“ƏHALİNİN ZƏNGİNLƏŞMƏSİ ÜÇÜN 4 MƏNBƏDƏN İSTİFADƏ OLUNMALIDIR” – Professor Zahid Məmmədovla müsahibə

13/11/2019 - 12:13 15 334 0   0  

Suveren.az xəbər verir ki, tanınmış alim, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “AzPolitika.info”ya geniş müsahibə verib. Maraqlı açıqlamalarla, yeni yanaşmalar və fikirlərlə zəngin olan həmin müsahibəni təqdim edirik: 

- Professor, son bir ildə Prezident ölkədə insanların sosial müdafiəsinin gücləndirilməsi, rifahının, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra sərəncamlar imzalayıb, qərarlar qəbul edib. Ancaq bu qərarların bütün insanları əhatə etməsi, təbii ki, mümkün deyil. Dövlət, əsasən, sosial müdafiəyə ehtiyacı olan təbəqənin minimum yaşayış standartları ilə təmin olunmasının, daha yaxşı yaşamasının qayğısına qalır. Ancaq məlumdur ki, dövlətin həyata keçirdiyi sosial proqramları əhalinin gəlirlərinin yüksəlməsinə, vətəndaşlarımızın  zənginləşməsinə gətirib çıxara bilməz. Sizcə, əhalinin zənginləşməsi üçün hansı istiqamətdə işlər görülməlidir? Burada özəl sektorun, ictimai institutların, insanların özünün rolu nədən ibarətdir?

– Ümumiyyətlə, bütün dünya hər bir dövlətin qarşısında duran başlıca məqsəd əhalisinin rifah səviyyəsidir, zənginləşmədir. Azərbaycanda da  bu gün əhalinin zənginləşməsi, rifah səviyyəsinin yüksəldilməsi üçün çox ciddi şəkildə dövlət tərəfindən gərəkli addımlar atılır. Son dönəmdə atılan addımlar bunun əyani göstəricisidir. Ancaq, doğrudandan da,  zənginləşməni yalnız dövlətin həyata keçirdiyi proqramlara bağlamaq olmaz. Bəs hansı mənbələrdən zənginləşmə mümkündür? Birinci göstərici – keyfiyyətli insan gücüdür. Keyfiyyətli insan gücünün təminatçısı isə universitetlərdir.

Cənab Prezident kadr təminatı ilə əlaqədar çıxışlarında keyfiyyətli insan gücünun artırılmasının əhəmiyyətini dəfələrlə vurğulayıb. Prezidentin “biz neft kapitalını insan kapitalına çevirməliyik” fikri də bunu ifadə edir. İnsan kapitalının, keyfiyyətli insan gücünün təminatçısı isə universitetlərdir. Mən hesab edirəm, cənab Prezidentin kadr hazırlığına dair fikirlərində, gənc kadrların irəli çəkilməsi istiqamətində siyəsətində universitetlərə qarşı böyük çağırışlar var. Bu gün universitetlər dövlət aparatının, təşkilatların, şirkətlərin keyfiyyətli kadrlarla təminatında, insan kapitalının formalaşmasında çox yaxından iştirak etməlidir. Yəni, artıq universitetlər dünyadakı sosial-iqtisadi çağırışlara, əmək bazarının tələblərinə uyğun kadrların hazırlığını həyata keçirməlidir. Mən hesab edirəm ki, bu sahədə biz ciddi işlər görməliyik. Yəni, zənginləşmənin birinci yolu keyfiyyətli insan gücüdür ki, bunu formalaşdırmaq vəzifəsi universitetlərin qarşısında durur. İkincisi, bizim qarşımızada duran vəzifə sərmayə yığımıdır. Sərmayənin geniş xalq kütləsinə dağımı ən vacib şərtlərdən biridir və buna doğru biz gedirik. Yəni, banklarda, digər maliyyə institutlarında və ya kapital bazarlarında əhalinin yastıq altı olan vəsaitləri real kapitala çevirilməlidir. Həmin kapital işləməlidir bazarda. Bu gün istər Amerikada, istər Avropa ölkələrində alternativ seçənəklər var. İnsanlar vəsaitlərini ya banklarda, ya kapital bazarlarında dəyərləndirir. Ümumiyyətlə, bu gün xalq kapitalizmi deyə bir anlayış var. Zavod, fabriklərdə işləyən insanlar pensiyaya çıxanda təqaüdlə bərabər, eyni zamanda çalışdığı şirkətin dividendini alır. Onlar işlədikləri şirkətin səhmlərinə sahibdir. Biz eyni zamanda sərmayənin, kapitalın geniş xalq kütləsinə dağılmasını təmin etməliyik. Zavodlarda, fabriklərdə, şirkətlərdə çalışanların kapital sahibi olması zənginləşmənin vacib şərtlərindən biridir.

