Mİ-6 casusu azərbaycanlı qızla necə tanış olub və evlənib? – İNANILMAZ DETALLAR

13/11/2019 - 11:49 17 606 0   0  

Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb.Suveren.az kitabın Konkret.az saytında dərc olunan maraqlı hissələrini oxucularına təqdim edir.

***

1977-ci ildə həyatım xeyli dərəcədə mürəkkəbləşdi. Bunun təqsirkarı Leyla Əliyeva idi. Bu qız Ümumdünya Səhiyyə Təşkilatının Kopenhagen bölməsində yığıcı-operator işləyirdi. Rus ana və azərbaycanlı atanın qızı olan Leyla hündürboy, qədd-qamətli idi. Onun parlaq, bariz şərqli, daha dəqiqi, sırf türk çöhrəsi vardı, çox gözəl idi, əgər bir az böyük burnu nəzərə alınmasa, bütün cəhətləri sarıdan qüsursuzdu. O zaman onun iyirmi səkkiz yaşı vardı, məndən on bir yaş kiçik idi. Uzun sözün kəsəsi, mən ona ilk baxışdan vurulmuşdum.

Yumşaq desək, situasiya naqolay alınmışdı. Leyla mənim heç vaxt ayaq basmadığım, digər qızlarla birlikdə kirayələdiyi mənzildə yaşayırdı, üstəlik, hələ qonşuları da vardı. Mən təbii ki, onu öz evimə də dəvət edə bilməzdim. Bizim sevgimiz şimşək kimi çaxaraq, həyatımızı işıqlandırsa da, ezamiyyətimin sonuna qədər biz yalnız iki dəfə hotel otağında baş-başa qala bildik. Fəqət, bu, bizə gələcəyə dair planlar qurmağa mane olmurdu. Ən başlıcası, biz qərara almışdıq ki, mən Yelena ilə boşanmağımı başa çatdıran kimi, dərhal evlənək.

Bizim hər ikimiz müxtəlif səbəblərdən ciddi bir ailə qurmağa can atırdıq. Mənə övlad bəxş etməyən birinci nikahım axır vaxtlarda qəlbimdə dərin məyusluq yaratmışdı, yaşım qırxa yaxınlaşırdı və hansısa heyvani instinkt mənə uşaqlarımın anası ola biləcək qadın tapmağın zəruriliyini diktə edirdi.  Leyla da hiss edirdi ki, onun vaxtı gedir və azərbaycanlılar mənəviyyatlı, uşaqsevər adamlar olduqları üçün ondan ötrü uşaqsız qalmaq perspektivi adi bir rus qadının uşaqsız qalmasından daha dəhşətli şey idi.

Mən ondan öyrənmişdim ki, o, ciddi müsəlman ailəsində böyüdüyü üçün ona əks cinsdən olan yaşıdları ilə görüşəməyə imkan verməyiblər – ta o vaxta qədər ki, atasının öz qızını ayıq-sayıq nəzarət altında saxlaması imkansız olub. Leylanı ətraf aləmdən az qala iyirmi yaşına qədər hər cür təcrid ediblər. Digər on altı -on səkkiz yaşlı qızlar bir axşam qonaqlığından digərinə tələsdikləri və oğlan dostlarını bir-birinin ardınca dəyişdikləri vaxt, o, praktiki olaraq dostlarsız və rəfiqələrsiz, izolyasiya şəraitində yaşayıb. Atası ona hətta məktəbdə voleybol oynamağı belə yasaqlayıb, çünki şort geyərək çılpaq ayaqlarla gəzməyi qadın üçün yolverilməz hesab edib.

Moskvalı qızların əksəriyyətindən fərqli olaraq, o, orta məktəbi qurtarandan dərhal sonra işləməyə başlamışdı. Başqa valideynlər qızlarının mütləq ali məktəbə daxil olması üçün dəridən-qabıqdan çıxanda, on səkkiz yaşı yenicə tamam olmuş Leyla konstruktor bürosunda makina operatoru işinə düzəlib. Sonra o, ən yaxşı dövri nəşrlərdən biri olan gənclər qəzeti (hələ də maraqlı və diri) “Moskovski komsomolets”ə keçib. Leyla əvvəlcə bu qəzetdə katibə işləyib, ancaq sonra, bir çox qohumları kimi müəyyən mənada ədəbi istedada malik olduğundan reportyor olub. İki illik reportyorluq karyerasından ona həmişəlik olaraq çoxlu xoş xatirələr qalmışdı. Sonra kimsə ona Ümumdünya Səhiyyə Təşkilatı üçün əməkdaşlar toplamaqda olan Səhiyyə Nazirliyinə müraciət etməyi məsləhət görüb. Leyla hər şeyi yerli-yataqlı öyrənərək, elə də edib. Ona yığıcı-operator yeri təklif ediblər və onun xidməti karyerası beləcə başlayıb. Leyla bu işə ona görə razılaşıb ki, ölkə xaricində yaşamağı və işləməyi şiddətlə arzu edirmiş. Üstəlik, məlum olub ki, xarici təşkilatlarda işləyən bütün sovet vətəndaşları kimi, o da maaşının böyük hissəsini sovet səfirliyinə verməli olsa da, özünə qalan məvacibi də xeylidir.

