OQTAY ƏSƏDOV İNADLA SUSUR, SÖZÇÜSÜ “DANIŞDI” – Üzrü qəbahətindən betər oldu…

14/03/2019 - 22:45 7 501 0   0  

Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi – 29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı media orqanları xəbərlər tirajlayır.

Həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialar var.

Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda “Kapriz” adlı sauna-striptiz klub yerləşır.

Klubun spikerin həyat yoldaşı Zemfira Əsədovanın adına rəsmiləşdirildiyi iddia edilir. Bu barədə təqdim olunan sənədlər sosial şəbəkələrdə, KİV-lərdə yayılıb.

Sənədlərdə klubun təsisçisi kimi göstərilən “Arizarum Qrup” MMC-nin təsisçisi də elə Zemfira Əsədovadır. Lakin artıq qeyd etdiyimiz kimi, belə rüsvayçı, Azərbaycan dövlətini və xalqını aşağılayan xəbər və iddialarla bağlı Azərbaycan Milli Məclisinin sədri 1 həftədən artıqdır ki, inadla susur, bu biabırçı məlumatları nə təkzib, nə də hansısa formada aydınlaşdırmağa cəhd edir. Eynilə, Milli Məclisin mətbuat xidməti də susqunluq nümayiş etdirir.

akif_tevekkuloglu“AzPolitika.info”nun məlumatına görə, nəhayət, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məsələyə münasibət bildirib – əgər buna münasibət demək olarsa. O, “Yeni Müsavat” qəzetinə qısaca deyib ki, ittihamlar kökündən yanlışdır və “sosial şəbəkələrdə hər yayılan yalana” reaksiya verməyə ehtiyac görmür.

Fikrimizcə, hörmətli A.Təvəkküloğlu belə qaçaraq, ürkək və şübhələri daha da dərinləşdirən təkzib cəhdindənsə, heç danışmasa daha yaxşı idi. Hər halda Azərbaycan parlamentinin sədrinin Rusiya kimi bizə, yumşaq desək, yaxşı münasibət bəsləməyən bir ölkənin paytaxtında 10 milyonluq obyektdə striptiz klub işlətməsi xəbərini “sosial şəbəkədə hər yayılan yalan” adlandırmaq, bu xalqı ələ salmaqdan başqa bir şey deyil. Belə yerdə deyirlər ki, üzrü qəbahətindən betər oldu!

Rasim ƏLİYEV

AzPolitika.info