Gürcüstandan gələn maşınlar haqda

18/03/2019 - 21:32 14 992 0   0  
Avtomobil bazarı üzrə ekspert Rəşad Quliyevlə olan müsahibəni təqdim edirik:
 
- Azərbaycan ikinci əl avtomobil bazarı əsasən Gürcüstanla əlaqəlidir. Tez-tez xarici bazarlarda olursuz. Azərbaycana bu ölkədən əsasən hansı avtomobillər gətirilir?
 
- Gürcüstanda satılan avtomobillər əsasən Amerikadan gətirilir. Bunlar əsasən vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillərdir. Bu avtomobillər Gürcüstan təmir edilir və Azərbaycan, Ukrayna, Rusiya və digər MDB ölkələrində satışa çıxarılır. Gürcüstan bazarında demək olar ki, təmiz maşın yoxdur. Olsa da, bu çox bahadır. Vuruq avtomobillərin Azərbaycana gətirilməsinin əsas səbəbi isə ucuz başa gəlməsidir. Bu avtomobillər Amerikada hərracda 2000-4000 dollara alınır. Gürcülər təmirə bir qədər pul xərcləyir və yerli avtomobil alverçilərilərə satır. Yerli alverçilər də üstünə 1000-2000 manat qoymaqla avtomobili Azərbaycanda satışa çıxarır. Məsələn, avtomobilin vuruğundan aslı olaraq 2011-ci il model KİA Optima Amerikadan 3-4 min dollara gətirilir. Gürcülər onu 1000-1500 dollara təmir edib Azərbaycanlı alverçilərə satırlar. Azərbaycan bazarında isə bu avtomobil 24 min manata təklif edilir.
 
Azərbaycana gətirilən belə avtomobillər arasında hətta qəzada yük maşının altında əzilən, dayaqları sıradan çıxan avtomobillər var. Yarısı olmayan iki avtomobili Gürcüstanda elə calaq edirlər ki, bunu ancaq bu işin peşəkarları müəyyən edə bilir. Bəzi avtomobillərdə isə kiçik vuruqlar olur. Məsələn, avtomobilin buferi əzilibsə onu təmir edirlər. Alverçilər isə yerli bazarda ucuz satmaq üçün tamamilə əzilən avtomobilləri Azərbaycana gətirirlər.
 
- ABŞ-dan gətirilən avtomobillər arasında qəzaya düşməyən modellər varmı?
 
- Bəli, ABŞ-dan gətirilən qəza keçirməyən avtomobillər də var. Amma bu avtomobillərin başqa bir problemi var. Bu suda batmış maşınlardır. Suda batan avtomobillərin elektrik sistemi təbii ki, sıradan çıxır. Bu avtomobilləri də Gürcüstanda düzəldirlər. Amma avtomobilin ömrü qısa olur. Bütün naqillər və datçiklər suyun altında qaldığı üçün bir ay sürüldükdən sonra avtomobilin elektrik sistemi tam sıradan çıxır və təmir böyük xərc tələb edir. Yəni, avtomobil Gürcüstandan alınıbsa, hər hansı vuruğu yoxdursa, əmin olun ki o suda batıb.
 
- Azərbaycana gətirilən belə avtomobillər əsasən hansı modellərdir?
 
- Bazarın trendini alıcılar müəyyən edir. Azərbaycanda da belədir ki, bir neçə nəfər eyni maşını alırsa, hamı bu avtomobili almağa başlayır. Bununla belə bazarın trendi hər ay dəyişir. Hazırda isə Gürcüstandan Azərbaycana kütləvi daşınan KİA Optima və Hyundai Elantra modelləridir. Bundan əlavə, Almaniyadan gətirilib Gürcüstanda hissələri calaq edilən bəzi “Vito” modelləri satılır.
 
- Bəs Dubaydan Azərbaycana hansı avtomobillər gətirilir?
 
- Dubaydan əsasən ikinci əl “Mercedes Vito” modelləri gətirilir. 2013-cü il model qara rəng, “Vito” Dubayda neçəyə olsa yaxşıdı? 26-28 min dirhəm. Bu da 5-6 min dollar edir. Yol xərcini 1000 dollar və gömrük xərcini də 6000 dollar hesablasaq avtomobil Bakıya gətirilmə xərci 12 min dollar edir. Bakıda isə alverçilər onu 20 min dollara təklif edirlər. Halbuki, bu avtomobilin az yürüşlü versiyasını Almaniyadan gətirmək 26-27 min dollara başa gəlir. Satışa isə 28 min dollara çıxarılır. Hesab edirəm ki, avtomobil alıcılar bu məqama diqqət yetirməlidirlər. Məsələ ondan ibarətdir ki, bunlar səhrada 60 dərəcə temperaturda sürülən avtomobillərdir. Ona görə də Dubayda hətta bir-iki il sürülən avtomobilləri belə almırlar. 750 min kilomert sürülən “Mercedes Vito” Bakıya gətiriləndən sonra yürüş məsafəsi 150-170 min kilometrə qədər geri çəkilir. Bəzi “Vito”lar isə Dubay versiyası olsa da, avtomobildə ərəb yazıları olan şüşələr yenilənir, etiket qoparıldıqdan sonra Almaniya adı ilə satılır. Yəni, maya dəyəri 6 min dollar olan Dubaydan gətirilən “Vito” almaqdansa, maya dəyəri 26 min dollar olan təzə “Vito” almaq daha məqsədəuyğundur. Dubaydan gətirilən bu modellər vətəndaşların aldadılması ilə sadəcə alverçilərin böyük gəlir mənbəyinə çevrilib.
 
- Avtomobil almaq istəyən vətəndaş sadaladığınız neqativ hallarla qarşılaşmamaq üçün nə etməlidir?
 
- Avtomobil kompyuterdən keçirilən zaman bütün “oşıbka”lar üzə çıxır. Bundan əlavə, avtomobilin vuruğunun olub-olmadığını, rəng məsələsini, təhlükəsizlik yastıqlarını tanış ustaya mütləq yoxlatdırmaq lazımdır. Hətta bəzi hallarda xəsislik edib, avtomobilə hava yastıqlarını qoymurlar. Bu isə insan həyatı üçün böyük risk deməkdir. Sürücülərin böyük hissəsinin təhlükəsizlik kəmərini taxmadığını nəzərə alsaq, təsəvvür edin, kiçik qəza zamanı belə hava yastığı açılmaması ölümlə nəticələnə bilər. Ölüm hallarının artması isə eyni zamanda sığorta şirkətlərinin zərərlərini artırır.
 
Problem ondan ibarətdir ki, hava yastıqlarının olub-olmadığını müəyyən etmək bəzən çox çətin olur. Çünki avtomobilin elektronika sisteminə müdaxilə edilir. Elektrik avtomobilin beyninə aldadıcı yerləşdirir. Bu datçik isə təhlükəsizlik yastıqlarının olduğunu göstərir. Halbuki, avtomobildə hava yastığı yoxdur. Bunu müəyyən etmək üçünsə mütləq təhlükəsizlik yastıqları açılıb baxılmalıdır. Əslində bu təhlükəsizlik yastıqları elə də bahalı deyil. 200-300 dollar xərc aparır. Amma alverçilər bunu da qənaət etməyə çalışırlar.(Avtosfer.az)