Azərbaycanda vəkilin polis idarəsində döyülməsinə sərt reaksiyalar...

03/06/2019 - 00:26 22 167 0   0  

Vəkil Orxan Kəngərli Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsində döyülüb və saxlanılıb. Bu barədə şənbə günü bir neçə vəkil bildirib.

"4-cü polis bölməsi tərəfindən vəkil həmkarıma qarşı edilmiş qanunsuzluğu şiddətlə qınayıram. Tələb edirəm ki, vəkili müdafiə vəzifəsini yerinə yetirdiyinə görə həbs edən, ona qarşı zorakılıq edənlər barəsində dərhal cinayət işi başlanılsın və barələrində həbs qətimkan tədbiri seçilsin. Hörmətli sədr Anar Bağırovun (Vəkillər Kollegiyası) gərəkən addımları atacağına əminəm", - vəkil Elçin Sadıqov Facebook səhifəsind yazıb.

"Azadlıq" radiosu başqa bir vəkilə istinadən bildirib ki, söhbət vəkil O.Kəngərliyə qarşı zorakılıqdan gedir.

"Orxan Kəngərli hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün polis bölməsinə gedib. Vəkil vəsiqəsini və orderi təqdim edib. Onu təhqir edərək bölmədən çıxmasını tələb ediblər. Etirazını bildirəndə isə 4-5 nəfər tökülüşərək onu döyüb, saxlanılan şəxslərin olduğu yerə - müdafiə etdiyi adamın yanına salıblar. Axşama qədər saxlayıblar", - mənbə bildirib.

Vəkil O.Kəngərli isə şərh verməkdən imtina edib. Ancaq onu deyib ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırovun baş verənlərdən xəbəri var və lazımi tədbirləri görəcək.

O.Kəngərli bir ildir ki, vəkillik fəaliyyəti ilə məşğuldur.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün Facebook səhifəsində insidentə reaksiya verib: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm.

Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək".

DİN mətbuat xidmətinin nümayəndəsinin açıqladığı versiyaya görə isə O.Kəngərli order təqdim etmədən öz tanışından oğurluq etməkdə şübhəli bilinən şəxsin müdafiəsi məqsədilə təhqiqat prosesinə müdaxilə etməyə cəhd göstərib. Vəkil ona qanunsuz hərəkətlərin yolverilməz olduğunu bildirən polis əməkdaşlarını təhqir edib. Vəkilin hərəkəti İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) protokollaşdırılıb. İş baxılmaq üçün məhkəməyə göndərilib.

O.Kəngərli rayon prokurorluğuna müraciət edib. DİN isə öz növbəsində daxili təhqiqata başlayıb, mənbə əlavə edib.

" DİN vəkili döyüb qəfəsə salan polisi müdafiə edir. Görək, "vəkilliyin nüfuzunu qaldırdığını" iddia edən Kollegiya rəhbərliyi nə edəcək", - araşdırmaçı jurnalist Xədicə İsmayılova Facebook səhifəsində yazıb.

Onun məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsinin rəisi Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin doğma qardaşıdır./Turan