Üçüncü məsələ, texnoloji irəliləyişə nail olmaqdır. Bunun üçün isə aparılan elmi tədqiqatların praktikliyini təmin etmək,  elmlə real sektorun vəhdətini yaratmaqdır.  Əvvəlki dönəmlərdə, çayın bir tərəfində alimlər idi, digər tərəfində real sektor. Alimlər deyir ki, bizim apardığımız tədqiqatlardan real sektorun xəbəri yoxdur. Real sektor isə deyir ki, biz alimlərdən bugünki müasir dövrün  tələblərinə uyğun elmi tədqiqatlar istəyirik. Bax bu iki tərəfin vəhdəti olmadan cəmiyyətin zənginləşməsini təmin etmək mümkün deyil. Bunlar arasında körpü rolunu məhz universitetlər oynamalıdırlar. Strateji Yol Xəritəsində də Azərbaycanda ən əsas, vacib şərtlərdən biri kimi tədqiqat universitetlərinə keçid göstərilir. Bu tədqiqat universitetləri məhz real sektorun çağırışlarına, real sektorun tələblərinə uyğun elmi-tədqiqat işləri hazırlamaqla iqtisadi inkişafı da əhəmiyyətli rol oynayır. Bu sahədə də bəzi ciddi işləri aparmalıyıq.

Və, nəhayət, dördüncü məsələ güclü idarəetmə sisteminin yaradılmasıdır. İstər şirkətlərdə, istər təşkilatlarda, istərsə də ictimai institutlarda. Hər yerdə güclü   idarəetmə sistemi olmalıdır. Bu 4 istiqamət üzrə səmərəli fəaliyyətin qurulması, bu mənbələrdən doğru istifadə olunması əhalinin rifahının yüksəldilməsinin, zənginləşməsinin ən vacib şərtlərindən biridir. Yəni, əhalinin zənginləşməsi üçün bu 4 mənbədən istifadə olunmalıdır.

-  Burada özəl sektorun rolu nədən ibarətdir?

– Təbii ki, burada şirkətlərin, təşkilatların üzərinə də böyük vəzifələr düşür. Bilirsiniz, bu gün artıq xarici ticarəti belə dövlətlər deyil, şirkətlər həyata keçirir. Şirkətlər öz mallarıyla, öz brendləriylə dünyaya çıxış edir, dövlət isə onlara dəstək verir. Azərbaycanda bu gün dövlət şirkətlərin xarici bazara çıxışı üçün çox ciddi dəstək verir. “Made in Azerbaijan” markasının dünyada tanıtımı üçün dövlət çox geniş işlər görür. Bunun müqabilində şirkətlərin də fəaliyyəti, xarici bazarlara çıxış istəkləri  olmalıdır. Belarusda mən olarkən orada Azərbaycanın Ticarət Evi ilə tanış oldum. Vasif Sultanoviç həmin Ticarət Evinin təsisçisidir. Qürurverici mənzərə idi. Orada görəndə ki, Belarusdan, Litvadan, hətta Polşadan Azərbaycan Ticarət evinə gələnləri gördükdə fəxr edisən. Gəlib oradan Azərbaycan şirkətlərinin keyfiyyətli mallarını alırlar. Biz artıq bunu genişləndirməliyik. Hələlik bu cür tanıtımlar dövlət səviyyəsində görülür. Ancaq bu gün şirkətlər qarşısında belə çağırışlar var. Şirkətlər artıq dünyaya açılmalıdırlar. Azərbaycana aid müxtəlif markalar, brendlərlə ölkəmizi dünyada tanıtmalıdırlar. Bu zaman əsas məsələlərdən biri milli adlardan istifadə olunmasıdır.  Ancaq, təəsüff ki, bəzi hallarda biz Azərbaycanda istehsal olunan məhsul bazara xarici mənşəli adlarla çıxarırıq. Bu da bir çox hallarda alıcılarda hansı ölkəyə aid olmasına dair çaşqınlıq yaradır. Belə hallar doğru deyil. Hesab edirəm, bu gün necə ki, çinlilərin bütün markalarını çin dilində və ya onun qarşılığını müəyyən edərək bazara çıxarırlar, biz də bu təcrübədən istifadə etməliyik. Şirkətlər Azərbaycan tanıtımını reallaşdırmaq üçün öz mallarına Azərbaycanın tarixi məkanlarının, Azərbaycanı simvolizə edən yerlərin adlarını qoymalıdırlar. Necə ki, “Badamlı”, “Sirab” kimi Naxçıvandakı yer adlarından istifadə olunur. Bunlar ölkəyə turistlərin cəlbi üçün də çox vacib şərtlərdən biridir. Bununla biz çox geniş şəkildə Azərbaycanı təbliğ edə, ölkəmizin tarixi yerlərini dünyaya tanıda bilərik.

