“Sərkisyan aşağı Qarabağı 3 milyard dollara qaytarmağa hazır idi...” - Xüsusi xidmət generalı Tiqran Barseqyan

20/12/2019 - 17:35 10 886 0   0  

Ermənistanın populyar @Bagramyan26 teleqram-kanalı Milli Təhlükəsizlik Xidmətinin terrorçuluqla mübarizə, ictimai asayişin, Konstitusiyanın müdafiəsi üzrə Baş idarəsinin rəisi olmuş general-mayor Tiqran Barseqyanın müsahibəsindən seçmələri yayıb.

Virtualaz.org xəbər verir ki, general həmin müsahibəni “Joqovurd” qəzetinə verib. Bildirib ki, o həmin vəzifədə işləyəndə işğal edilmiş Azərbaycan ərazilərinin qaytarılmasına dair planlardan xəbər tutub.

“Mən sizə rəsmən bəyan edirəm, dinləmə nəticəsində bizə məlum olmuşdu ki, Serj Sərkisyan əraziləri qaytarmağa hazırlaşır”,-general Barseqyan deyib.

O, dəqiqləşdirib ki, Ermənistanın eks-prezidenti, hansı ki, Qarabağ münaqişəsinin baiskarlarından biridir, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının qaytarılmasına hazır idi.

Generalın sözlərinə görə, ərazilərin işğaldan azad edilməsi haqda danışıqlar ABŞ prezidenti Barak Obama və vitse-prezident Cozef Baydenlə aparılırdı.

 

“O vaxt ABŞ-da Sərkisyanla Obama arasında danışıqlar oldu. Həmin danışıqların stenoqramı Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Qorik Akopyanda idi (hazırda sağ deyil). O, şəxsən mənə bu haqda danışıb. Mənə elə gəlir ki, Qorik Akopyan həmin stenoqramı Sərkisyanın razılığı ilə məhv etmişdi”,-Barseqyan deyib.

Barseqyan əlavə edib ki, həmin danışıqlara dair bütün sənədlər MTX-in arxivindədir, arayışlar şəklindədir. Və surəti onda var. “Əldə etdiyimiz informasiyaya görə, Serj Sərkisyan ABŞ-ın göstərişi və razılığı ilə həmin rayonları 3 milyard dollar investisiyanın əvəzində Azərbaycana qaytarmalı idi. Beynəlxalq təşkilatların və ABŞ strukturlarının bütün rəhbərləri ərazilərin qaytarılması planını bilirdi”,-o bildirib.

Lakin Barseqyan planının niyə reallaşmadığını dəqiqləşdirməyib.

Qeyd edək ki, Barseqyanın indi sensasiya kimi təqdim etdiyi məsələ-ətraf rayonların qaytarılması həmişə danışıqlarda müzakirə olunub. Münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçilərin hazırladıqları bütün sənədlərdə, həll variantlarda azı 5 rayonun qaytarılması əksini tapıb. Və son vaxtlara qədər Ermənistan rəhbərliyi də bunu inkar etmirdi. Lakin indi Ermənistanda “bir qarış da torpaq qaytarmamaq” prinsipinə üstünlük verirlər və ərazilərin qaytarılmasına dair istənilən danışıqları, eyhamı və bəyanatı “xəyanət” kimi qələmə verirlər.