Yeni doğulan uşağa xilaskar polislərin adı qoyuldu

04/12/2018 - 19:36 6 220 0   0  

Mingəçevirdə baş verən qəza nəticəsində yol polisi hamilə qadını və övladının həyatını xilas edib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Suveren.az-a verilən məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.

Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən Mingəçevir rayonu ərazisində yol qəzasına düşüblər. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdiriblər. Özləri də YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlərin də müdaxiləsi ilə ona köməklik göstərilib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər 2 polis əməkdaşının şərəfinə elə Samir adı qoyulacağını deyiblər.

Hazırda ana və övladının vəziyyəti yaxşıdır.