- Professor, çox vacib məsələyə toxundunuz. Bu gün, çox təəssüf ki, Azərbaycanda özəl sektorun, şirkətlərin yalnız ölkəmizin tanıdılmasında  deyil, elmi tədqiqatların aparılmasında, kadr hazırlığında iştirakı da çox zəifdir. Şirkətlərin, təminatların universitetlərə hər hansı bir sahədə tədqiqat üçün sifariş verməsinə çox nadir hallarda rast gəlinir. Kadrların yetişdirilməsində iştirakları isə ümumiyyətlə yox səviyyəsindədir. Bu problemin həlli üçün, sizcə, hansı addımlar atımalıdır?

– Bu problemin də bir sıra səbəbləri var. Bilirsiz ki, bəzi nazirliklərin,  təşkilatların, hətta şirkətlərin özlərinin elmi-tədqiqat institutları, elmi-tədqiqat mərkəzləri var. Biz hesab edirik ki, artıq konkret fəaliyyət olmalıdır. Hər bir şirkətin əsas fəaliyyəti məhsul istehsalıdır. Elmi tədqiqatlar isə universitetlər tərəfindən həyata keçirilərsə daha səmərəli olar. Düşünürəm ki, şirkətlər ehtiyacları olan elmi tədqiqatlarla bağlı tender elan etməlidirlər. Bu tenderlərdə Azərbaycan universiteləri, elmi mərkəzlər ilə yanaşı  Amerikadan,  Türkiyədən, hər ölkədən universitetlər iştirak edə bilməlidirlər. Kim daha çox gözəl təkliflər verəcəksə, elmi-tədqiqat işini daha dolğun həyata keçirmək imkanını təklif edəcəksə, o da qalib olsun. Burada biz çox seçənəkli elmi tədqiqatları üzə çıxara bilərik. Məsələn, bu gün qeyri-hökümət təşkilatları da var, elmi tədqiqat işlərini aparırlar. Olsun ancaq müsabiqə, tender  olmalıdır ki, hansı təşkilatın, universitetin elmi tədqiqat işlərinin daha keyfiyyətli yerinə yetirə biləcəyi ortaya çıxsın. Bu cür yanaşma başqa sahələr üçün də əhəmiyyətlidir. Məsələn, bu gün mən hesab edirəm ki, dərslliklər ayrı-ayrı müəlliflər tərəfindən yazılmalı deyil, tenderlə olmalıdır. Təhsil Nazirliyi, ali məktəblər, universitetlər tender elan etməlidir. Bura Türkiyədən də, Amerikadan da müəlliflər müraciət edə bilərlər. Kim müəyyən vəsait müqabilində, daha yaxşı dərslik yazmaq imkanındadır, o da qalib olsun. İkinci bir tərəfdən elmi tədqiqatların informasiya təminatçısı jurnallardır. Mən xatırlayıram, 1996-cı ildə Türkiyənin “Kapital” dərgisində Orta Asiyada bank fəaliyyəti haqqında məqaləm çıxdı. Mən təxminən bir saatdan sonra banklardan, təşkilatlardan yazımda qaldırılan məsələlərlə, təklif və tövsiyələrlə əlaqədar telefon zəngləri aldım. Mənə həmin ölkələrdə fəaliyyət göstərmək, tədqiqat aparmağım üçün şirkətlər, banklar tərəfindən müraciət edilirdi. Biz o dönəmdə bununla əlaqədar ciddi bir tədqiqat işi apardıq və bununla əlaqədar qrantlar əldə etdik. Yəni deməyim odur ki, alimlərimizin fikirləri