verir ki, borc mübahisəsi əvvəlcə “Biləcəri Təmir Quraşdırma” Qapalı Tipli Səhimdar Cəmiyyəti (QTSC) ilə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti arasında başlayıb. “Biləcəri Təmir Quraşdırma” QTSC bir müddət 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə dəmir borular satıb. Lakin sonradan Trestin işləri düz getməyib və müqavilə şərtlərini pozaraq aldığı boruların pulunu ödəməyib. Nəticədə boruları satan tərəf məhkəmə iddiası qaldırıb.

6.5 milyon manatlıq borca görə 2 milyon manatlıq boru

İşə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb. Məhkəmə 2015-ci il fevralın 10-da 16 saylı İnşaat İstehsalat Təsərrüfat Trestindən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi barədə hökm çıxarıb. Hökmü çıxaran isə məhkəmənin hakimi Aida Hüseyn idi.

Lakin borclu olan tərəf ödəmə qabiliyyətini itirdiyindən 6.5 milyon manata yaxın vəsaiti ödəmək iqtidarında olmayıb. Binəqədi rayon icra şöbəsi həmin məhkəmə hökmünün icra tədbirləri zamanı 16 saylı İnşaat-İstehsalat Trestinə məxsus 2100 ədəd boru aşkar edib. Və həmin boruların üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Borular 2 milyon 81 min manat dəyərində qiymətləndirilib və borcun bir hissəsinin əvəzində “Biləcəri Təmir Quraşdırma” QTSC-yə təklif edilib.

Təklif qəbul edilib və borular icra məmurları tərəfindən aktlaşdırılıb, məhkəmənin çıxardığı hökmə əsasən  “Biləcəri Təmir Quraşdırma” QTSC-yə ödənilməli olan borcun bir hissəsinin əvəzi olaraq bu müəssisənin mülkiyyətinə verilib.

Borunun iki “adaxlısı” varmış...

Lakin bir müddət sonra məlum olub ki, həmin əmtəənin başqa iddiaçısı da var-Abşeron rayonunda, Xırdalanda “Cənnət Park” adlı yaşayış kompleksinin inşası ilə məşğul olan eyni adlı MTK.

Belə ki, “Cənnət Park” MTK boruların onun mülkiyyətində olduğunu irəli sürüb. Əsas kimi isə 16 saylı İnşaat-İstehsalat Trestinin onlara borclu olmasını, borcun əvəzində dəyəri 2 milyon manata yaxın olan dəmir boruları MTK-nın mülkiyyətinə verməyə razılaşdığını göstərib. Müvafiq müqaviləyə istinad edərək boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-yə verilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hökmünü mübahisələndirib.

İş Ali Məhkəməyə qədər gedib çıxır…

Lakin “Cənnət Park” MTK-nın iddiası təmin edilməyib. İş Ali Məhkəməyə qədər gedib çıxıb. Ali Məhkəmə 2017-ci il iyunun 30-da hökm çıxarıb ki, borular “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyəti hesab olunur. “Cənnət Park” MTK boruları ələ

keçirmək uğrunda mübarizəni dayandırmayıb, bu dəfə Konstitusiya Məhkəməsinə şikayət verib. Ən yüksək məhkəmə orqanı isə MTK-nin şikayətini icraata qəbul etməkdən imtina edib. Beləliklə də Ali Məhkəmənin çıxardığı hökmü dəstəkləmiş olub və boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətinə keçməsinə artıq heç bir hüquqi əngəl qalmamalı idi.

Amma xırdalanda “cənnət” yaratmaq iddiasında olan bu mənzil-tikinti kooperativi müqaviməti dayandırmayıb. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınıb “Cənnət Park” MTK-ya verilməsi üçün fərqli məzmunda yeni iddia təqdim edib. Məhkəmənin hakimləri mübahisənin düz Ali Məhkəməyə qədər gedib çıxdığını, Konstitusiya Məhkəməsinin borulara dair hökmü faktiki dəstəklədiyini nəzərə alaraq bu iddianı baxılmaq üçün qəbul etməyiblər.

Hakimin sürpriz qərarı, yenə də Aida Hüseyn…

Və “Cənnət Park” MTK üçün vəziyyətin bu cür ümidsiz göründüyü bir vaxtda həmin hakim-Aida Hüseyn sürpriz qərarla iddianı baxılmaq üçün qəbul edir. 3 il əvvəl çıxardığı hökmü, Ali Məhkəmənin qərarını və Konstitusiya Məhkəməsinin mövqeyini bir kənara tullayır və budur, borular artıq “Cənnət Park” MTK-nın mülkiyyəti elan edilir.  Hakim 3 il əvvəl çıxardığı hökmün üstündən xətt çəkib yeni hökm çıxarmasını belə əsaslandırırdı ki, heç demə, “Biləcəri Təmir Quraşdırma” QTSC borulara iddia etməzdən əvvəl “Cənnət Park” MTK bu əmtəəni ödənilməmiş borca görə müqavilə

əsasında borclu tərəfdən almışdı. Bunun ardınca boruların üzərinə həbs qoyulur.