Onun mənə kifayət qədər xəsisliklə söylədiyi sözlərə görə, Moskvada onun ailə bağı üçün tamamilə yararsız olan biriylə sevgi münasibəti olub. O adam hər hansı bir ciddi həyat prinsipləri olmayan, islahedilməz içki aludəçisi, əyyaş biri olub və onu faktiki olaraq öz köləsinə çevirib. Həmin şəxs təkcə onunla fiziki yaxınlıqdan yararlanmayıb, eləcə də qızı amansız şəkildə istismar edib, həm də bunu çox yolverilməz şəkildə həyata keçirib. Müəyyən bir müddətdən sonra Leyla anlayıb ki, artıq belə davranışa dözməsi mümkün deyil. Beləcə, onlar ayrılıblar.

Mühakimə yürüdə bildiyim qədər, onun başqa sevgilisi olmayıb və məndə belə bir təəssürat yaranmışdı ki, onun intim münasibətlərdəki təcrübəsi olduqca məhduddur. Mən bunu onun müsəlman tərbiyəsi görməsi ilə izah edirdim və o, razılaşırdı ki, onu uşaqlıqdan əhatə edən mühit onun hərtərəfli inkişafına imkan verməyib. Amma yenə də Leylada bir çox möhtəşəm fitri keyfiyyət vardı: ünsiyyətcil və ağıllıydı, öz xüsusi xarici görünüşüylə füsunkar idi, anadangəlmə hazırcavablığı və ətrafdakıların xoşuna gəlməyi şiddətlə istəməsi ilə fərqlənirdi. Onunla nə vaxtsa birgə yaşayacağımız barədə fikrin özü ağlımı başımdan alırdı.

Əvvəlcə Yelenanın bizim görüşümüz barədə xəbəri yox idi. Sonra o, başa düşdü ki, mənimlə bağlı xoş olmayan nələrsə baş verir və o, mənim üçün bir neçə dəhşətli səhnə təşkil etdi. Hər şeydən betəri o idi ki, bizim mənzildəki səs-küy danimarkalıların diqqətini cəlb etmişdi və onlar bizim qovğamız barədə ingilislərə xəbər ötürməyə tələsmişdilər. Xeyli dərəcədə həyəcanlanmış Endryu məndən dəqiqləşdirməyə çalışırdı ki, bəlkə həyat yoldaşımla mənim qalmaqalım onlarla əməkdaşlığıma görədir. Bəlkə mənim əsəb gərginliyim son həddə çatıb? Mən ona həqiqətin bir yarısını dedim – yalnız onu ki, ailə həyatımın tikiş yerləri sökülür. Sonra əlavə etdim:

– Özünüzü günahlandırmayın. Belə şeylər əsrdə bir dəfə olur və burada sizin təqsiriniz yoxdur.

P.S. Qeyd edək ki, Leyla Əliyeva-Qordiyevskaya Mİ-6-nın casusu olan əri Oleq Qordiyevski ilə 8 il birlikdə yaşayıb. Onların bu nikahdan iki qızı dünyaya gəlib. Leylanın atası Əlihüseyn Əliyev də Oleq Qordiyevskinin atası Anton kimi DTK polkovniki olub. Oleq Qordiyevski Finlandiyadan keçərək İngiltərəyə qaçandan sonra ailə uzun müddət dağılmış vəziyyətdə yaşayıb. SSRİ dağılandan sonra Leylaya və qızlarına İngiltərəyə getmək hüququ verilib. Onlar Londonda bir araya gəliblər və qısa müddət birlikdə yaşadıqdan sonra ayrılıblar. Leyla qızlarını ərinin əlindən alıb. Bundan başqa, o, qanunlara uyğun olaraq, Oleq Qordiyevskinin varidatının yarısına da sahib olub. Oleq Qordiyevski üçüncü dəfə evlənib. Leyla Əliyeva da qızları Maşa və Anya ilə birlikdə Londonda yaşayır.

 https://konkret.az/mi-6-casusu-azerbaycanli-qizla-nece-tanis-olub-ve-evlenib-onun-parlaq-gozel-turk-cohresi-vardi