şirkət yetkililəri tərəfindən oxunub, görülməlidir. Bəzi hallarda görürük ki, şirkət bəlli sahədə ixtisaslaşmış məhsul satışını həyata keçirir, ancaq bu sahəylə məşğul olan alimlər, elmi tədqiqatçılar haqqında məlumatı yoxdur. Mən bayaq qeyd elədim, zənginləşmənin ən önəmli göstəricisi texnoloji irəliləmə, biliklərin kommersiyalaşmasıdır. Siz şirkət olaraq, daim üzərinizdə işləməsəniz, qabaqcıl texnologiyanı qarşılaya bilməzsiniz. Siz daim elmi tədqiqatları təqib etmək zorundasınız. Bu gün həkimləri götürün. Həkimlər durmadan Türkiyədə, Amerikada keçirilən konfranslara qatılır, bilgi alış-verişində bulunur. O məcburdur ora getməyə. Çünki orada bilikləri burda gəlib kim birinci uyğulayarsa,  o daha çox pasiyentə xidmət göstərə, daha yüksək gəlir əldə edə bilir. Ciddi bir rəqabət var. Bu baxımdan elmi tədqiqatların informasiya təminatında jurnalların  xüsusi rolu olmalıdır. Ancaq gəlin görək bu elmi yönümlü jurnallara şirkətlər abunə olurmu? Onları oxuyub, onlara münasibət bildirirmi? Bu gün əgər baxsaq Avropa ölkələrinə, orada elmi jurnallar ən çox sahibkarların oxuduqları elmi informasiya mənbələridir. Sahibkarlar səhər tezdən telekanallardakı  yeməklərinin bişirilməsinə dair verilişlərlə və ya ucuz əyləncə proqramları ilə deyil, ən ciddi maliyyə iqtisadi informasiyalarla maraqlanırlar. Onun masasında dünyada və yaşadığı ölkələrdə baş verən iqtisadi hadisələrlə əlaqədar analitik yazılar olur. Bu çox vacibdir. Ancaq bizdə hələlik sahibkarların əksəriyyətində bu mədəniyyət yoxdur.

1za

- Ölkədə sahibkarlığın inkişafına, sahibkarlıq fəaliyyətinin təşkilinə böyük diqqət verilir. Ancaq hələ də özəl sektordan inkişafı, bu sektordan büdcəyə daxilolmalar yüksək səviyyədə deyil. Belə bir vaxtda ölkədə aparılan struktur islahatlarının, o cümlədən Vergilər Nazirliyinin İqtisadiyat Nazirliyinə birləşdirilməsini sahibkarlığın inkişafına necə təsir edə bilər?

-Ümumiyyətlə, sahibkarlığın 3 şərti var. Sahibkar dividend ödəməlidir, əmək haqqı ödəməlidir və vergi ödəməlidir. Vergisini ödəməyən özünə sahibkar deyə bilməz. Əmək haqqı işçilərinə ödəməyən özünə sahibkar deyə bilməz.  Dividend ödəməyən özünə sahibkar deyə bilməz. Bu gün artıq biz bu artma siyasətinə getdik, şəffaflığa gedirik. Odur ki, sahibkarların dividend ödənişinə diqqəti artırmamız gərəkir. Sahibkarlar fəxr etməlidir ki, onların səhmləri bazarda yüksək qiymətə alınıb-satılır. İkinci, bazarda effektivliyi təmin etmişdir. Yəni mən hesab edirəm ki, maarifləndirməklə əlaqədar hərtərəfli sistemli bir işlərin aparılması vacib şərtlərdən biridir.