Bu dəfə “Biləcəri Təmir Quraşdırma” QTSC hakimin yeni hökmündən şikayət verib və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə 1 saylı İnzibati-İqtisad Məhkəməsinin həmin qətnaməsi ləğv edilib. Təkrar şikayət və iş üçüncü dəfə Aida Hüseynin masasına qayıdır. Və hakim  24 iyul 2018-ci il tarixdə növbəti dəfə dəmir boruların “Cənnət Park”a verilməsi haqda hökmünü qüvvədə saxlayır.

Axı bu necə ola bilərdi ki, hakim cəmi 3 il əvvəl 16 nömrəli Trestin “Biləcəri Təmir Quraşdırma” QTSC-yə borclu olduğunu, borcun əvəzində dəmir boruların bu müəssisəyə verilməsi haqda hökm çıxarır. Amma 3 il sonra mövqeyini dəyişdirir?

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbəri Samir Əliyev hakimin bu mübahisəli qərarından bütün instansiyalara, o cümlədən ədliyyə nazirinə şikayətlər yazır, absurd vəziyyətin izah edilməsini xahiş edib. Və qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Amma bu məhkəmə instansiyası da oktyabrın 2-də xanım Aida Hüseynin hökmünü qüvvədə saxlayıb. Şikayətçi tərəf qərarın heç bir araşdırma aparılmadan, cəmi 15 dəqiqəyə çıxarıldığını bildirir.

Meydana baş icraçı Nurəddin Mustafayev çıxır…

Lakin bu hələ son deyil. Bakı Apellyasiya Məhkəməsinin boruların “Cənnət Park” MTK-ya məxsus olduğu haqda hökmü qüvvədə saxlamasından dərhal sonra işə Ədliyyə Nazirliyinin İcra Baş

İdarəsinin rəisi Nurəddin Mustafayev qarışır. Bu cənab məhkəmə hökmünün qarşı tərəfinə verilməsini belə gözləmədən öz icraçılarına əmr edir ki, boruların üzərinə şığısınlar. Onları müsadirə edib “Cənnət Park” MTK-ya çatdırsınlar. Bəs boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-yə məxsus olduğu haqda Ali Məhkəmənin qüvvədə saxladığı hökm? Bəs Konstitusiya Məhkəməsinin rəyi?

Belə məsələlər məhkəmə icraçılarını narahat etmir və onlar boruları daşıyıb aparmaqdadır. “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyi sual edir ki, axı baş məhkəmə icraçısı boruların onlara verilməsinə dair hökmləri niyə belə çevik icra etmirdi və mübahisənin hələ bitmədiyi bir vaxtda boruların “Cənnət Park” MTK üçün daşınmasının arxasında hansı maraqlar dayanır. Şirkətin rəhbərliyi dalbadal ədliyyə naziri Fikrət Məmmədova teleqramlar vurur və kömək istəyir. Amma reaksiya yoxdur...

Çoxsaylı şikayətlər, nazirə məktub...

Şirkət rəhbərliyinin ədliyyə nazirinə ünvanlandığı şikayət məktubunda göstərilir ki, baş icraçı Nurəddin Mustafeyev boruları onların əlindən alaraq yaxın adamlarına məxsus əraziyə daşımaq üçün hər gün cəhdlər edir. Hətta boruların bir hissəsi artıq aparılıb.

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin idarə heyətinin sədri Nazim Tahirov  məhkəmə icraçılarının bu hərəkətlərinin qarşısını almaq üçün 3 dəfə Nurəddin Mustafayevin, iki dəfə isə ədliyyə nazirinin

müavini Vilayət Zahirovun qəbulunda olub. Lakin saysız-hesabsız müraciətlərə, şikayətlərə baxmayaraq vəziyyət dəyişməyib.

Şikayət məktubunda göstərilir ki, ümumiyyətlə, bu borular məsələsində baş icraçının əvvəldən öz marağı olub. Çünki 2017-ci ilin noyabrında “Biləcəri Təmir Quraşdırma” QTSC məhkəmə qərarı ilə onların mülkiyyətinə verilən boruları daşıyıb aparmaq istəyəndə icra məmuru Nurəddin Mustafayevin əmri ilə bunun qarşısını alıb. Tapşırıb ki, necə olursa olsun, boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-yə  daşınmasını əngəlləmək lazımdır...