Ümumiyyətlə, cəmiyyətdə nəzəri biliklər o zaman qəbul edilir ki, onun ideologiya və texnologiyası mövcuddur. Elmi nəzəri ideyaya əsaslanır. İdeologiya haraya doğru hərəkət etmək üçün yol xəritəsini verir. Texnologiya isə bunun həyata keçirilməsi mexanizmini hazırlayır. Vergi Məcəlləsində edilən son dəyişikliklər həm fəlsəfi-nəzəri, həm metodoloji, psixoloji prinsipləri nəzərə alınmışdır. Bilirsiz ki, Vergi Məcəlləsi qəbul edilməzdən öncə Vergilər Nazirliyi sahibkarlarla çox geniş, silsilə tədbirlər keçirdi. Çox ciddi ictimai müzakirələr getdi. Özü də,  ayrı-ayrı sektorlar üzrə, problemlər nədir, problemlərin dinlənməsi ilə əlaqədar paralel olaraq maaşların “ağardılması”, şəffaflığın təminatı ilə əlaqədar çox ciddi işlər getdi. Və bu baxımdan Azərbaycanın qarşısında duran ən əsas şərtlərdən biri iqtisadi inkişafı təmin etmək, iqtisadi inkişafı gücləndirmək və eyni zamanda sahibkarların vaxtı-vaxtında vergisini ödəməkdir. Bazar iqtisadiyyatının əsas şərti – istehsalat və ticarət fəaliyyətinin gücləndirilməsidir. İstehsalat və ticarətin güclənməsi o zaman baş verir ki, dövlətin fiskal siyasəti iqtisadi inkişafa güclü təkan verir. Bu gündə Azərbaycanda müasir dövrün çağırışları və tələblərinə uyğun olaraq həyata keçirilən vergi iqtisadi inkişafa şərait yaradır. Hesab edirik ki, bu vergilər və iqtisadiyyat nazirliyinin bir idaretmədə birləşdirilməsi sahibkarlığın inkişafına müsbət yönümdə ciddi təsir edəcək. Bu sahibkarların problemləri daha dəqiq təyin ediləcək. Vergi siyasəti ona adekvat olaraq həyata keçiriləcək. Vergi atrıq sahibkarların dostu, onların yol göstərəni olacaq. Dövlətin güclü olması sahibkarlığın güclü olması deməkdir. Sahibkarlığın güclü olması – dövlətin güclü olması deməkdir. Bunların bərabər vəhdət şəklində, sistemli şəkildə fəaliyyət göstərməsi gərəkir.

- Ölkədə sahibkarlığın inkişafına mane olan bəzi hallar da var. Bunlardan ən ciddisi “kölgə iqtisadiyyatı”nın həcminin hələ də yüksək olaraq qalmasıdır. Bu haqda nə deyə bilərsiniz?

– Ölkədə rəqabətədavamlı iqtisadiyyatın yaradılması üçün “kölgə iqtisadiyyatı”na qarşı çox ciddi mübarizə aparılması vacibdir. Vergilər Nazirliyi də xeyli müddətdir ki,  “kölgə iqtisadiyyatı”nda çalışan insanları “ağartmaq”,  “kölgə iqtisadiyyatı”nın həcminin aşağı salınması, qeyri-rəsmi məşğulluğun səviyyəsinin endirilməsi, iqtisadi fəallığın artırılması istiqamətində əhəmiyyətli işlər görüb. Bu da təbiidir. Bilirsiz, Amerikada, İngiltərədə sosial sığortası olmayanı çalışdırmaq ən ağır cəzadır. Birinci, sahibkarlar and içirlər etik cəhətdən. Biznes etikası var. Bu çox vacib şeydir. Əsl sahibkar qaçaq  insanı çalışdırmaz, vergidən yayınmaz. Çünki bu, nəticədə rəqabətliyə, qiymətlərin səviyyəsinə təsir edə bilər. Burada düzgün ədalətli rəqabət sistemi gərəkir. Mən hesab edirəm, birinci, burada ictimai birliklərin üzərinə vəzifə düşür. Bu şəkildə Sahibkarlar Konfederasiyasının fəaliyyətini mən təqdir edirəm. Vergilər Nazirliyi ilə bərabər çox ciddi işlər görüblər. Ancaq təbii ki, problemlər hələ də var. Mən bu yaxınlarda Polşada idim. Orada tədbirdə çıxış edən prokuror dedi ki, bizim problem odur ki, biz korrupsiyaya qarşı mübarizəni dövlət təşkilatlarında aparırıq, özəl sektorda  aparmırıq. O dedi ki, əsas problem biznesin daxilindədir, özəl sektorda böyük korrupsiya elementləri var- malların qiymətlərinin yüksəldilməsi,  vergidən yayınma və sair. Şəffaflaşma şəraitində hər bir şirkətin fəaliyyətini görmək olacaqdır. Məsələn, şirkətlərin investisiya layihələrini, ödədikləri vergiləri… Sahibkarların fəaliyyətinə mətbuatda verilən informasiyalar da təsir edir. Bəzən görürsən ki, mətbuatda doğru olmayan  xəbərlər yer alır. Məsələn, deyirlər ki, aksizlər artırılacaqdır. Bu kimi yanlış xəbərlər investisiya cəlb etməyə çalışan hansısa şirkətin fəaliyyətində problem yarada bilər. Ona görə də, dünyada mətbuat çox ciddi əsaslandırılmış yazılar verirlər. Bu gün Azərbaycanda mətbuat qarşısında da ciddi çağırışlar dayanır. Bütün verilən iqtisadi xəbərlərin elmi cəhətdən əsaslandırılması olmalıdır. Elmi əsası olmayan xəbərlərin nəticədə şirkətlərin fəaliyyətində, investisiya siyasətində, maliyyə, divident siyasətində problemlərə yol aça bilir. Hər kəsin ekspert deyə fikirləri verilməli deyil. Xarici ölkələrdə ekspert münasibət niyə yüksək səviyyədədir? Çünki, ekspert, doğrudan da, danışdığı sahədə o qədər professionaldır ki, onun fikri ictimaiyyətə maraqlıdır. Xarici ölkələrdə qəzetlərin sayğınlığı o ekspertlə ölçülür. O ekspertlər ki, onların dedikləri proqnozlar keçərli olur. Onların yazılarına, fikirlərinə inanırlar. Bizim problem həm də bu ekspertlərin, ekspert institutunun keyfiyyətindədir. Biz bəzi hallarda görürük ki, bir ekspert istənilən mövzuda danışa bilir. Elə bir mövzu yoxdur ki, o mövzuya münasibət bildirməsin. Amma dediyim kimi, özünə hörmət edən ekspert hər mövzuda danışmaz, hər qəzetdə görsənməz. Əks halda  ciddiyyətini itirər. Ona görə ekspert institutunun sayğılığını artırmaq lazımdır. Mətbuatın iqtisadi qərarların alınmasında çox böyük gücü var. Şirkətlərin fəaliyyətinə medianın təsiri çox böyükdür. Yadımdadır, bir şirkət öz rəqibini sıradan çıxarmaq üçün qəzetlərin birinə demişdi ki, onun istehsal etdiyi süd keyfiyyətsizdir. Düşünün, bu həmin şirkətə nə qədər ziyan vurmuşdu…. Qeyri-rəsmi, əxlaqi olmayan belə bəyanatlar verilməzdən öncə yoxlanılmalı, çox ciddi təhlil olunmalıdır. Yəni, sahibkarlığın inkişafına təsir göstərən amillər çoxdur. Bu baxımdan mən hesab edirəm ki, bütün vətəndaş cəmiyyəti birlikdə sahibkarlığın inkişafına çalışmalıdır.

- Son dövrlər Prezidentin təşəbbüsü və tövsiyəsi ilə gənc kadrların irəli çəkilməsi istiqamətində ciddi addımlar atılır. Ancaq cəmiyyətimizdə gənc kadrlara münasibəti birmənalı deyil. Sizcə, hansı gənclərə daha çox üstünlük verilməlidir?

-Fikrimcə, Azərbaycanı sevən, milli maraqları qoruyan, milli mənəvi dəyərlərə sahib gənclərə önəm verilməlidir. Bu ən diqqət ediləcək şərtlərdən biri, birinci olmalıdır. Universitetlər də  Azərbaycanda dünya standartına uyğun  milli kadrların hazırlığına daha çox dəstək olmalıdır. 90-cı illərdə xaricdə oxumaq, ingilis dilini bilmək fərqlilik yaradırdı. Ancaq bu gün artıq ingilis dilini, kompüteri bilmək keçərli deyil. Əsas, ixtisasını dərindən bilmək, vətənpərvərlik, milli-mənəvi dəyərlərə, idarəetmə qabiliyyətinə malik olmaqdır. Bunlara birinci şərt olaraq  baxılması gərəkir. Ona görə ki, indi şərtlər çox dəyişib. Bəziləri hələ də düşünür ki, mənim Amerikada, xarici ölkədə diplomum varsa, daha keçərlidir. Amma nəzərə almaq lazımdır ki, Amerikada 4 mindən yuxarı universitetlərin olmasına baxmayaraq, onlardan 200-300-ü ciddi universitet olaraq qəbul edilir. Hər yerdə bu belədir. Hələ həmin ölkələrdə məzun olmaq o deyil ki, onlar daha keyfiyyətli kadrlardır. Hesab edirəm ki, Azərbaycanda yetəri qədər güclü universitetlər var, milli kadrlarımız mövcuddur. Odur ki, kadrların seçimində bəzi şirkətlər çox səhv edir, xaricdə oxuyanlara daha çox önəm verirlər. Xaricdə oxumaq nə deməkdir? Burada əsas bilik və qabiliyyət olmalıdır. Bir faktı deyim sizə. İngiltərədə imtahan sırasında Oksforda 4 nəfər Afrikadan gələn daxil olur. Onda maliyyə naziri deyir ki, biz büdcədən vəsait ödəyirik, öz gənclərimizin təhsili üçün, qəbul olunanlar da Afrikadan gələnlərdir. Onda universitetin professorları deyirlər ki, biz burada kimsənin milliyətinə baxmırıq. Bilik və qabiliyyətlərinə görə dəyərləndiririk. Meritokratiya prinsipi.  Biz də baxmamalıyıq ki, kim haradan məzundur. Əsas odur ki, bilikləri bugünki çağırışlara cavab verirmi? Fikirləri milli-mənəvi dəyərlərə uyğundurmu? Ona görə bu milli kadrların hazırlanması, universitetlər qarşısında ən birinci çağırışdır. Əmək bazarının çağırışlarına uyğun kadrların təminatını həyata keçirmək vacib şərtlərdən biridir. Bazarın çağırışlarına uyğun kadrların təminatı və bir-birini təkrarlayan, məzmunu eyni, forması fərqli olan ixtisaslardan uzaqlaşmaq lazımdır. Dünya standartları var. Bu standartlara uyğun, bugünki Azərbaycan iqtisadiyyatının reallığına uyğun kadrların hazırlanması ən vacib şərtlərdən biridir. Belə gənc kadrlarla ölkəmizi daha sürətlə inkişaf etdirə bilərik.

- Professor, bu yaxınlarda Kabardin-Balkariyada beynəlxalq elmi konfransda iştirak etmisiniz. Təəsüratlarınız necədir?

– Çox yüksək. Mən sevindim ki, Şimali Qafqazda yaşayan gənclər bizdə təhsil almaq istəyirlər. Bu gün Azərbaycan regionda qlobal sahədə ən əsas aktyorlardan biridir. Bu aktyorlardan biri olmasıyla  yanaşı, qlobal infrastruktur layihələrinin təminatında kadr ehtiyacların qarşılanmasını həyata keçirə bilər. Mən Şimali Qafqazda olduqda, Kabardin-Balkariyada çox sevindim. İnsanların Azərbaycanda oxumaq, stajını artırmaq, əməkdaşlıq etmək istəməsi məni çox sevindirdi. Kabardin-Balkariya Dövlət Aqrar Universitetinin texnoparklarında, onların gördükləri innovativ işlərlə tanış oldum. Və dediyim kimi Azərbaycana böyük maraq var. Azərbaycanda oxumaq istəyirlər. Biz Avropada London, Budapeşt, Çexiyada Praqa olduğu kimi niyə Azərbaycan regionunun ali təhsil mərkəzinə çevrilməyək? Biz, hədəf qoysaq bunu edərik. Ümid edirəm ki, edəcəyik də…

İsmayıl İsmayılbəyli